Şübhəsiz ki, şeytan içki və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı? (Quran, 5/91)

İslam dini gəlməmişdən öncə, ərəblər arasında geniş yayılmış içki alışqanlığı var idi. Uca Allah, yenicə müsəlman olmuş insanları, ilk olaraq tədrici bir metodla içki qadağasına alışdırmışdır. Yəni, yavaş-yavaş: öncə içkinin zərərinin faydasından daha çox olduğunu bildirmiş, sonraki (2-ci) etapda içkili halda namaz qılmağı qadağan etmiş və nəhayət, yuxarıda qeyd etdiyimiz ayə (Maidə, 91) ilə, sərxoşluq verici bütün içkilərin qəti olaraq haram olduğunu bəyan etmişdir. Yaradan tərəfindən göndərilmiş dinimiz, insan psixologiyasına uyğun praktiki bir din olduğuna görə, bir çox mövzuda, eləcə də içkinin haram edilməsində dərhal hökm kəsməmiş, insanların psixoloji hazırlıqlarını nəzərə alaraq, yavaş-yavaş, tədricən bir metod izləmişdir. Müasir bir dillə desək: “step by step”.

 

Cahiliyyət dövrü adlandırılan – İslamdan öncəki vaxtlarda ərəblər, on ədəd ox sapı ilə qumar dediyimiz ‘şans oyunu’ oynayırdılar. Bu oxların yeddisində bəzi paylar yazılır, üçü isə, boş olurdu. Etibarlı bir kəs, bu oyunda iştirak edənlərin adından, hər birini torbadan çıxararaq açardı. Şansına “dolu” çıxan kəslər, öz payını götürüb, kasıblara verər, boş çıxanlar isə, həmin payların pulunu ödəyərdilər.

 

Qumarların ən “gözəli” deyə biləcəyimiz bu növü belə İslam dini qadağan etmiş, ortaya mal və ya pul qoyaraq heç bir şans oyununa icazə verməmiş, kasıblara yardım ediləcəksə, bunu hər kəsin öz halal qazancından ayıraraq etməsini istəmişdir.

 

Qeyd etdiyimiz bu ayə, içki və qumar qadağasının ən önəmli ictimai, əxlaqi və dini hikmətlərini açıqlamışdır. Mövzuyla əlaqədar olan səhih hədislər vasitəsilə elm – bu hikmətlərə: iqtisadi və tibbi səbəbləri də əlavə etmişdir.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı