Hz. Muhəmmədlə Xədicə’nin sevgi hekayəsindən bir parça..
Sevgi hekayələri, romantik qəhrəmanlar.. Bir çox insanın məhəbbət xəyalları, bunlar olmadan təsəvvür edilə bilməz.. :) Bu yazıda, ‘əsl ailə sevgisi’ haqqında kiçik bir misal verməyə çalışacağıq. Lakin, verdiyimiz bu misalın qəhrəmanları, nə Leyli, nə də Məcnun deyil, möhtəşəm bir ailə modelinin iki örnək şəxsiyyəti olacaq..
Xədicə ilə, Peyğəmbərimizin evliliklərinin ilk ayları idi.. Peyğəmbərimizin (Ona salam olsun) əmisi olan Əbu Talibin ağlından “Xədicə ilə Muhəmmədin evlilikləri görəsən necə gedir? Xədicə zadəgan, zəngin və əsil-nəcabətli bir qadın, Muhəmməd isə, yetim və kasıb gəncdir.. Birdən Xədicə, özünü ondan üstün tutarsa?! Zənginliyin verdiyi qürurla Muhəmmədin xətrinə dəyərsə?!..” – sualları heç cür çıxmırdı..
Əbu Talib, bunları dilə gətirə bilmirdi. Lakin, nəhayət bir qərar verərək, xidmətçisi olan Nəba adlı qadını yanına çağıraraq “Xədicənin evinə get və bir müddət orada qal. Xədicə’nin qardaşım oğluna qarşı necə davrandığına xüsusi diqqət yetir və gördüklərini gəlib mənə danış!” – deyir və Nəba’nı göndərir..
Bir müddət orada qalan Nəba, geri qayıtdıqda, orada şahid olduğu hadisələri Əbu Talib’ə bu cür xəbər verirdi:
“Ağam! Allaha and olsun ki, mən həyatımda nə bu cür evlilik, nə də sevginin heç vaxt şahidi olmamışam.. Xədicə hər dəfə ərinə müraciət edərkən, ‘atam-anam sənə fəda olsun!’ – deyərək, sözlərinə başlayır, evdə Muhəmmədin bir dediyini əsla iki etmir və xidmətçilərə imkan vermədən, öz əllərilə ona qulluq edirdi. Muhəmməd isə, əlindən gəldiyi qədər ona ev işlərində kömək edir, öz həyat yoldaşıyla böyük sevgi və hörmətlə danışırdı..”
Bunları eşidən yaşlı Əbu Talib, çox sevinir, gözlərindən yaş axırdı. Axı o, uşaq ikən ata və anasını itirmiş, yetim olan qardaşı oğlunu çox istəyirdi..
Bu qısa hekayə, hər bir ailə üçün vacib olan – əsl sevgi və hörmət anlayışını izah edən kiçik bir misal idi. Nə əfsanəvi qəhrəmanlara, nə də günah dolu uydurma sevgi hekayələrinə ehtiyacımız yoxdur. Dinimiz, real həyat misalları üzərində qurulmuşdur.
Bunları oxuyarkən, “əşşi, mənim də ərim Peyğəmbər olsaydı, mən də belə davranardım” və ya “mənim də xanımım Xədicə kimi qadın olsaydı, mən də belə davranardım” – deyə düşünənlər oldusa, nəzərinizə çatdıraq ki – bu hekayə zamanı, Muhəmməd (Ona və ailəsinə salam olsun) Allah tərəfindən hələ peyğəmbərlik vəzifəsini də almamışdı.. Yəni, ortada nə peyğəmbər, nə də ‘peyğəmbər xanımı’ var idi. Allah seçərkən, belələrini seçir.. Qadınlarımızın Xədicə’dən, kişilərimizin isə, Hz. Muhəmməd’dən ibrət alması ümidi ilə..
Bu yazının hazırlanmasında M. Abduh’un, “Ummul-Muminin li Qalbil-Mustafa” adlı əsərindən (səh. 68) istifadə olunmuşdur.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!