featured-image-3599

Əl-Əsvəd əl-Ənəsi (Əbhələ ibn Kəəb):

O, Peyğəmbərin (s.a.v) vaxtında peyğəmbərlik iddia etmiş və yeddi yüz döyüşçü ilə Sən`a şəhərinə hücum edərək oranı almışdı. Bütün Yəmən onun nəzarəti altına keçmişdi. Onun fitnəsi genişlənir, iş getdikcə çətinləşirdi. Bu ərəfədə Yəmən əhalisinin bir hissəsi İslamdan imtina etmişdi. Peyğəmbər (s.a.v) vəfat etdikdə bu vəziyyət olduğu kimi qalırdı.
Əbu Bəkrin (r.a) xilafəti vaxtında Firuz əd-Deyləmi adlı bir nəfər onu qətlə yetirdi. Bu hadisənin tarixçəsi belədir: Əsvəd əl-Ənəsi sərxoş vəziyyətdə yatırdı. Belə olduğu halda, Feyruz əd-Deyləmi yaxınlaşıb var gücü ilə qılıncla ona zərbə endirdi. Əl-Ənəsi təsəvvür edilməyən tərzdə öküz kimi bağırdı. Bunu eşidən gözətçilər tələsik onun otağına yaxınlaşaraq: “Bu nədir?! Bu nədir?!” — deyə səsləndilər. Bu zaman onun əməlisalehlərdən olan həyat yoldaşı: (Onun arvadı islamda qalmışdı, mürtəd olmamışdı.)”peyğəmbərə” vəhy gəlir — dedikdə, gözətçilər geri qayıtdılar.
Əsvəd əl-Ənəsiyə tabe olmayan müsəlman və kafirlər onun olduğu qalanı mühasirəyə aldılar və müsəlmanlardan bir nəfər: “Mən şəhadət verirəm ki, Muhəmməd Allahın peyğəmbəri, Əbhələ isə yalançıdır” — deyərək haray çəkdi və onun kəsilmiş başını Əsvədin tərəfdarlarına tərəf atdı. Bunu görən tərəfdarları pərən-pərən düşdülər. Müsəlmanlar da onların arxasına düşüb hər tərəfdə onları öldürdülər.( əl-Bidayə vən Nihayə: 6/315.)

Tuleyhə əl-Əsədi:

Tuleyhə əl-Əsədi hələ Peyğəmbərin (s.a.v) sağlığında İslamdan imtina etmişdi. Peyğəmbər (s.a.v) vəfat etdikdən sonra Uyeynə ibn Hisn də İslamdan imtina etdi və onu dəstəklədi. Uyeynə bu mövqedən çıxış edərək öz tayfasına dedi: “Allaha and olsun, Bənu Əsəd qəbiləsindən olan bir peyğəmbər (yəni Tuleyhə), Bənu Haşim qəbiləsindən olan peyğəmbərdən (yəni Muhəmməddən) mənə daha sevimlidir. Artıq Məhəmməd ölmüşdür. İndi isə Tuleyhə əl-Əsədiyə itaət edin! Qəbiləsi Bənu Fuzarə onun bu dediklərinə tabe oldu.
Xalid ibn əl-Valid onların müqavimətini qırdı. Bu zaman Tuleyhə əl-Əsədi öz arvadı ilə Şam vilayətinə qaçdı və daha sonra İslamı qəbul edib Əbu Bəkrin (r.a) vaxtında Məkkəyə ümrə etməyə gəldi. O, bütün həyatı boyu Əbu Bəkrlə (r.a) üzləşməyə utanırdı. Ümrədən qayıtdıqdan sonra Xalid ibn əl-Validin sərkərdəliyi altında Yərmuk və digər döyüşlərdə iştirak etdi. Əbu Bəkr (r.a) Xalidə (r.a) məktub yazaraq bildirdi ki, döyüş haqda Tuleyhə ilə məsləhətləşsin, lakin onu rəhbərliyə təyin etməsin.
(Bu göstəriş dərin zəkaya və incə düşüncəyə əsaslanırdı. Belə ki, Əbu Bəkr (rşa) Tuleyhənin döyüş sənətinə dərindən bələd olduğunu və onun ordu idarəçiliyində böyük təcrübəyə yiyələndiyini çox yaxşı bilirdi. Lakin əvvəllər onun İslam dinindən üz döndərməsi indi müsəlman qoşununun başına keçməsini mümkünsüz edirdi. Ona görə də Əbu Bəkr  ondan yalnız məşvərət üçün istifadə edilməsini məqsədəuyğun hesab etdi. )

