Hər bir müsəlmanın bilməsi vacib olan əməllər (II-hissə)
İSTİAZƏ (SIĞINMAQ):
Uca Allah belə buyurur:
“De: “Sığınıram insanların Rəbbinə, İnsanların ixtiyar sahibinə” (Nas, 114/1,2).
İSTĞASƏ (YARDIM İSTƏMƏK):
“O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm” – deyə duanızı qəbul etmişdi”(Ənfal, 8/9).
QURBAN:
Uca Allah belə buyurur:
“De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm” (Ənam, 6/162,163).
Buna Sünnədən dəlil kimi, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisini göstərmək olar:
“Allah Ondan başqasına qurban kəsəni lənətləmişdir”(Müslim Səhihi, Kitabul-Ədhiyyə (1978), Allahdan başqasına qurban kəsməyin haram olması babı: (belə qurban) kəsəni Allah lənətləmişdir.)
NƏZİR
Uca Allah belə buyurur: “Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar” (İnsan, 76/7).
İKİNCİ QAYDA:
İSLAM DİNİNİ DƏLİLLƏRLƏ BİLMƏK
İslam dini — tövhidlə Allaha təslim olmaq, itaətlə boyun əymək, şirkdən və şirk əhlindən uzaq olmaqdır. O (yəni, din), üç əsasdan ibarətdir: İslam, iman və ehsan. Hər əsas özlüyündə bölmələrə ayrılır.
BİRİNCİ ƏSAS İSLAMDIR
İslamın beş şərti var.
1. “Lə ilahə illəllah, Muhammədən rəsulallah” şəhadətini demək;
2. Namaz qılmaq;
3. Zəkat vermək;
4. Ramazan orucu tutmaq;
5. Allahın beytülhəramını (toxunlmaz evini) həcc etmək.
Şəhadətə dəlil uca Allahın aşağıdakı ayəsidir: “Allah Ondan başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir” (Ali İmran, 3/18).
Bu kəlmənin (yəni, Lə iləhə illəllahın) mənası — “tək olan Allahdan başqa ibadətə layiq məbud yoxdur” deməkdir.
“Lə iləhə” ifadəsi, Allahdan başqa ibadət olunanları inkar etmək,
“İlləllah” ifadəsi isə, İbadətin təkcə Allaha aid olmasını təsdiqləmək deməkdir. Allahın mülkündə heç bir şəriki olmadığı kimi, Ona edilən ibadətdə də heç bir şəriki yoxdur.
Şəhadət kəlməsinin təfsirini isə Uca Allah belə açıqlayır:
“Bir zaman İbrahim öz atasına və xalqına demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”. O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə doğru yola qayıtsınlar” (Zuxruf, 43/26-28).
“De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahlaşdırmayaq”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali İmran, 3/64).
ALLAHIN ELÇİSİ MUHƏMMƏD:
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Allahın elçisi olduğuna dəlil kimi Uca Allah belə buyurur:
“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (Tövbə, 9/128).
Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) Allahın Elçisi olmasına şəhadət gətirməyin mənası, onun əmrlərinə itaət etmək, verdiyi xəbərlərə inanmaq, qadağan etdiyi şeylərdən çəkinmək və məhz onun etdiyi şəkildə Allaha ibadət etməkdir.
Tövhidin təfsirinə, namaza və zəkata (yəni, onların fərz olmasına) dəlil olaraq Uca Allah belə buyurur:
“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Ən doğru din də elə budur!” (Beyyinə, 98/5).
Oruca (yəni, fərz olmasına) dəlil isə Uca Allahın bu ayəsidir:
“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz” (Bəqərə, 2/183).
Həccə (yəni, fərz olmasına) dəlil kimi Uca Allah belə buyurur:
“… Evi (Kəbəni) ziyarət etmək insanların — yoluna gücü çatan hər kəsin — Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur” (Ali İmran, 3/97).
İKİNİCİ ƏSAS İMANDIR
İmanın yetmiş üçdən səksənə qədər şöbəsi var. Ən üstünü Lə ilahə illəllah kəlməsi, ən aşağısı isə insanları narahat edən şeyləri yolun üstündən götürməkdir. Həya (utancaqlıq) da imanın şöbələrindəndir.
İmanın şərtləri altıdır:
1. Allaha iman gətirmək;
2. Onun mələklərinə iman gətirmək;
3. Onun kitablarına iman gətirmək;
4. Onun peyğəmbərlərinə iman gətirmək;
5. Axirət gününə iman gətirmək;
6. Qədərin xeyir və şərinə iman gətirmək.
Bu altı şərtin dəlili kimi Uca Allah buyurur:
“Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən…” — lərdir. (Bəqərə, 2/177).
Qədərin dəlili Uca Allahın bu ayəsidir: “Biz, həqiqətən də, hər şeyi Qədərinə görə yaratdıq” (Qəmər, 54/49).
ÜÇÜNCÜ ƏSAS EHSANDIR.
ONUN BIR ŞƏRTİ VAR.
Ehsan — Allahı görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən belə, O səni görür.
Bununla əlaqədar Uca Allah belə buyurur:
“Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir” (Nəhl, 16/128).
Uca Allah belə buyurur:
“Qüdrətli və Rəhmli olana təvəkkül et! O, səni namaza duranda da görür, səcdə edənlər içində hərəkət edəndə də. Həqiqətən də O, Eşidəndir, Biləndir!” (Şuəra, 26/217-220).
Uca Allah belə buyurur:
“Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq…” (Yunus, 10/61).
Buna Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsindən gətirilən dəlil isə, Ömər ibn Xəttabdan (Allah ondan razı olsun!) nəql edilən hədisdir. Bu rəvayət, “Cəbrayılın hədisi” adı ilə məşhurlaşmışdır. Ömər ibn Xəttab (Allah ondan razı olsun!) belə demişdir: “Bir gün Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanında oturmuşduq. Yanımıza ağappaq libaslı, qapqara saçlı, üst-başında yoldan gələn adamın əlamətləri olmayan və bizdən onu heç kimin tanımadığı bir adam gəldi. O, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanında oturdu. Sonra dizlərini onun dizlərinə yaxınlaşdırdı. Ovuclarını da onun ayaqlarının üstünə qoyub belə dedi:
“Ey Muhəmməd! Mənə İslam haqda xəbər ver!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) dedi:
“İslam — Allahdan başqa ibadətə həqiqətən layiq olan ilah olmadığına, Muhəmmədin də Onun qulu və Elçisi olduğuna şəhadət etməyin, namaz qılmağın, zəkat verməyin, Ramazan orucunu tutmağın, gücün çatarsa, həccə getməyindir”.
O adam:
“Doğru söylədin” dedi.
Biz onun bu sözünə təəccüb etdik. Çünki həm soruşur və həm də cavabın doğru olduğunu bildirirdi. O sonra:
“Mənə iman haqda xəbər ver?” — deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“İman — Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirməyindir” — dedi.
O adam:
“Doğru söylədin” — dedi.
Sonra isə:
“Mənə ehsan haqda xəbər ver?” – deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Allahı görürmüş kimi Ona ibadət etməndir. Sən Onu görməsən də, O, səni görür” — dedi.
O adam:
“Qiyamət nə vaxt olacaqdır?” — deyə soruşdu.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Soruşulan bu barədə soruşandan daha məlumatlı deyil” — dedi.
O adam buyurdu ki:
“Mənə qiyamətin əlamətləri haqda xəbər ver!”
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurdu:
“Cariyənin öz ağasını doğması. Ayaqyalın, çılpaq və kasıb davar çobanlarının imarət tikməkdə bir-biriləri ilə yarışa girmələrini görməyindir”.
Hz. Ömər (Allah ondan razı olsun!) deyir ki:
“Sonra həmin adam qalxıb getdi. Mən heyrət içində donub qalmışdım. Bir müddət sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) buyurdu:
“Ey Ömər, soruşanın kim olduğunu bilirsənmi? Mən də: “Allah və Elçisi daha yaxşı bilər” dedim.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!):
“Bu, Cəbrayıl idi. Sizə dininizi öyrətmək üçün gəlmişdi” — buyurdu”(Müslimin Səhih, Kitabul-İman, c. 1/8, İman, İslam və Ehsani açıqlama babında.)
ÜÇÜNCÜ ƏSAS:
PEYĞƏMBƏRİMİZ MUHƏMMƏDİ (ona Allahın salavatı və salamı olsun!) TANIMAQ
Muhəmmədin atası Abdullah, babası isə Haşimin oğlu Əbdülmütəllibdir. Haşim Qüreyş qəbiləsindəndir. Qüreyş Ərəblərdən, Ərəblər isə İbrahim xəlilin (ona və Peyğəmbərimizə ən əfzəl salavat və salam olsun!) oğlu İsmayılın nəslindəndir.
O, altımış üç il yaşamışdır. Bunun ilk qırx ili peyğəmbərlikdən öncə, sonrakı iyirmi üç ili isə peyğəmbər və elçi kimi keçmişdir.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) “İqra” (oxu!) ayəsi ilə peyğəmbər, “Müddəsir”lə (libasına bürünüb örtünmüşlə) isə, Elçi oldu. O, Məkkə şəhərindəndir.
Allah onu (ona Allahın salavatı və salamı olsun!) şirkdən çəkindirmək və tövhidə dəvət etmək üçün göndərmişdi.
Uca Allah belə buyurur: “Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeylərdən uzaqlaş! Yaxşılığı təmənna məqsədilə etmə! Rəbbin üçün səbir et!” (Mudəssir, 74, /1-7).
“Qalx və xəbərdar et!” ifadəsinin mənası insanları şirkdən çəkindirmək, tövhidə dəvət etmək, “Rəbbini ucalt!” Rəbbini tövhidlə yüksəlt, Onu təkbir et (Allahu Əkbər! Allah böyükdür!” de.), “Libasını təmizlə!” əməllərini şirkdən təmizlə deməkdir. “Pis şeylərdən uzaqlaş!” isə – bütlərdən və onlara ibadət edənlərdən uzaqlaşmaq deməkdir!
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) on il insanları tövhidə çağırdıqdan sonra göylərə merac etdi və beş dəfə namaz qılınması orada ona fərz (vacib) buyuruldu. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) üç il Məkkədə namaz qıldı və sonra ona Mədinəyə hicrət etməsi əmr olundu.
Hicrət – şirk bölgəsindən(Yəni, Allaha şərik qoşulan bölgədən-red.) İslam bölgəsinə köçməkdir. Hicrət, bu ümmətə fərz qılınmış və onun hökmü Qiyamətə qədər davam edəcəkdir. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”- deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”- deyəcəklər. Mələklər də onlara: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”- deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Ancaq zülmə qarşı çarə tapmağa qadir olmayan və hicrət etməyə yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır. Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır” (Nisa, 4/97-99).
Başqa bir kəramətli ayədə Uca Allah: “Ey iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi incidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini vəzifələrinizi lazımınca yerinə yetirə bilmirsinizsə, başqa şəhərlərə və ölkələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də yalnız Mənə ibadət edin!” (Ənkəbut, 29/56) – deyə buyurur.
İmam Bəğəvi (Allah ona rəhmət etsin!) demişdir: “Bu ayənin nazil olma səbəbi Məkkədə qalıb hicrət etməyən müsəlmanlardır. (Bununla yanaşı) Allah onlara “iman gətirən bəndələrim” deyə xitab etmişdir”.
Hicrət etməyə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) Sünnəsindən dəlil aşağıdakı hədisdir: “Hicrət tövbə qapısı qapanana qədər davam edəcək. Tövbə qapısı isə günəş qərbdən doğanadək açıq olacaqdır”(İmam Əhməd, Müsnəd, 4/99. Əbu Davud, Kitabul-Cihad (2479) və Səhih Camidə (7436) rəvayət edilmişdir.)
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) Mədinəyə hicrət edib orada yerləşdikdən sonra İslamın zəkat, oruc, həcc, əzan, cihad, yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək və sair hökmləri ona əmr edildi. Bu on il davam etdi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) hicrətin onuncu ilində vəfat etdi (Rəbbinə qovuşdu). Onun gətirdiyi din isə (qiyamətə qədər) həmişəlik qalacaqdır. O, ümmətini hər bir xeyir əmələ yönəltmiş və hər bir pis əməldən çəkindirmişdir.
Yönəltdiyi xeyir iş – tövhiddir. Həmçinin Allahın sevib razı qaldığı bütün söz və əməllərdir. Qadağan etdiyi şər iş isə – şirkdir (yəni ibadətdə Allaha şərik qoşmaq-tərc.)
Eləcə də Allahın sevmədiyi və qəbul etmədiyi bütün söz və əməllərdir.
Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) bütün bəşəriyyətə göndərmiş, insanların və cinlərin ona (ona Allahın salavatı və salamı olsun!) itaət etmələrini vacib (fərz) etmişdir. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm …” (Əraf, 7/158).
Uca Allah dinini Muhəmmədlə (ona Allahın salavatı və salamı olsun!) tamamladı: “…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim…” (Maidə, 5/3). Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) vəfatı haqda Uca Allah buyurmuşdur: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər! Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mühakimə olunacaqsınız” (Zumər, 39/30-31).
İnsanlar öldükdən sonra (qiyamət günü Allah tərəfindən) dirildiləcəklər. Buna dəlil: “Sizi də oradan yaratdıq. Sizi oraya da qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq” (Taha, 20, 55) və “Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır” (Nuh, 71/17-18) ayələridir. Dirildikdən sonra hesaba çəkiləcək və əməllərinin əvəzində ya mükafatlandırılacaq, ya da cəzalandırılacaqlar. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır!” (Nəcm, 53/31).
Öləndən sonra dirilməni yalan sayan şəxs küfr etmişdir. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” (Təğabun, 64/7).
Allah bütün peyğəmbərləri (Cənnətlə) müjdələyən və (Cəhənnəmlə) qorxudan göndərmişdir.
Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın…” (Nisa, 4/165).
Elçilərin ən birincisi Nuhdur (ona Allahın salamı olsun!). Axırıncısı isə, Muhəmməddir (ona Allahın salavatı və salamı olsun!). O, bütün peyğəmbərlərin sonuncusudur.
Nuhun (ona Allahın salamı olsun!) ilk elçi olmasına dair dəlil haqqında uca Allah belə buyurur: “(Ey Peyğəmbərim!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik…” (Nisa, 4/163).
Allahın Nuhdan (ona Allahın salavatı və salamı olsun!) başlayaraq Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) qədər göndərdiyi bütün peyğəmbərlər öz ümmətlərinə tək Allaha ibadət etməyi əmr edib, tağutlara ibadət etməkdən çəkindirirdilər.
Buna sübut uca Allahın aşağıdakı ayəsidir: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! — deyə peyğəmbər göndərmişdik…” (Nəhl, 16/36). Allah bütün qullarına tağutu rədd etməyi və Ona iman gətirməyi fərz qılmışdır.
www.islamevi.az