media-img_3201

Uca Allah bəndənin qəlbinə duanı və ya tövbə istəyini saldıqda, bu, onun qəbul ediləcəyinin xəbərçidir. Çünki, Uca Allah, bəndənin çalışmasını və məhz bunun səbəbi ilə də, onu mükafatlandırmağı murad edir. Uca Allah bəndəsinə nemət bəxş etməyi dilədiyi üçün, dua və zikri onun üçün asanlaşdırır və ona mərhəmət və lütf edərək mükafatlandırır. Bu xüsusda məşhur İslam mütəfəkkiri İbn Əbu’l-İz əl-Hənəfi belə demişdir:

“Bəndənin Allaha dua etməyə yönəldən yalnız – Onun pak və müqəddəs olan Rəbbidir. Bu xeyir Allah tərəfindəndir, habelə, tamamilə Allahdandır. Ömər b. Xəttab belə demişdir:

“Mən duanın qəbul olub-olmayacağından narahat deyiləm. Mən yalnız dua etməyə müvəffəq olub-olmayacağımdan narahatam. Əgər dua etməyə müvəffəq olaramsa, onun nəticəsini görməyə də müvəffəq olaram.”

Bu barədə Uca Allah belə buyurmuşdur:

“Allah göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra isə o işlər sizin saymaqda olduğunuz min il qədər olan bir gündə Ona doğru yüksələr.”(Səcdə, 5)

Uca Allah bu ayə ilə bildirir ki, bütün işləri Özü idarə edir, sonra isə o işlər Ona doğru yüksəlir.

Bəndənin dua etmə istəyini onun qəlbinə salan və bu istəyini ona verərək xeyri əldə etməsi üçün bir səbəb edən də məhz Allahdır. Bir işi görmək və savab qazanmaq məsələsində olduğu kimi.. Yəni, bəndəni tövbə etməyə müvəffəq edən, sonra da onun tövbəsini qəbul edən Odur. Həmçinin, bəndəsini bir işi görməyə müvəffəq edən, sonra da buna görə ona mükafat verən də Odur. Eyni şəkildə, bəndəsini dua etməyə müvəffəq edən, sonra da o duasını qəbul edən də Odur.

Yaradılmışların heç biri bu işlərə təsir göstərə bilməz. Çünki Allah gördüyü bir işin həyata keçməsi üçün bir səbəb müəyyən edir.

Tabiin nəslindən olan məşhur alim Mutarrif b. Abdullah demişdir:

‘Görəcəyim bütün işlərə nəzər saldım, gördüm ki, bunların başlanması da, tamamlanması da Allahın istəyinə bağlıdır və baxdım ki, bunlara müvəffəq olmağın çarəsi ancaq dua etməkdir.’

Salehlərdən biri belə dedi: “Həqiqətən də mən bütün ehtiyaclarımı Allahdan dua edərək istəyirəm. Yəni, mən nə isə hər hansısa bir şeyi istədikdə, əllərimi açıb Allahdan həmin hacətimi, istəyimi yalvarıb, dilə gətirib – dua edib istəyirəm. Əgər Allah mənim dua edərək Ondan istədiyimi mənə versə, mən bir dəfə sevinirəm. Yəni həddən artıq sevinirəm, lakin, bu sevincim yalnız istədiyim bir şeyin mənə verilməsi üçündür. Bu da bir dəfə olur. Əgər uca Rəbbim dua edərək istədiyimi mənə verməsə, o zaman on dəfə sevinirəm. Çünki birinci sevincim öz ixtiyarımladır. Belə ki, mən istədim və Uca Allah da verdi, mən də sevindim və bu sevinc öz ixtiyarımla oldu. Yəni özüm istəyərək sevinirəm.. İkinci sevincim isə Allahın ixtiyarı ilədir, yəni Allahın mənim istədiyimi vermədiyinə görə olan sevincimdir. Belə ki, Uca Allah istədiyimi mənə verməyə məsləhət etmədiyi üçün daha çox sevinirəm, yəni on dəfə sevinirəm. Yəni mən Allahın, istədiyim şeyi mənə vermədiyi üçün o qədər çox sevinirəm ki, bunu on dəfə sevinmək hesab edirəm.”

Yazının bəzi hissələrində Şərhul-Aqidətut-Tahəviyyə kitabından (1/468-469) istifadə olunmuşdur.

 

Ayxan Yaquboğlu

 

 

Bənzər Məqalələr