Əsəd və Ğətəfanlı elçilər:

Əsəd və Ğətəfan qəbiləsindən elçilər Əbu Bəkrin (r.a) yanına gəlib sülh istədikdə Əbu Bəkr (r.a) onları iki seçim qarşısında qoydu: “Ya ölkələrindən sürgün olmalı, ya da alçaldıcı vergi verməlidirlər!”
Onlar dedilər: “Ey Peyğəmbərin xəlifəsi! Sürgün olmağı anladıq, bəs alçaldıcı vergi nədir?”
O dedi: “Allah, Öz Peyğəmbərinin xəlifəsinə və möminlərə sizin bağışlanmanız üçün bir üzür ilham edənə qədər, sizdən silah-sursat vergisi alınacaq və bir dəstə adama dəvələri otarmaq tapşırılacaq, bizə vurduğunuz ziyanı ödəyəcəksiniz, biz isə vurduğumuz ziyanı ödəməyəcəyik. Bizim ölülərmizin cənnətlik, sizin ölülərinizin isə cəhənnəmlik olduqlarına şahidlik edəcəksiniz. ( “Əl-Bidayə vən Nihayə” 6/323.)

Ömər (r.a) gələn elçilərə dedi: “Siz deyirsiniz ki, biz də sizin ölülərinizin qanbahasını ödəyək! Bizim ölülərimizin qanbahası haqdakı fikrinizə gəlincə, bilin ki, bizim ölülərimiz (müsəlmanlar) Allah yolunda ölüblər, onlara görə heç bir qanbahası düşmür”.

Səcah və Bənu Təmim qəbiləsi:

Mürtədlik fitnəsi zamanı Bənu Təmim qəbiləsində fikir ayrılıqları yaranmışdı. Bəziləri mürtəd olmuş (İslamdan imtina etmiş), bəziləri zəkatdan imtina etmiş, bəziləri isə İslamda qalmışdılar. Digər bir qrup isə tərəddüd içində idilər. Vəziyyət belə olduğu halda, əslən ərəb xaçpərəstlərdən olan Səcəh bintul Haris ət-Təğlubiyyə adlı qadın onların yanına gəlir və peyğəmbərlik iddia edir. O, öz tayfasından və onların ətrafında toplaşmış digər qəbilələrdən təşkil olunmuş bir ordunu da özü ilə gətirmişdi. Mədinəyə hücum etmək istəyirdi. Bənu Təmim qəbiləsinə yetişdikdə onları da öz yoluna çağırdı. Qəbilənin çox hissəsi bu dəvəti qəbul etdi və aralarında müharibənin olmayacağına dair ittifaq etdilər. Bundan sonra Malik ibn Nuveyra onu Mədinəyə hücum etməkdən yayındırdı və əvvəlcə Bənul Yərbu qəbiləsi ilə, sonra digər insanlarla döyüşdü, sonda isə Mədinəyə hücum etməyi ona tövsiyə etdi. Həmçinin, Səcah öz qoşunu ilə Yəmamə qəbiləsinə hücum edərək oranı Museyləmə əl-Kəzzabın əlindən almaq istəyirdi. Onun gəlişindən xəbər tutan Museyləmə çox qorxdu. Çünki onun başı Yəmamə döyüşündən əvvəl müsəlmanlarla baş verən toqquşmalara qarışmışdı. Belə halda Museyləmə Səcaha elçilər göndərərək onunla sülh bağlamağı təklif etdi. Səcah bunun əvəzində ondan malik olduğu ərazilərin tam yarısını tələb etməklə razılaşdı. Sonra Museyləmə elçilər göndərib onunla evlənmək istədiyini bu sözlərlə bildirdi: “İstəyirsənmi səninlə evlənərək ikimizin tayfasıyla bütün ərəblərə qalib gəlim!” Səcah: “Bəli” — deyərək ona öz cavabını göndərdi. Xalid ibn əl-Validin gəlişini eşidəndə Səcah öz torpaqlarına qayıtdı və Bənu Təğlib qəbiləsində məskən saldı. Digər rəvayətə görə isə yenidən İslamı qəbul etdi (“Əl-Bidayə vən Nihayə” 6/324.)

Bənu Hənifə qəbiləsi və “Yəməmə” döyüşü:

Əbu Bəkr (r.a) Xalid ibn əl-Validi (r.a) Bənu Hənifə qəbiləsinə qarşı döyüşmək üçün Yəmaməyə göndərdi. Bundan əvvəl də İkrimə ibn Əbu Cəhli və Şurahbil ibn Həsənəni oraya göndərmişdi. Bənu Hənifə qoşununun sayı qırx min idi. Xalid oraya çatanda qoşunun önündə Şurahbil ibn Həsənəni, sağ tərəfində Zeyd ibn əl-Xəttabı, sol tərəfində isə Əbu Huzeyfəni başçı təyin etdi.
Müsəlmanlar irəli gedib Yəməmə yaxınlığında bir təpəyə çatdıqda Xalid qoşun düşərgəsini orada salmağı qərarlaşdırdı. Mühacirlərin bayrağı Səlim Mövla əbu-Huzeyfədə, Ənsarların bayrağı isə Sabit ibn Qeysdə idi. Döyüş həddindən artıq qızışmışdı, hətta Sabit ibn Qeys ətirlənib kəfənlənərək yeri qazıb ayaqlarını dizə qədər basdırmışdı. O, bu vəziyyətdə ölənə qədər döyüşdü.
Bəzi mühacirlər Salim Mövla əbu Huzeyfəyə dedilər: “Qorxursan ki, hücuma sən tərəfdən məruz qalaq?! Salim dedi: “Belə olarsa, onda mən Quranın ən pis bilicilərindən olaram!”
Xalid ibn əl-Valid (r.a) döyüş meydanını yararaq irəli atıldı. Sonra yenidən geri qayıdaraq iki qoşunun arasında dayandı və qarşı tərəfi təkbətək döyüşə çağırdı. Onunla qarşı-qarşıya çıxan hər kəsi öldürürdü. Döyüş tam qızışdıqda Xalid mühacirləri, ənsarlari və ə`rabiləri bir-birindən ayırdı və hər dəstəyə ayrı bayraq verdi ki, insanlar haradan hücuma məruz qaldıqlarını bilsinlər. Bu döyüşdə müsəlmanlar misli görünməyən səbir nümayiş etdirdilər. Onlar bu minvalla düşmənin sıralarına yeriyirdilər.
Nəhayət, Allah onlara qalibiyyət verdi və düşmən arxasına baxmadan qaçmağa başladı. Onlar Hədiqatul Movt (Ölüm Bağçası) adlanan yerə toplandılar və oranın qapılarını müsəlmanların üzünə bağladılar. Səhabələr onları mühasirəyə aldılar. Bəra ibn Malik (r.a) dedi: “Ey Müsəlmanlar, məni həmin bağçaya onların yanına atın! Sonra müsəlmanlar onu nizələrin ucunda qaldıraraq divarın üstündən içəri atdılar. O, bağçanın qapılarını açana qədər onlarla döyüşdü və nəhayət qapını açdı. Müsəlmanlar bağçaya qapıdan və divarların üstündən aşaraq daxil olmağa başladılar. Müsəlmanlar, Yəməmə camaatından olan mürtədləri bir-bir öldürürdülər. Museyləməyə çatdıqda Vəhşi ibn Hərb önə çıxıb nizəsi ilə onu vurub öldürdü.
(Vəhşi ibn Hərb İslamı qəbul etmədən əvvəl həmin nizə ilə Allahın və rəsulunun şiri adlanan, Peyğəmbərin  əmisi Həmzə ibn Əbdül Müttalibi öldürmüşdü. İndi isə onunla Allahın ən pis düşməni yalançı Museyləməni öldürdü.)
Onlardan təxminən, on minə yaxın adam həlak oldu. Müsəlmanlardan isə altı yüzə yaxın adam ölmüşdü.
Qalanları isə bir qalaya sığındılar. Xalid onlarla sülh bağlayıb İslama dəvət etdi. Nəhayət onlar İslamı qəbul etdilər. Müsəlmanlar qalaya daxil ola bilməyən mürtədləri əsir götürmüşdülər. Onların arasında sonradan Əlinin (r.a) köləliyə götürüb evləndiyi qadını da var idi. O qadından Əlinin (r.a) Muhəmməd ibn əl-Hənəfiyyə adlı övladı olmuşdu.

Bəhreyndən mürtəd olanlar:
Bəhreynlilər İslamdan imtina edərək özlərinə Munzir ibn ən-Nomanı rəhbər seçdilər. Onlardan biri belə deyirdi: “Əgər Muhəmməd həqiqi peyğəmbər olsaydı ölməzdi!” Cəvasə adlı bir kənddən başqa Bəhreyndə bir nəfər də olsun müsəlman qalmamışdı. Cəvasə yenidən İslama qayıdanlar içərisində ilk cümə namazını qılan kənd olmuşdur.
Mürtədlər bu kəndi mühasirəyə alaraq sıxışdırdılar. Belə zaman kəndin əhalisi şiddətli aclıq içindəydi. Onlardan biri belə məzmunlu bir şeir dedi:

“Elçiylə Əbu Bəkrə, o cümlədən bütün Mədinə gənclərinə xəbər çatdırıram. Siz, alicənab bir tayfasınız. Sizin “Cəvasə”də mühasirəyə alınmış, hər tərəfdə qanları axıdılan, qızmar günəş şüaları altında əzab çəkən qardaşlarınız var. Təvəkkül edənlərimizdə səbrin gözəl aqibətini gördüyümüz üçün biz də ər-Rəhman Allaha təvəkkül etmişik.“

Onların arasında əl-Carud ibn əl-Muallə onlara xatiblik edərək dedi: “Ey Əbdül Qeys oğulları, mən sizdən bir iş haqda soruşacam. Əgər cavabını bilirsinizsə, deyin! Bilmirsinizsə susun!”
Camaat dedi: “Soruş!”
Dedi: “Muhəmməddən öncə Allahın başqa peyğəmbərləri olduğunu bilirsinizmi?”
Dedilər: “Bəli.”
Dedi: “Siz bunu bilirsiniz, yoxsa görürsünüz?”
Dedilər: “Bilirik.”
Dedi: “Bəs o peyğəmbərlərə nə oldu?”
Dedilər: “Öldülər.”
Dedi: “Həmçinin Muhəmməd (s.a.v) də onlar kimi ölmüşdür. Mən şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və Muhəmməd (s.a.v) Allahın elçisidir.”
Dedilər: “Biz də şəhadət veririk ki, Allahdan başqa haqq məbud yoxdur və Muhəmməd  Allahın elçisidir. Sən də bizim ən üstünümüz və ağamızsan. Bundan sonra onlar dinlərində daha da möhkəm dayandılar.”
Əbu Bəkr (r.a) Əla ibn əl-Hədramini Bəhreynə göndərdi. Sumamə ibn Əsal da öz dəstəsi ilə ona qoşuldu. Onlar mürtədlərin qoşununa yaxınlaşdıqda hər iki tərəf düşərgə saldı. Gecə vaxtı müsəlmanlar dincəlirdilər. Birdən qoşun başçısı Əla ibn əl-Hədrami  mürtədlər tərəfdən yüksək səslər eşitdi və dedi: “Kim onlardan bir xəbər gətirə bilər?” Bir nəfər qalxıb onların arasına getdi və onların ağıllarını itirən dərəcədə sərxoş olduqlarını gördü. Qayıdıb Əla ibn əl-Hədramiyə bu xəbəri çatdırdı. Əla dərhal qoşunu ayağa qaldırıb hücuma keçdi. Müsəlman qoşunu tərəfindən qılıncdan keçirilən düşmənin yalnız az qismi qaçıb öz canını qurtara bildi.

—————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı

Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.

Bənzər Məqalələr