ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-ŞƏHİD
əş-Şəhid — Bu İsim Qurani Kərimdə 20 yerdə keçməkdədir. Hər şeyə şahid olan, heç bir şeyi unutmayandır. «…Sən canımı aldıqdan sonra onlara nəzarətçi Özün oldun. Yalnız sən hər şeyə Şahidsən». (əl-Maidə 117). «Doğrusu Allah hər şeyin üzərində şahid olandır». (əl-Həcc 17). «Şahid olaraq Allah yetər». (ən-Nisa 79). «(Ya Peyğəmbərim!) Sən nə iş görsən Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Allahdan gizli qalmaz». (Yunus 61). “Onu (İslamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər!”. (Fəth 28). Allah, Şəhiddir. Çünki Şəhadət kəliməsi ilə qullar Onun bir olduğuna şahidlik etməkdə, beləcə Ona ibadət etməyi qəbul etdiklərini göstərmiş olmaqdadırlar. «Onları öz nəfslərinə qarşı şahidlər etmişdi». (əl-Əraf 172). Bu ayədə Allah qullarından Onun birliyinə şahidlik etmələrini tələb etmiş, qullar da bu tələbi yerinə yetirərək Allahın birliyinə şahidlik etmişlər. Bu həqiqi şahidlik olmaqla birlikdə Allaha şahidlik edildiyini göstərməkdədir. Allah da Özündən başqa İlahın olmadığına şahiddir. «Allah özündən başqa heç bir ilah olmadığına şahidlik etdi». (Ali İmran 18).
———–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn