İBLİSİN ADƏM VƏ HƏVVAYA VƏSVƏSƏ VERMƏSİ
Uca Allah buyurur: “(Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı…” (əl-Bəqərə: 36). Onları naz-nemət, sevinc və fərəh yurdu Cənnətdən çıxarıb, yorğunluq, ağır və kəşməkeşli dünyaya endirdi. Səbəb isə şeytanın aldadıcı vəsvəsəsidir.
Uca Allah buyurur: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” (əl-Əraf: 20). Əgər siz bu ağacdan dadsanız o zaman deyilən kimi olarsınız.
Dediyinə inandırmaq üçün “…and içdi ki, mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” (əl-Əraf: 21). Digər ayədə isə deyilir: “Şeytan ona (Adəmə) vəsvəsə edib belə dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi?” (Taha: 120). Yəni, meyvəsindən yeyəcəyin təqdirdə bu naz-nemət içərisində qalacağın, heç vaxt fənaya uğramayacaq mülkü əldə edəcəyin ağacı sənə bildirimmi? Bu, şeytanın hiyləsi, yalanı və həqiqəti əks etdirməyən məlumatıdır.
Ayədə deyilən “əbədiyyət ağacı” Peyğəmbərin r “Cənnətdə bir ağac vardır ki, onun kölgəsində yüz il yol gedən atlı onu gəzib qurtara bilməz” — sözləri ilə vəsf etdiyi ağac ola bilər.
(Buxari: ? 3252; Muslim: ? 2826.)
“Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı. (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar.” (əl-Əraf: 22).
Taha surəsində isə belə deyilir: “(Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) Cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar.” (Taha: 121).
———–
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı