Cəmiyyətdəki ən zəif fərdlər, yetimlərdir. Bu səbəblə də, yetim uşaqlar, böyüdükdə çox zaman kövrək və anlayışlı insanlara çevirilirlər. Çünki həyatın, ən zəif nöqtələrini görə bilmişlər.

 

Daima rahatlıq və komfort içində böyüyənlər isə, çox zaman naşükür və anlayışsız böyüyürlər. Təbii ki hər iki misalın istisnaları vardır.

 

Məhz bu səbəbdən dolayı Uca Allah, insanlıq üçün əbədi bir məşəl olan sevimli bəndəsi Məhəmməd’i (ona salam olsun), həyata ən aşağı nöqtədən başladaraq, ən yüksək səviyyəyə çıxarmışdır. Ana bətnində ikən atadan, altı yaşında ikən anadan, iki il sonra onu himayə edən babadan yetim qalaraq, əmisi Əbu Talib’in himayəsində böyüyən bir insan, sosial təbəqələşmənin hər bir pilləsində olan insan üçün nümunə götürəcək birisi olmalı idi. İnsanlıq üçün bir müəllim olan birisinin, həyatın ən çətin anlarını və çətinliklər içərisində olan insanları da, həmçinin yüksək təbəqələri də bilməsi və hiss etməsi mütləq idi. Çünki Uca Allah, onu bütün insanlıq üçün nümunə olaraq göstərmişdir:

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr/yad edənlər üçün gözəl örnəkdir!” (Quran, 33/21)

 

Buna görə də Uca Allah, Onun bütün davranışlarını, eynilə Quran kimi – qoruma altına almışdır. Yalnız Allahın qoruduğu birisi nöqsanlardan uzaq və insanlara nümunə ola bilər. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:

“Məni Rəbbim tərbiyə etdi və tərbiyəmi çox gözəl etdi.” (Suyuti, 1/12)

 

Allahın göndərmiş olduğu son və ən böyük elçi, tək-tənha qalaraq ucsuz-bucaqsız səhra çöllərində ‘sonsuz bir həyat’ duyğusunu kəşf etmək və aya, ulduzlara baxaraq təfəkkür etmək üçün çobanlıq etməli, çətinlikləri yaşamalı idi ki, həyatının ağır dönəmlərindən keçən insanlara nəsihət verib, təsəlli edərkən, “sən haradan biləsən ki biz nələr yaşayırıq, kənardan təsəlli etmək asandır” – deməsin. Çünki Özü, Ondan öncə gəlmiş peyğəmbərlər kimi ən çətin həyat sınaqları ilə imtahan olunurdu. Sevgili peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur:

“İnsanlar içərisindən ən ağır imtahana çəkilənlər – Peyğəmbərlərdir. Sonra sırayla onlara ən çox bənzəyənlər, sonra isə onlara bənzəyənlər (onların yoluyla gedənlər)..” (Buxari, Tirmizi)

 

Hz. Məhəmməd (ona salam olsun), körpə yaşında ikən yetim qalmışdı. Süd anası olan Həlimə xanımın dediyinə görə, heç kim Ona süd analığı etmək istəmirdi. Çünki, atası yox idi, yetim idi və buna görə də (süd analığı edərək dolanışığını təmin edən) heç bir qadın atasız bir uşağın maddi imkanının olmadığına görə ona yaxın durmur, başqa uşaqları (süd vermə üçün) seçirdilər. Uşaq götürmədən evinə qayıtmaq istəməyən Həlimə, O’nu götürdü və Allahın elçisinə süd analığı etmək şərəfinə nail oldu. Allah, ən sevdiyi bəndəsinə belə sıxıntını daddırmışdır. Həyatından “narazı olanlar” üçün deyə bilərik ki, çətinliklər, Allahın bir tərbiyə metodu və gələcəkdəki işıqlı günlər üçün bir müjdədir.. “Bu niyə mənim başıma gəlir” deyil, “bu mənə nə öyrətmək istəyir?” deməlidir insan..

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr