İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ
Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna haqqı ilə iman emək deməkdir. O, bütün kamil Sifətlərə malik və bütün əskik Sifətlərdən münəzzəhdir.
«Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). Allah Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməddə (s.a.v) Onu Sünnədə vəsf etdiyi kimi qəbul etmək. Onlara de: «(Bunu) sizmi, yoxsa Allahmı daha yaxşı bilir?» (əl-Bəqərə 140). Allahdan sonra onu (Allahı) Rəsulundan daha gözəl kim tanıya bilər? Rəsululah (s.a.v) bu haqda buyurur: «Sənə, sənin özü-özünə verdiyin, yaxud öz Kitabında nazil etdiyin və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adla dua edirəm» .(İmam Əhməd «Musnəd» 1/391, Həkim «əl-Müstədrək» 1/509, İbn Hibban.)
Əbu Nuaym (Allah rəhmət etsin) deyir ki: «Allahın öz nəfsini vəsf etdiyi şeyləri inkar edən kafir olur. Nə Allahın özünü vəsf etdiyi, nə də Rəsulu Onu vəsf etdiyi heç bir şey təşbih deyildir»(İmam Zəhəbi «Uluv».)
Allahın İsim və Sifətlərini bilmək, mənasını başa düşmək, onlarla Allaha dua edib Ondan istəmək, qulların qəlblərində yaradıcını ucaltmaq, Onu təqdis edərək hər cür əskiklik və qüsurlardan tənzih etmək və Onu sevmək, Ona ümüd edib arzulamaq və Ondan qorxmaq, Ona təvəkkül etməkdir. Belə ki, yaradıcı onların qəlblərində, nə zatında, nə də Sifətlərində heç bir ortağı olmayan ən uca örnək olur. Heç kimsənin onların qəlblərindəki bu yer kimi bir yeri yoxdur.
Peyğəmbərin (s.a.v) risaləsi iki şeyi əhatə edir: Faydalı elm və Saleh əməl. «Müşriklərin xoşuna gəlməsə də (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!» (ət-Tövbə 33). Bu ayədə olan Hidayət — Faydalı elm, Haqq Din — Saleh əməldir.
Faydalı elm — gərək dünyada, gərək də axirətdə xeyirli və faydalı olan hər bir elmi əhatə edir. Heç şübhəsiz ki, Allahın İsimləini, Sifətlərini və feillərini bilmək bu elmlərin başında gəlir. Çünki bunları bilmək elmlərin ən xeyirlisi, ilahi risalətin özü, Peyğəmbər dəvətinin özəyi, söz, iş və etiqad baxımından dinin təməlidir. İsim və Sifətlər Tövhidi, Uluhiyyət və Rububiyyət Tövhidindən daha əhatəli və ümumidir. Allahın haqq bir İlah olduğuna, ibadətin ondan başqasına caiz olmadığını bilmək Onun İsim və Sifətlər elmindən bir budaqdır. Eyni şəkildə Onun Rəbb olduğuna, hər şeyi yaradıb yoxdan var etdiyinə, varlılıqlara surət verdiyinə iman etmək, İsim və Sifətlər Tövhidindən bir budaqdır. Bu da İsim və Sifətlər Tövhidinin Rububiyyət və Uluhiyyət Tövhidindən daha ümumi və əhatəli olduğunu göstərir.
Allahın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məhdudlaşdırması, nə də əhatə etməsi mümkündür. Allahı onun özünü adlandırdığı kimi adlandırmaq, yaxud onun özünü adlandırdığı adları inkar etmək Allaha qarşı üsyan etmək deməkdir. Ona görə də bu işdə ədəb yolunu tutmaq, Quran və Sünnə mətnlərində olan adlarla kifayətlənmək lazımdır. «Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). «Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdu». (əl-Əraf 33).
İbn Qeyyim (Allah rəhmət etsin) Allahın İsim və Sifətlərini üç qismə bölür: 1. O, adlar ki, insanlardan qeyri məxluqlar bilir. 2. O, adlar ki, Quran və Sünnədə varid olub. 3. O, adlar ki, onları yalnız Allah bilir.
Allah, ondan əvvəl heç bir şeyin olmadığı (Əvvəl), ondan sonra heç bir şeyin olmadığı (Axır), ondan üstə heç bir şeyin olmadığı (Zahir), ondan o, tərəfə heç bir şeyin olmadığı (Batindir). «Əvvəl də, axır da, zahir də, batin də odur. O, hər şeyi biləndir». (əl-Hədid 3). Yenə də etiqad edirik ki, Allahın zatı, digər zatlara, varlıqlara bənzəməz. Sifətləri də eyni şəkildə digər sifətlərə bənzəməz. Çünkü Allaha bənzər, oxşar heç bir varlıq yoxdur. O, yaratdığı varlılıqlarla qiyas edilməz. Allah həyatda hər şeyin xaliqi, yaradıcısı və həyatda olan hər bir varlığın ruzi vericisidir. «Məgər yaradan bilməzmi? Allah incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır». (əl-Mulk 14). Allah nə yaratdıqlarını yaratdıqdan sonra yaradıcı sifətini almış, nə də insanları var etdikdən sonra Bəri (yoxdan var edən) adını almışdır. Bu sifətlərə əzəldə də sahibdir. O, indi də əbədi olaraq bu sifətlərə sahibdir. Bu sifətlərin hamısı onun kamil sifətlərindəndir. Məs: O, insanları yaratdıqdan sonra yaradıcı adını almamışdır. Bütün sifətləri kimi yaradıcı sifəti də onları yaratmazdan əvvəl onda var idi. Bu sifətlər əsla və heç bir şəkildə sona yetməz. Allah var olduqca onunla birlikdə var olacaqdır. Allahın varlığının da sonu olmayacaqdır. Allah yaratdıqlarını Alim olaraq yaratmışdır və heç bir şey ondan gizli qala bilməz, heç bir şey onun elmindən qırağa çıxa bilməz. Onun elmi böyük və kiçik, çox və cüzi hər bir şeyi əhatə etmişdir. «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 3). O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Ta ha 110).
Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: “Allahın doxsan doqquz — yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”(Buxari 6410, Müslim 2677. )
Çünki bu 99 İsmi bilmək qəlbin düzəlməsi üçün əsasdır.
Qurani Kərimdən buna dəlillər isə: «Şübhə yox ki, Allah çox Uca (ALİ) və çox böyukdür (KƏBİRDİR)». (ən-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (AZİZ) və hikmət sahibidir (HAKİMDİR)». (ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (ĞAFUR) və rəhmlidir (RAHİMDİR)». (ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir (RAQİBDİR)». (ən-Nisa 1). «Haqq-hesab çəkməyə (HASİB) olaraq Allah kifayət edər». (ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (LƏTİF) və (bəndələrinin bütün əməllərindən) xəbərdardır (XABİRDİR)». (əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər şeyi hifz edəndir (HAFİZDİR)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa (HƏMİD) və öyülüb, mədh edilməyə layiqdir (MƏCİDDİR)». (Hud 73). «Şübhəsiz ki, Allah çox yaxındır (QƏRİB) və duaları qəbul edəndir (MUCİBDİR)». (Hud 61). «Allah ehtiyacsız (ĞANİ) və həlimdir (HƏLİMDİR)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə (ŞAHİD) olması kifayət deyilmi. (Fussilət 53)». «Allah (öz elmi ilə) hər şeyi ehtiva edəndir (MUHİTDİR)». (Fussilət 54). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, RAHMƏNDİR, RƏHİMDİR. O, özündən başqa heç bir ilah olmayan MƏLİKDİR (mütləq sahibdir), QUDDUSDUR (nöqsanlıqdan münəzzəhdir), SƏLAMDIR (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), MUMİNDİR (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), MUHEYMİNDİR (hamilik edən, qoruyandır), ƏZİZDİR (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), CƏBBARDIR (hökmünə məcbur edəndir), MUTƏKƏB-BİRDİR (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, XALİQDİR (hər şeyi yaradandır), BƏRİDİR (yoxdan var edəndir), MUSAVVİRDİR (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, ƏZİZDİR, HƏLİMDİR (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). və s. ayələri dəlil göstərmək olar.
Allahın Isim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də İsim və Sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünkü insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
Əbu Hənifə bu haqda deyir ki: “Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizim duymağımıza bənzəməz. Danışır, lakin danışması bizim danışığımız kimi deyildir”
(«əl-Fiqhul Əkbər» s. 302. ) . Çünkü onun misli yoxdur. «De ki, o Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).
İsim və Sifətlər Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.
Əhli Sünnə Vəl Cəmaatın bu mövzu ilə bağlı mövqeyi belədir:
1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58).
2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (HƏYYDİR), nə də yuxu bilər (QAYYUMDUR)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64).
3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünkü bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz olmadığı üçün.
————-
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn