Duha (əvvabinlərin: yəni, tövbə edənlərin) namazı, dinimizdə buyurulmuş və çox tövsiyə edilmiş müstəhəb bir namazdır.

 

Əbu Hureyrə deyir ki, «Xəlilim/dostum ﷺ mənə üç şeyi tövsiyə etmişdir: Hər ayın üç gününü oruc tutmaq, iki rükət duha namazını qılmaq və yatmadan öncə vitr namazını qılmaq»[Muslim].

 

Bu namazın fəziləti/savabı.

Əbu Zərr Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir: «Hər bir oynağınıza gündəlik sədəqə düşür. Hər bir “Təsbih” (sübhənəllah), “Təhmid” (əlhəmdulilləh), “Təhlil” (Lə iləhə illəllah), “Təkbir“ (Allahu əkbər) demək sədəqədir. Yaxşı işlərə çağırmaq, pis işlərdən çəkindirmək – sədəqədir. Amma duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir»[Muslim].

 

Duha namazının rükətlərinin ən az sayı ikidir. Çoxu isə səkkizdir.

Ummu Hani deyir ki, «Peyğəmbər ﷺ Məkkənin fəthi günündə evində çimdi və səkkiz rükət namaz (duha) qıldı»[Buxari].

Rəsulullah duha namazını bəzən iki, bəzən, dörd, bəzən də səkkiz rükət qıldığı hədislərdə bildirilmişdir. Belə ki, Aişə anamız bildirir ki, Allahın elçisi ﷺ duha namazını iki-iki olmaqla dörd rükət qılardı. Bəzən isə bu sayı istədiyi qədər artırırdı.” (Muslim)

 

Dörd rükətin xüsusi fəziləti.

Əbu Dərda və Əbu Zərr rəvayət edirlər ki, Allah Elçisi ﷺ Uca Allahın belə buyurduğunu xəbər verdi: “Ey Adəm övladı! Günün əvvəlində Mənim üçün dörd rükət namaz qıl ki, günün sonuna­dək səni qoruyum.” (Tirmizi, 475, 477)

 

Bu namazı qılmaq üçün ən yaxşı vaxt.

Zeyd b. Ərqam deyir ki, Peyğəmbər ﷺ Quba (Mədinədəyi məşhur Qubə məscidi) camaatının yanına gələndə onlar duha namazını qılırdılar. Bu zaman Allahın elçisi dedi: «Əvvabinlərin (tövbə edənlərin) namazı, duha zamanı dəvə balasının isinişən vaxtıdır»[Muslim].

*Sübh namazının vaxtı çıxdıqdan yarım saat sonra (yəni, günəş çıxıb yüksəldikdən) – zöhr namazına təxminən 20-30 dəqiqə qalmışa qədər olan vaxt ərzində istənilən zaman qılına bilər.

 

Duha (bəzən “quşluq” namazı da deyilir -red.) günahların bağışlanması, duaların qəbul, savabların artması, Allaha şükür, ruzi qapılarının açılması və daha bir çox möhtəşəm fəzilətlərlə dolu bir əməldir. Duha namazını daima qılanlar, bu möhtəşəm xeyir və bərəkətləri öz həyatlarında rahatlıqla müşahidə edirlər. Bunları çox yaxşı bilən və insanlara anlatan Aişə anamız, bir dəfə yanına gələnlərə duha namazı haqqında belə demişdir, valideynlərim dirilib gəlsələr də duha namazını əsla tərk etmərəm”. (Muvatta, Salətud-Duha, 325)

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr

media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı
media-img_2491

(Ərəb:) اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، { سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ } اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى […]
Daha ətraflı