Hz. Ömər üç dinin müqəddəs şəhəri – Qüds’də..(o torpaqların mahiyyəti)
Xalil Qapısı önündəki meydan günümüzə qədər onun adını daşımaqdadır..
Hz. Ömərin ordusunun, 636-cı ilin avqust ayında baş vermiş Yərmuk döyüşü ilə Qüdsü fəth etdiyi zaman, Qüdsün o zamanki Patriki (baş keşişi) və valisi (qubernatoru) Sofroniy (Sophronius) “mən Qüdsü ancaq başçınıza təslim edəcəyəm” demiş və Ömərin gəlməsini gözləmişdir. Xəlifə Ömər b. Xattab (Allah ondan razı olsun) bu istək üzərinə tarix boyu mədəniyyət və peyğəmbərlərin doğuş nöqtəsi olmuş müqəddəs Qüds şəhərinə gəlir və Xalil qapısından daxil olaraq oranı təslim alır. Qeyd edək ki, Roma İmperiyasının rəsmi olaraq Paqanizmdən (bütpərəsrlikdən) Xristianlığa keçməsindən sonra, yəhudilər, xristianların zülmünə məruz qalaraq, onların “günahın vərəsəliklə nəsildən nəsilə keçməsi” etiqadına görə (İslama görə, hər kəs yalnız öz günahından məsuldur və heç kim öz ata-babasının günahlarına görə cəzalandırıla bilməz -red.) İsa peyğəmbərə qarşı işlənən cinayətdə günahkar hesab olunmuş və Qüdsdən qovulmuşdular. Bu səbəblə də, əsrlərdir ki, bu şəhərdə yəhudilər demək olar ki yaşamırdılar və hakimiyyət xristianların əlində idi.
Bundan sonrakı bütün fatehlər də üç din üçün çox önəmli və müqəddəs olan Qüds’ə, Hz. Ömərin etdiyinə müvafiq olaraq Xalil qapısından girmişlər (Səlahəddin Əyyubi, Yavuz Sultan Səlim). Hətta, 12 avqust 1917-ci ildə Qüds’ə daxil olaraq, müsəlmanların (Osmanlı dövlətinin) 401 illik hakimiyyətinə son vermiş ingilis General Edmund Allenby də, şəhərə məhz Xalil qapısından daxil olmuşdu. Növbəti on illiklərdə başlarına nələrin gələcəyini və idarəçiliyin ingilislərə, sonra isə yeni qurulacaq yahudi dövlətinə keçəcəyini ağıllarına belə gətirməyən xalq, onları heyrətlə qarşılayırdı..
Mövzuya qayıdaq.. Müsəlmanlar Qüdsə daxil olduqdan sonra, Mirac hadisəsinin baş verdiyi yeri axtararaq, ehtimal olunan ərazilərə baxış keçirir və əlamətlərə nəzər yetirirdilər. Nəhayət, əlamətlərin – indiki Məscid əl-Aqsa’da (qeyd: Aqsa məscidi – müqəddəs bir ərazinin ümumi adıdır, təkcə bir məscid deyil – red.) cəmləşdiyini görən Xəlifə Ömər b. Xattab, bu günkü mehrabın olduğu yerin sağ tərəfini təmizləyərək, buraya bir məscid inşa etdirir. Günümüzdə qızıl qübbəli məscid (Qubbətus-Saxra) və Aqsa qiblə məscidi, Əməvilər dönəmində (Abdulməlik b. Mərvan və sonra, oğlu Vəlid b. Abdulməlik hakimiyyəti dövründə – red.) inşa edilmişdir. Müsəlmanlar tərəfindən Qüdsdə inşa etdirilmiş həmin o ilk məsciddən (Ömər məscidi) bu gün təəssüf ki, əsər-əlamət belə qalmamışdır.. Bu ilk məscid kiçik olduğuna görə, müsəlmanlar daha sonra bu günkü daha böyük olan məscidi ərsəyə gətirdilər. Bu səbəblə də buraya bəzən “Ömər məscidi” də deyilir. Lakin əsl Ömər məscidi, Qiyam Kilsəsinin 10 metr cənubunda yerləşir.
