Bəzi müsəlmanların savadsızlığı və dözümsüzlüyündən məharətlə istifadə edərək, müsəlmanlara “tolerantlıq” dərsləri keçən qüvvələr, tarix boyunca şüar etdikləri mədəniyyəti, əslində elə İslam’dan öyrəndiklərini etiraf etmək istəməzlər..

 

Adi bir misal: İstanbulda yerləşən Firuzağa Camii (məscidi).. Çox maraqlıdır ki, bu məscidin iki deyil, bir minarəsi var. Bununla yanaşı, digər tək minarəli məscidlərdən fərqli olaraq, minarəsi qiblə istiqamətinin sağ deyil, sol tərəfində inşa olunmuşdur.

 

Bunun səbəbi haqda tarixçilər bir çox versiyalar irəli sürmüşlər. Bunların içində ən güclü hesab olunan versiya, Osmanlı hökümətinin, qeyri-müsəlman əhalinin rahatlığını təmin etməsi-hesab olunur.

 

1491-ci ildə Sultan 2. Bayazid’in hakimiyyəti dönəmində Maliyyə naziri olmuş Firuz ağa tərəfindən inşa etdirilmiş bu məscid, İstanbul’un Osmanlı tərəfindən fəth edilməsindən sonra tikilmiş ilk məscidlərdəndir. Keçmiş adı Konstantinopol olan İstanbulun əhalisinin 80%-nin xristian yunanlardan ibarət olması və Firuz ağa məscidinin tikildiyi Sultanahmet meydanının, bu əhalinin kompakt şəkildə məskunlaşdığı önəmli mərkəz olması, ‘tək minarə’ qərarının verilməsinin əsas səbəbi hesab olunur. Belə ki, məscidin sağ tərəfində əsasən yunanlar, indiki Divan yolu küçəsinin olduğu sol tərəfdə isə əsasən müsəlmanlar məskunlaşmışdılar. Bu səbəblə də, yaxınlıqda yaşayan yunan vətəndaşlar narahat olmasınlar deyə, minarə tək sayda və məscidin sol tərəfində inşa edilmişdir.

 

İslam dini, bütün insanları yalnız xeyirli və gözəl şeylərə dəvət edir, lakin bunun məcburi və zoraki formada deyil, gözəl şəkildə təbliğ edilməsini əmr edir:

“(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.” (Quran, Nəhl, 125).

 

Başqa bir ayədə Uca Allah, İslam dininin ən möhkəm qırılmayan bir dəstək olduğunu qeyd etməklə yanaşı, bu gözəl dinin, zoraki bir məcburiyyət dini olmadığını – qısası, hər kəsin öz seçiminə əsasən əbədi həyatı qazanacağı və ya itirəcəyini bəyan edir:

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.” (Quran, Bəqərə, 256).

 

Həqiqətən də ən böyük dözümlülük, hörmət və sülh məktəbi – İslam’dır! Uca Allah, öz bəndələrinə zorakılığı qadağan etmiş və bu şüuru aşağıdakı ayədə bəyan edərək buyurmuşdur:

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir).” (Quran, Yunus, 99).

 

Digər din və düşüncələrə qarşı dözümlü olmağa, səbir və əxlaqla təbliğat aparmağa çağıran İslam dini, bu dinin mənsublarının (müsəlmanların) öz aralarında rəhmli, əxlaqlı və əsl qardaş kimi olmalarını qat-qat artıq dərəcədə əmr edir. Təəssüflər olsun ki, günümüzdə bir çox müsəlman, bu şüurdan uzaqlaşaraq, öz aralarında belə mehribanlıq və qardaşlığı tərk etmişlər. Aşağıda qeyd edəcəyimiz bu ayənin, bu “xəstəliklərə” dərman olması ümidi ilə..

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Quran, Ali-İmran, 103).

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr