ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) QARİB – MUCİB
əl-Qarib — «Həqiqətən O, eşidən və (QARİB dua edən bəndələrinə) yaxındır». (əs-Səba 50). «(Ya Muhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam (QARİB) mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm…». (əl-Bəqərə 186). Əbu Musa rəvayət edir ki, Peyğəmbər ilə birlikdə səfərlərin birində idik. İnsanlar təkbir gətirərək səslərini ucaltmağa başladılar. Peyğəmbər: «Ey insanlar! Nəfslərinizə sahib olun. Çünki sizlər eşitməyən və uzaqda olan birini səsləmirsiniz. Heç şübhəsiz ki, sizlər ən yaxşı eşidən və sizə yaxın olan Səmi, Qarib olan Allaha dua edirsiniz. Halbuki o, hər zaman sizinlə bərabərdir» deyə buyurdu.(Buxari 2992, Müslim 2704.)
Həlimi deyir ki: «Qarib — yaxın olan, qul ilə Rəbbi arasında bir məsafə olmadığı mənasına gəlir. Bu üzdən qulun durumu Ondan gizli deyildir. O, qulun etdiyi hər bir duanı eşidir. Allahın yaxınlığı müəyyən bir məsafəni ifadə etməz. Çünki məsafə müəyyən bir sərhədə qədərdir. Allah üçün isə sərhəd yoxdur». Xattabi deyir ki: «Qarib — bütün varlıqlara elimi ilə, dua edənlərə də duaları qəbul etməklə yaxındır».
Allahın qullarına yaxın olması iki cürdür. 1. Ümumi Yaxınlıq — Allahın hər bir şeyə elmi ilə yaxın olması. Onları bilməsidir. O, insanlara şah damarlarından da belə yaxındır. 2. Xüsusi Yaxınlıq — Ona dua edən və Onu sevənlərə göstərdiyi yaxınlıqdır. Bu cür yaxınlıq sevgini, yardımı və dəstəyi əhatə edir. Allah dua və ibadət edənlərin dualarını və ibadətlərini qəbul edər.
əl-Mucib — Cavab verən deməkdir. «Həqiqətən Nuh bizə dua etmiş, onun duası necə də gözəl (MUCİB) qəbul olunmuşdur». (əs-Saffət 75). «Həqiqətən Rəbbim yaxındır və (duaları MUCİB) qəbul edəndir». (Hud 61). «Yaxud əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul edən…». (ən-Nəml 62). «Mənə dua edin Mən də sizin dualarınızı qəbul edim». (əl-Mumin 60). Bəzən də Qurani Kərimdə kəsmək, biçmək, oymaq mənasında da gəlir. «Və vadilərdə qayaları oyub-biçən Səmuda». (əl-Fəcr 9). Qurtubi deyir ki: «Mucib — kəsən mənasındadır. Yəni dua edənin arasını qəbul edərək kəsəndir. Buna görə də dua edənin duasını həmən qəbul edən və imdadına yetişəndir». Həlimi deyir ki: «Bu isim Qarib ismilə birlikdə zikr edilir. Qaribul-Mucib və Mucibud-Dua (duaları qəbul edən) deyilir. Mucibu Davətəl Muttarrin (çarəsizlərin dualarını qəbul edən), istəyənə istədiyini verən deməkdir. Allahdan başqa kimsənin buna gücü çatmaz».
Bunu da bilin ki, duaların qəbul edilməsi bir neçə şərtlərə bağlıdır. Bu şərtlərin bir qismi dua edənin durumu ilə, bir qismi dua edilənlə, bir qismi də istənilən şeylə, bir qismi də zaman və məkanla bağlıdır. Duanın qəbul edilməsinə mane olan şeylər isə sayılmayacaq qədər çoxdur.
Duanın Ədəbləri Və Qəbul Olunma Səbəbləri:
1) Allaha ixlasla dua etmək.
Numan İbn Bəşir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Dua ibadətdir»(Əbu Davud, Tirmizi. )
2) Duaya Allaha həmd-səna etməklə və Peyğəmbərə (s.a.v) salavat gətirməklə başlamaq və elə bu cür də duanı bitirmək.
Peyğəmbər (s.a.v) buyurdu: «Allah Ona dua etməyənə qəzəblənir»(Buxari, Əhməd, Tirmizi.)
«Allahın elçisini öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın». (ən-Nur 63). Peyğəmbər (s.a.v) buyurdu: «Kim mənə bir dəfə salavat gətirərsə Allah o, kimsəyə on dəfə salavat deyər»(Müslim.)
Peyğəmbər (s.a.v) buyurdu: «Qəbrimi bayram edilən yerə çevirməyin. Mənə salavat gətirin. Harda olsanız sizin salavatınız mənə çatacaqdır»(Əbu Davud, Əhməd.)
Peyğəmbər (s.a.v) buyurdu: «Həqiqətən də yer üzündə Allahın mələkləri vardır ki, mənim ümmətimin mənə göndərdikləri salavatı mənə çatdırırlar»(Nəsai.)
Peyğəmbər (s.a.v) buyurdu: «Mənə salavat deyəndə Allah mənə ruh verir ki, mən də o, kimsəyə salam deyim» .(Əbu Davud.)
Peyğəmbər (s.a.v) buyurdu: «Ya Əli! Ən xəsis insan bilirsənmi kimdir?». Əli: «Allah və Rəsulu daha gözəl bilir» dedi. Peyğəmbər: «Mənim adım çəkiləndə mənə salavat gətirməyən kimsədir» deyə buyurdu(Tirmizi. )
Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bir gün minbərə çıxdı və: «Amin! Amin! Amin!» deyə buyurdu. Səhabələr: «Bu nədir ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «Cəbrail mənə gələrək dedi: «Qoy utansın (burnu yerlə sürtünsün) o, kimsə ki, sənin adın çəkildiyi vaxt sənə salavat gətirməyən»(Buxari, Müslim. )
3) Duada qətiyyət göstərmək və onun qəbul olunmasına yəqin olmaq.
4) Duada israrlılıq və tələsmPeyğəmbər (s.a.v) buyurdu: «Yer üzündə elə bir müsəlman yoxdur ki, Allahdan istəsin və Allah da ona verməsin və ya (dua vasitəsi ilə onu qarşıda gözləyən) bəladan onu xilas etməsin. Lakin o, Allahın haram etdiyi şeyləri və qohumluq əlaqələrinin kəsilməsini istəməməlidir. Həmçinin də (duasının tez qəbul olunması üçün) tələsərək deməməlidir ki: «Mən dua etdim lakin mənə cavab verilmədi»dəmək. (Tirmizi. )
5) Ürəkdən dua etmək.
6) Hər bir vəziyyətdə dua etmək (həm sevindirici, həm də çətin).
7) Yalnız tək Allahdan istəmək.
8) Ailəyə, mal-dövlətə, övlada və özünə bəd dua etməmək.
9) Alçaq səslə dua etmək.
10) Günahı etiraf etmək və onun bağışlanmasını diləmək, neməti etiraf etmək və bunun üçün də Allaha şükr etmək.
11) Duada qafiyədən istifadə etməmək.
12) Yalvarış, itaətkarlıq, rəğbət və qorxu ilə dua etmək.
13) Tövbə etməklə zülm və izdirabların rədd etmək.
14) Duada istənilən şeyi üç dəfə təkrar etmək.
15). Qiblə istiqamətində dayanmaq.
16) Dua edilən an əlləri qaldırmaq.
17) Duadan qabaq dəstəmaz almaq.
18) Təcavüz və düşmənçilik istənilməməlidir.
19) Dua edən başqasına dua etdiyi təqdirdə öncə özündən başlamalıdır.
20) Dua edərkən Allahın gözəl isimlərini və sifətlərini, yaxud dua edənin özünün gördüyü saleh bir əməli, yaxud da dua edən şəxsin əli çatdığı əməli saleh, diri bir insanın duasını vasitə götürmək olar.
21) Dua edənin yeməyi, içkisi və geyimi halal olmalıdır. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «…Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun»(Müslim 1015.)
22) Dua edilərkən hər hansı bir günahın edilməsi və ya qohumluq əlaqələrinin kəsilməsi kimi diləklərə yol verilməməlidir.
23) Yaxşı işləri əmr, pis işləri isə qadağan etmək.
24) Bütün günahlardan uzaq olmaq.
Duanın Qəbul Olunması Üçün Müəyyən Vaxt Və Yerlər:
1) Qədr gecəsi.
2) Gecənin son üçdə biri.
3) Fərz namazlarının ardıyca.
4) Azanla iqamə arası.
«Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Azan və iqamə arasında dua rədd edilməz»(Əbu Davud, Tirmizi. )
5) Hər bir gecədə istənilən vaxtda.
6) Fərz namazlarına çağırış vaxtı.
6) Yağış yağanda.
7) Cümə günü (Əsr namazının sonuna yaxın bir vaxdır, bəzi rəylərə görə də cümə günü xütbə və namaz vaxtlarında da ola bilər).
8). Zəm-zəm suyunu içdikdə.
9) Səcdədə.
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Qulun öz Rəbbinə ən yaxın olan vaxtı səcdədir. Buna görə də səcdə də Allaha çox dua edin (Başqa rəvayətdə: Siz cavab almağa layiqsiniz)»(Müslim.)
10) Gecə yuxudan ayılan zaman.
Əbu Umamə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) : «Hansı duaya daha tez cavab verili» deyə soruşdular. Peyğəmbər: «Gecə yarısı və hər fərz namazından sonra edilən dua» deyə buyurdu.
11) Təharətli vəziyyətdə yatıb, gecə yuxudan ayılaraq dua etdikdə.
12) İnsanların cənazə üçün duaları.
13) Sonuncu təşəhüddə salavatdan sonra edilə dua.
14) Dua etdikdə qəbul olunan və istədikdə verilən Allahın əzəmətli adı ilə.
15) Müsəlmanın qardaşı üçün gizlində etdiyi dua.
16) Ərafət dağında dua.
17) Ramazan ayında.
18) Müsibət baş verdikdə.
19) Allaha ixlasla dua etdikdə.
20). Məzlumun bəd duası.
21). Atanın övlada etdiyi xeyir-duası və bəd duası.
22). Müsafirin duası. 23) Oruclunun iftaradək etdiyi dua.
23) Oruclunun iftar zamanı etdiyi dua.
24). Məcburiyyət qarşısında qalan şəxsin duası.
25) Ədalətli rəhbərin duası.
26) Xeyirxah övladın valideyinə etdiyi dua.
27) Dəstəmaz aldıqdan sonra müvafiq dua ilə dua etmək.
28) Kiçik cəmrəyə daş atdıqda.
29) Orta cəmrəyə daş atdıqda.
30). Kəbənin içərisində edilən dua.
Kim Hicrin içində namaz qılsa o, Kəbədə namaz qılmış hesab olunur.(Kəbənin şimal-qərbində yerləşən bir yer. )
31) Səfa və Mərva təpələri üstündə.
32) Məşərülhəram.(Həcc mərasimində Ərafət dağında günbatan zamanı Zəvvarların olduğu yer. )
«Rəbbinin cəmalını diləyərək səhər-axşam ona dua edənləri yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də zalimlərdən olarsan». (əl-Ənam 52). Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «əl-Mufarridunə qabaqladılar». Səhabələr: «Bunlar kimlərdir ya Rəsulullah?» deyə soruşdular. Peyğəmbər: «Allahı çox zikr edən kişi və qadınlar» .
(Müslim. )
————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn