Əbu Hənifənin həyatının şəhanə anları…
Bir gün imam Məlik (rahiməhullah) yoldaşları ilə bir məclisdə oturmuşdur. Bu zaman Əbu Hənifə (rahiməhullah) daxil oldu. O çıxıb getdikdən sonra imam Məlik yoldaşlarına dedi:
– Tanıdınızmı?
Yoldaşları: “Xeyr, tanımadıq!”- dedilər.
İmam Məlik buyurdu:
– Bu Əbu Hənifə idi. Əgər o, bu dirəyin qızıldan olduğunu desəydi, söylədiyinə dəlil gətirər və dirək də qızıldan çıxardı…
Abdullah ibn Mübarək Sufyən əs-Səuriyə deyir:
– Ey Əbu Abdullah! Əbu Hənifə qeybətdən çox uzaq bir kəsdir. Mən onu heç düşmənini də pisliklə xatırladığını görmədim.
Sufyən əs-Səuri belə cavab verir:
– Əbu Hənifə savablarını çox gözəl qoruyur. Onları (qeybət etməklə) əldən verməz.
Yezid ibn Hərun buyurur:
– Əbu Hənifədən daha ağıllı, daha fəzilətli və daha təqvalı heç bir kəsi görmədim.
İmam Əbu Yusuf buyurur:
– Əbu Hənifə, Allahın haram etdiyi şeylərdən çox çəkinər, çox susar və çox düşünərdi.
Bəli, o Əbu Hənifə künyəli, ən-Numən İbn Sabit əl-Mərzubandır…
O, fiqhin dərinliyinə varıb, ortaya şah əsərlər çıxaranların ilki idi.
Əbu Hənifə haqqında bunlar rəvayət edilmişdir:
– O bəzən gecə namazına qalxar, iki rükətdə bütün Quranı oxuyar, bəzən isə səhərə qədər sadəcə bu ayəni təkrar edər və hönkürtü ilə ağlayardı:
– Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır. (Qamər surəsi, 46)
Vəfat etdiyi günə kimi yeddi min dəfə Quranı xətm etmişdir.
Bir gün Zəlzələ surəsini oxuyarkən qorxudan titrəməyə başlayır və deyir:
– Ey zərrə qədər xeyirə xeyirlə cavab verən! Ey zərrə qədər pisliyə pisliklə cavab verən!
Qulun ən-Numəni oddan qoru və ona yaxınlaşdıranlardan uzaq tut! Ona rəhm et, ey rəhm edənlərin ən Rəhmlisi.
Bir dəfə Əbu Hənifə Allahın (subhənəhu və təalə) varlığını inkar edənlərlə qarşılaşır və onlara deyir:
– Fərz edin ki, içi yüklə dolu bir gəmi dənizdə üzür. Bu zaman şiddətli fırtına olur və gəmi amansız dalğalar ilə baş-başa qalır. Lakin buna baxmayaraq, o öz yoluna heçnə olmamış kimi davam edir. Amma gəmini idarə edən heç bir kimsə yoxdur. Bu cür düşüncə doğrudurmu?
Onlar dedilər:
– Əlbəttə xeyr.
Əbu Hənifə buyurur:
– SubhənAllah. Gəmiçi olmadan gəminin öz başına üzə bilməsini qəbul etmirsiniz, amma bu boyda kainatın öz başına olduğunu və idarə edənin olmadığını iddia edirsiniz?!
Rəvayət edilir ki, kufəlilərdən biri Osman ibnul Affana (radiyAllahu anhu) böhtan ataraq onun İslam dinini qəbul etdikdən sonra yəhudi olduğunu iddia edir. Bunu eşidən Əbu Hənifə onun evinə gedir və deyir:
– Qızını yoldaşlarımdan birinə istəmək üçün gəlmişəm.
O da:
– Xoş gəlib, səfa gətirdin. Sənin istəyini geri qaytarmaram, ey Əbu Hənifə! Amma onun haqqında bir qədər məlumat ver.
Əbu Hənifə buyurur:
– Qövmü arasında şərəfi və zənginliyi ilə məşhurlaşmışdır. Əliaçıq və əməlisaleh birisidir. Bütün gecəni namazda keçirən və Allah qorxusundan çox ağlayan birisidir.
Kişi:
– Afərin, bu qədər yetər, ey Əbu Hənifə. Söylədiklərin onun mömin olduğunu və qızıma layiq biri olduğunu göstərir.
Əbu Hənifə buyurur:
– Ancaq onda mütləq sənə deməli olduğum bir şey var.
Kişi:
– Nədir o?
Əbu Hənifə:
– O yəhudidir.
Kişi məyus halda deyir:
– Yəhudi? Ey Əbu Hənifə, sən qızımı bir yəhudiyə ərə verməyimi istəyirsən? Vallahi, heç bir zaman bunu etmərəm.
Əbu Hənifə buyurur:
– Sən qızını yəhudi ilə evlənməyi qəbul etmirsən, amma Rasulullahın (sallAllahu aleyhi və səlləm) iki qızını yəhudi ilə evləndirdiyini iddia edirsən?!
Adam bu sözdən dəhşətə gəlib, titrəmə başlayır və deyir:
– Söylədiyim pis sözə görə Allaha tövbə edirəm.
Bir gün xavariclərdən biri olan əz-Zahhəq əş-Şari Əbu Hənifənin yanına gəlib deyir:
– Ey Əbu Hənifə, tövbə et!
Əbu Hənifə deyir:
– Nədən tövbə edim?
Xavaric deyir:
– Əli ilə Müaviyə arasında baş verənlərə təhkimin (hakim təyin etmənin) caiz olduğuna dair sözündən dolayı.
Əbu Hənifə deyir:
– Bu haqda mübahisə edəkmi?
Xavaric:
– Edək!- deyə cavab verir.
Əbu Hənifə deyir:
– Mübahisə etdiyimizdə arada anlaşılmazlıq olsa, aramızda kim hakim olacaq?
Xavaric deyir:
– İstədiyin kəsi təyin et!
Əbu Hənifə xavaricin yanında olan yoldaşlarından birinə deyir:
– Razılaşa bilmədiyimiz mövzuda aramızda hökm et.
Daha sonra xavaricə deyir:
– Mən yoldaşını qəbul etdim, sən də qəbul edirsənmi?
Xavaric “Bəli!”- deyincə Əbu Hənifə buyurur:
– Vay olsun sənə! Aramızda olan mübahisədə təhkimi (hakim təyin etmə) caiz görürsən, lakin iki böyük səhabəyə onu caiz görmürsən?!
Xavaric çaşıb qalır və cavab verə bilmir.
Əbu Hənifə vəfat etdikdə Həsən ibn Ammar göz yaşları içində buyurur:
– Ey Əbu Hənifə! Allah sənə rəhm etsin. Etdiklərinin əvəzi olaraq səni bağışlasın. Çünki sən otuz il güzdüzlər yemək yemədin (oruc tutdun). Qırx il gecələri başını yastığa qoymadın. Və səndən sonrakı fəqihləri yordun… (yəni, Səndən sonrakı fəqihlər sənə bənzəməyə çalışıb, yorulacaqlar!)
İstifadə etdiyim mənbələr:
• əl-Bidəyə van-Nihəyə, 10/107
• Vafəyətul-A’yən, 5/415-423
• ən-Nəcumuz-Zahir, 11/12
• Şəzəratuz-Zəhəb, 1/227-229
• Miratul-Cinən, 1/309
• Tarixul-Bəğdad, 11/323-324
• Tarixul-Buxari, 8/81
• əl-Cərhu vat-Tadi’i, 6/449-450
• Mizənum-Tidal 4/265
__________________
Tərcümə: əz-Zubeyr