Hz. Ömər, Qüdsdəki bütün müqəddəs sahələri gəzmiş, hər yerdə namaz qılmış və bu zaman Qiyam kilsəsini də ziyarət etmişdir. Xristian inancına görə Qiyam kilsəsi, İsa peyğəmbərin (ona salam olsun) çarmıxa çəkildiyi, yuyulduğu və kəfənləndiyi yerdir. İnanclarına görə O, buradakı bir mağarada basdırılmış, üç gün sonra dirilmiş, həvariləri ilə zeytun dağında görüşmüş və bundan sonra səmaya yüksəlmişdir (İslama görə isə: Yəhudilər Hz. İsanı tapa bilməmiş və ona çox bənzəyən -İsaya xəyanət edən- birisini, İsa deyə çarmıxa çəkmişlər). İsa peyğəmbərin səmaya haradan yüksəlməsi mövzusunda xristianlar arasında fikir ayrılığı mövcuddur. Bu səbəblə də, protestantlarla ortodoksların (pravoslavların) təyin etdikləri iki ayrı yerə də kilsə inşa etdirilmişdir.
Patrik Sofroniy, Xəlifə Öməri Qiyam kilsəsinə də aparmış, ondan hər yerdə namaz qıldığını, bu kilsədə də namaz qılaraq, bura şərəf verməsini istəmişdir. Bəlkə də, “Ömər burada namaz qılsa, kilsəmizi heç vaxt dağıtmazlar” – deyə düşünmüşdü.. İslamı qaralama, müsəlmanları isə qəddar kimi göstərmə kampaniyaları təbii ki o zamanlar da var idi. Lakin, Öməri və onun tabeliyində olan müsəlmanların ədalətini gördükdə, fikirləri dəyişdi. Sirr deyildir ki o torpaqlardakı zülm və zorakılıq, yalnız müsəlmanların hakimiyyəti dövründə dayana bilmişdi.. Sonrakı dövrlərdə də, həmin ərazi çox çalxantılı dönəmlər keçirmiş, Yavuz sultan Səlim dönəmindən başlayaraq isə, uzun müddət stabil dönəm keçirmişdir.
Sofroniy’in məqsədlərindən biri də, Merac hadisəsinin baş verdiyi ərazini (Hz. Muhəmməddən eşitdikləri əlamətlərə əsasən –red.) axtaran Xəlifə Öməri, məhz özlərinin müqəddəs hesab etdikləri istiqamətlərə cəlb etmək idi. Bununla o, həmin ərazilərinin qorunmasını təmin etmək istəyirdi. Lakin, Ömər, Sofroniyin göstərdiyi ərazinin, Merac hadisəsinin baş verdiyi yerin olmadığını bilirdi. Çünki, əlamətlər olaraq – düzənlikdəki yüksək bir qayalıq olduğundan xəbərdar idi. Sonra, yahudilərin Zion dağı adlandırdıqları (müsəlmanlara görə, Davud peyğəmbərin qəbrinin orada olduğuna inanıldığı üçün Davud dağı adlandırılıb -red.) yerlərə aparılmış, amma yenə də oranın olmadığı təsbit edilmişdi. Onu da qeyd edək ki, yahudilərin Sionizm adlandırdıqları siyasi hərəkat öz adını məhz bu dağdan almışdır.
Aşağıdakı şəkildə işarə edilmiş yer, mavi kümbəzli Qiyam kilsəsinin düz qarşısındakı “Ömər məscidi”-dir. Böyük səhabə Hz. Ömər’in, Qüdsü fəth etdiyi zaman, qeyd etdiyimiz hekayə əsnasında namaz qıldığı yerdə inşa edilmişdir.
Hz. Ömərin ədaləti ilə tanış olma zamanı gəlib çatmışdı.. O, xristianlara “Kilsənizdə namaz qılsam, məndən sonra gələnlər buraya haqq iddia edərək, əlinizdən ala bilərlər” – deyərək namazını, kilsədə deyil, 10 metr cənubundakı boş bir sahədə (kilsənin həyətində) qılmışdı. Müsəlmanlar daha sonra bu yerdə məscid tikərək, adını “Ömər məscidi” qoydular.
İslam idarəçiliyi altında sülh və mehribanlıq münasibətlərinin hökm sürdüyü yaxın şərq’ə – xüsusən də Qüds’ə – növbəti bir misal.. Qiyam kilsəsindəki digər bir ənənə də, müsəlman ədalət və dözümlülüyün (tolerantlığının) sərhədlərini bizlərə daha parlaq formada nümayiş etdirir..
Belə ki, Osmanlı dövründə Qiyam kilsəsinin açarları iki müsəlman ailədə olarmış. Bu ailələrdən biri səhər kilsəni açar, axşam isə bağlayardı. Digər ailə isə, açarı mühafizə edərmiş. Müqəddəs Qüds şəhərinin müsəlmanların əlindən çıxmasından sonra, xristianlar öz aralarında açarın kimdə olması mövzusunda razılaşa bilməmiş, böyük mübahisə və döyüşlər baş vermişdir. Bütün səylərə baxmayaraq uzlaşma təmin edilə bilməmiş və eyni ənənənin davamına qərar verilmişdir. Günümüzə qədər hələ də müsəlman ailələrdə olan açarlarla, Osmanlı-müsəlman ənənəsi yaşadılmağa davam etdirilir. Heç kimə sirr deyildir ki, ədalətin qoruyucuları olan müsəlmanların hakimiyyətinə son verilməsindən sonra, həmin coğrafiya əhalisinin üzü demək olar ki heç gülmədi..
Hz. Ömər, müsəlmanlar arasında ədalətiylə tanındığı kimi, digər din mənsubları – və hətta heç bir dinə inanmayanlar tərəfindən də bu cür tanınmış və daima hörmətlə anılmışdır. Hətta, Qüds şəhərinə ilk giriş yeri olan Xalil qapısı önündəki meydan, günümüzdə İsrail hakimiyyəti altında belə, rəsmi olaraq onun adını daşıyır.
Aşağıdakı tabloda həm ibrani, həm ərəb, həm də ingilis dilində “Ömər meydanı” yazılmışdır.
Ömər b. Xattab (Allah ondan razı olsun) şəhəri təslim almamışdan öncə, şəhərin qubernatoru və tanınmış şəxsləri ilə danışmış və öz adından bir yazılı sənəd (əmannamə/qanunnamə/əqdnamə) də, hazırlatmışdır. O, bu əməli ilə, Mədinə şəhərinə hicrət edib, orada məskunlaşarkən, tarixdəki ilk Konstitusiyanı tərtib etdirmiş Muhəmməd peyğəmbərin yolunu izləmişdir (bu haqda ətraflı oxumaq üçün buraya tıkla). Bu əqdnamənin altında Hz. Ömərdən başqa, general statuslu digər böyük müsəlman komandirlər olan Xalid b. Valid, Amr b. As, Müaviyə b. Əbu Sufyan və Abdur-Rahman b. Avf’ın imzaları da vardır.
Bu əmannamə, eyni zamanda sülh və dözümlülük aktıdır. Ömər məscidinin girişindəki divara həkk olunmuş bu əmannamədən, qanlar içində boğulan müasir dünyanın götürəcəyi bir çox dərs və ibrətlər vardır.
Həmin əqdnamədə (yuxarıdakı fotoda) bunlar yazılmışdır: “Allahın qulu və (Allahın dininə) iman edənlərin (möminlərin) əmiri (rəhbəri) olan Ömər tərəfindən İlya (Qüdsün Ömərə qədərki keçmiş adıdır – red.) xalqına verilən əmannamədir. Möminlərin Əmiri istər xəstə olsun, istər sağlam – bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda ibadət yerlərinə, xaçlarına və dinlərinə toxunulmayacağına dair təminat verir. Xalqın kilsələri dağıdılmayacaq və yerlərinə başqa heç bir şey tikilməyəcək. Öncədən sahib olduqları haqlar, eynilə mühafizə ediləcək. Sahib olduqları heç bir şeyə xələl gəlməyəcək və dini inancları barəsində onlara heç bir təzyiq edilməyəcək. Heç kim, heç bir şəkildə zərər görməyəcək… Allah, Peyğəmbəri, səhabələri və möminlər bu anlaşmaya şahidlik edirlər. İmza: Ömər b. Xattab.”
Müsəlmanların ilk qibləsi, Quranda adı iki müqəddəs məkandan biri olaraq (Məkkə ilə birlikdə Mədinə də mübarək məkandır. Lakin, Quranda Əqsa və Kəbə məscidləri müqəddəs olaraq qeyd olunmuş, Mədinə isə, Peyğəmbərimizin duası ilə Allah tərəfindən üçüncü müqəddəs məkan elan edilmişdir –red.) qeyd olunan Qüds şəhərindəki Əqsa məscidi, İslam dininə görə çox önəmli bir məqama sahibdir. Qüds və həmin torpaqlar hər hansı bir dövlətə və ya xalqa deyil, bütün İslam dünyasına məxsus özəl bir yerdir. Təsadüfi deyil ki, hakimiyyəti dövründə Sasanilər və Şərqi Roma (Bizans) kimi dövrün ən güclü imperiyalarına qalib gəlmiş, mədəniyyətin beşiyi olan Misiri fəth etmiş Hz. Ömər, ələ keçirilmiş torpaqların heç birinə xüsusi səfər etməmiş, təqribən 1000 km məsafə qət edərək sadəcə Qüdsə yollanmışdır. Təkcə bu, “Məkkə və Mədinə nədirsə, Qüds də tam olaraq odur” təfəkkürünü anlamaq üçün yetərlidir.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir.