ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) əl-Azim
əl-Azim — «O, ən Uca və ən Böyükdür (əzəmətli AZİM)». (əl-Bəqərə 255). Abdullah İbn Abbas rəvayət edir ki, Peyğəmbər sıxıntı anında belə dua edərdi: «Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur. O, Azim və Həlim olandır. Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur. O, böyük ərşin sahibidir. Allahdan başqa İlah yoxdur. O, göylərin və yerin Rəbbidir və O, dəyərli ərşin sahibidir» .(Buxari 6345, Müslim 2730. )
Xattabi deyir ki: «Azim — böyüklük və ucalıq sahibi olandır». Allahın varlığı hər böyüklükdən daha böyükdür. Onun varlığı əzəli və əbədidir. Başqalarının varlığı isə belə deyildir. O, hər böyükdən daha böyükdür. Bu üzdən də heç bir ağıl Onun böyüklüyünü qavraya bilməz. Heç bir göz Onun izzətini əhatə edə bilməz. Onun əzəmətinin başlanğıcı və ucalığının isə sonu yoxdur. Böyüklük və ululuq yalnız Allaha aiddir. Hər iki vəsfin həqiqəti başa düşülməz və mahiyyətinə varılmaz. İnsanlardan heç kimsə Allahın ucalığı kimi ucalmağı haqq edə bilməzlər. Qullar Allahı qəlbləri, dilləri və bütün əzaları ilə ucaldırlar. Allahın yaratdığı, əmr etdiyi və qadağan etdiyi bir şeyi etiraz etmədən qəbul etmək Allaha sayğının və Onu ucaltmanın bir ifadəsidir.
————-
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn