media-img_9777

Gürcü çarı III Georgi (1156-1184) Düveyn (xarabalıqları Qərbi Azərbaycanda, Dərələyəz mahalında, Gərni kəndi yaxınlığında yerləşir) şəhərini ələ keçirib talan etdirmişdi. Çox sayıda qadın və uşaq gürcülərin əlinə əsir düşmüşdü. Gürcülər müsəlman qadınları çılpaq soyunduraraq yeriməyə məcbur etmişdilər. Onlar buna gürcü qadınların “siz müsəlmanları məcbur edirsiniz ki, müharibə vaxtı onlar da bizimlə bu cür davransınlar” deyə etirazlarından sonra Azərbaycanlı əsir qadınların libasını onlara qaytarmışdılar.

Bu hərəkəti III Georgiyə baha başa gəlmişdi. Böyük Səlcuqlu Dövlətinin tarixinə dair təməl qaynaqlardan sayılan “Zübdət ət-Təvarix, əxbar əl-üməra vəl-müluk əs-Səlcuqiyyə” (tarixi hadisələrin qaymağı, Səlcuqlu komandan və hökmdarlarının xəbərləri) müəllifi Sədrəddin əl-Hüseyni (1180-1225) hadisələri təsvir edərkən yazır ki, Düveyn və əhalisinin başına gələnlər Atabəy Şəmsəddin Eldənizə (1136-1175) çatanda o dərin kədərə qərq oldu. Gecikmədən vassal bağlılığı olan Artuqlu, Sökmən, Ərmənşah, Məngücəkli əmirlərinə məktub yazaraq yardımçı qüvvələr göndərmələrini tələb etdi. Eyni zamanda İraq Səlcuqlu ordusu da yardıma gəldi. Müttəfiq türk ordusu Gürcüstan səfərinə çıxdı. III Georgi Eldənizin və Sultanın nəhəng qoşunla gəldiyini bilib, Atabəyə belə yazdı: “Mən səndən nəyi tələb edirdimsə, ondan imtina edirəm. Mən bir də sənə zərəri olan heç nə etməyəcəm. Sənə nə yararlıdırsa, onunla razıyam və nə istəyirsənsə, onu yerinə yetirməyə hazıram!”…
Müəllif daha sonra yazır: – Onlar (Atabəyin döyüşçüləri) öz atlıları ilə gürcüləri gecə qaranlığı, ya sürətli sel axını kimi bürüdülər, mətanət və cəsarətlə birləşərək, təkbir nərələri ilə, “Allahu əkbər” deyib Allahın düşmənləri üzərinə yürüdülər, onların sıralarını dağıtdılar, qoçaqlarını qaçmağa məcbur etdilər, müdafıə mövqelərindən vurub çıxartdılar. Zöhrədək belə davam etdi. Bu vaxt Atabəy Eldəniz öz türkləri ilə onlara qarşı çıxdı, öz silahlı adamları ilə onların qarşısındakı bütün ərazini gecə zülməti kimi örtdü. Allahın sadiq qullarının-müsəlmanların sayı kafir yığnının sayını keçdi, onları od-alovla yaxdı”.

Gürcü ordusu ağır məğlubiyyətə uğramışdı. Digər bir müəllif əl-Fariqi alınan qənimətlərin miqdarını qeyd edərkən “o vaxta kimi müsəlmanlardan heç kimə kafirlərdən bu miqdarda qənimət qalmamışdı” deyə qeyd edir və qənimətlərin siyahısını yazır.
Atabəyin hədəfi şəxsən III Georgi olduğu üçün o yürüşü davam etdirmək niyyətində idi. Hərbi şurasını toplayıb əmirlərə xitab etdi və “siz qənimətmi istəyirsiniz yoxsa Allah yolunda qitalmı (cihad)?”…Onların hamısı bir ağızdan “biz qital istəyirik” deməsindən sonra Atabəy “mən elə belə də bilirdim” deyərək komandanların hər birini alnından öpdü.
Atabəy III Georginin dağlıq-meşəlik bir yerdə gizləndiyini öyrəndi. Müəllif yazır ki, “Onlar (Atabəyin süvariləri) bütün gecəni yol getdilər, dan yeri söküləndə yuxuya dalmış gürcülərin üstünü qəfil elə kəsdilər ki, çar güclə ata minib qaçmağa macal tapdı”.

________________
Seriallarda gördüyünüz hərəmdən “qız tutmağa” çalışan, hərdən də dəyişiklik olsun deyə döyüşə gedən “obrazları” unudun getsin, cənablar. Bu insanlar sizin zənn etdiyiniz, quruntusunu qurduğunuz adamlar deyildilər. Onlar Allahın kəlamına (Əhzab surəsi 23), Rəsulunun (s.ə.v) “Taifət-ul-mansura” (yardım edilmişlər) və “Firqət-un-naciyə” (qurtulmuşlar) hədislərinə məzhər olmuş kişilər idilər.
“İnananların arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər”. (Əhzab surəsi, 23)

 

Tarix üzrə fəlsəfə doktoru, Elnur Nəsirov

Bənzər Məqalələr