media-img_0229

İslam qılınc gücü ilə yayıldı?

Bəzi tarixi hadisələr var ki, bunun əksini göstərir. Belə hadisələrdən biri “İbn Süreyc qiyamı”dır. Qeyri-müsəlman əhalidən alınan cizyə vergisi xilafət xəzinəsinin əsas gəlir qaynaqlarından biri idi. Cizyə əmək qabiliyyəti olan kişi əhalidən, mükəlləflər kasıb (illik 12 dirhəm), ortabab (illik 24 dirhəm) və varlı (illik 48 dirhəm) olaraq üç qismdə təsnif edilərək alınırdı. (1 dirhəm=2,975 gr gümüş). İslamı qəbul edən şəxslər cizyə ödəyicisi kateqoriyasından çıxırdı. Başqa sözlə müsəlman əhalinin çoxalması vergi daxilolmalarında azalmaya səbəb olduğu üçün bir baxıma “sərf etmirdi” və ona görə də bu istiqamətdə bir məcbur etmə bəhs mövzusu deyildi.

İraq ümum valisi Xalid ibn Abdullah əl-Qəsri həlimliyi və müdrikliyindən ötürü “kamil” ləqəbi ilə tanınan Əşrəs ibn Abdullah əs-Süləmini Xorasan canişinliyinə təyin etmişdi. O, bu həssas bölgədə bir sıra mühüm işlər görərək yerli xalqın hörmətini qazanmışdı. Dövrün tanınmış dəvətçilərindən Əbüs-Seyda Saleh ibn Tərif və Rəbi’ ibn İmran ət-Təmimidən Mavəraünnəhr və Fərqanə bölgəsinin türk və tacik əhalisini İslama dəvət etmək üçün öz tələbələri ilə birlikdə bölgəyə getmələrini istəmişdi. Vergi məmurlarının qanunsuz hərəkətlərindən xəbərdar olan Əbüs-Seyda və Rəbi’ ət-Təmimi İslamı qəbul edənlərdən cizyə alınmayacağı və sadəcə yetkinlik yaşına çatmış kişi əhalidən xərac vergisi alınacağı şərti ilə valinin bu istəyini qəbul etmiş, vali də onun irəli sürdüyü şərtləri qəbul etmişdi. 728 ildə Səmərqənd və Fərqanə vilayətinin digər şəhərlərini tələbələri ilə birlikdə gəzən Əbüs-Seyda və Rəbi’ ət-Təmimi yerli əhalini İslama dəvət etmişdilər. Dəvətçilər əhalini İslamı qəbul edəcəkləri təqdirdə cizyədən azad olacaqlarını və’d etmişdilər. Bir neçə il davam edən bu dəvət fəaliyyəti nəticəsində yerli xalqın mühüm bir qismi İslamı qəbul etmişdi.

Bu hadisə vilayət xəzinəsinə vergi daxilolmalarında ciddi bir azalma meydana gəlməsinə səbəb oluşdu. Deqhan adlanan yerli feodallar vali Əşrəsə məktub yazaraq əhalinin İslamı qəbul etmələri səbəbi ilə cizyə alınacaq adam qalmadığını bildirmişdilər. Xəzinə gəlirlərindəki azalmanı görən vali Əşrəs Səmərqəndin müdafiə və maliyyə işlərindən məs’ul hakimi Həsən ibn Əbil-Əmərətaya məktub yazaraq kimlərin həqiqətən İslamı qəbul etdiyini, kimlərin isə cizyədən qurtulmaq üçün sözdə müsəlman olduğunu araşdırmasını istəmişdi. İbn Əbil-Əmərat İslamı qəbul etdiyini bildirənlərin sünnət olub olmadıqlarını, cümə günləri məscidə gəlib-gəlmədiklərini və Qur’andan ən az bir surəni əzbər bilib-bilmədiklərini yoxlamışdı.

Tələblərə cavab verməyənlərdən yenidən cizyə alınmağa başlaması Soğdun tacik əhalisi arasında narazılıq və gərginliyin meydana gəlməsinə səbəb olmuşdu. Onlardan müsəlman olduqları üçün cizyə ödəməyəcəklərini bildirən 7000 nəfər Səmərqəndi tərk etmişdilər. Lakin bir müddət sonra yaxalanaraq Mərvə göndərildilər və həbs edildilər. Bu irtidad (mürtədlik) hərəkəti bir müddət sonra bütün Soğda yayıldı və Buxara əhalisi də qiyamçılara qoşuldu. Qiyamçılar Türkeş tərxanından yardım istəmiş və yardıma gələn türklərlə birlikdə ərəblərə hücum etmişdilər. Qiyamçılarla ərəblər arasında baş vermiş döyüş ərəblərin qələbəsi ilə bitmişdi. Qiyamçıların məğlubiyyətindən sonra vali Əşrəs ibn Abdullah Buxaranı mühasirəyə alaraq ələ keçirmiş, beləcə soğd qiyamı yatırılmışdı.

Zahid və abid bir şəxs olduğu bildirilən Haris ibn Süreyc sözü gedən döyüşdə ətrafındakı adamlarla birlikdə hökumət qüvvələri tərəfdə vuruşsa da sonradan fikrini dəyişmişdi. Haris ibn Sureycin hansı səbəblərdən ötürü sonradan qiyamçıların təlqin və müdafiə etdikləri fikirləri mənimsədiyi barədə yekdil bir fikir mövcud deyil. Mümkündür ki, o, Cəhm ibn Səfvanın (cəhmiyyə firqəsinin banisi) təsiri altında qalaraq bu fikirlərə yiyələnmişdi. Çünki mənbələrin nəql etdikləri məlumatlardan qiyam qaldırmış soğd əhalisinin kəliməyi-şəhadəti söyləməklə İslamı qəbul etmiş olduqlarını düşündükləri üçün, yaxud işlərinə belə yaradığı üçün artıq cizyə ödəməkdən azad olduqlarını görməkdəyik.

Bununla birlikdə onlar İslamın şərtləri olan fərz ibadətləri də yerinə yetirmir, tövhid əqidəsini də tələbinə uyğun bir şəkildə mənimsəmirdilər. Xorasan vilayətini idarə edən şəxslər isə onların sadəcə “müsəlman oldum” sözü ilə kifayətlənməyərək imanın cüz’ü olan əməlləri yerinə yetirib yetirmədiklərini yoxlayırdılar. Yerinə yetirmədikləri üçün də onları iman etmiş saymayaraq əvvəlki qaydada cizyə ödəmələrini tələb edirdilər. Cəhm ibn Səfvan isə imanın sadəcə sözdən ibarət olduğu, əməllərin imanın bir cüz’ü olmadığı, imanın artıb azalmadığı kimi bid’ətçi fikirləri ortaya atıb yayan bir şəxs idi ki, bu fəaliyyəti nəhayət öldürülməsinə səbəb olmuşdu. Bəzi müasir tədqiqatçılar Əməvilərin soğdlulara qarşı bu hərəkətini “zülm” hesab etsələr də daha əvvəlki tarixi hadisələrə baxıldığı zaman bunun belə olmadığı aydın olur. Məsələn raşid xəlifələrdən Əbu Bəkr (632-634) Peyğəmbərin (s.ə.v) vəfatından sonra “biz namaz qılıb, oruç tutacağıq, fəqət zəkat ödəməyəcəyik” deyən, bununla da İslamın beş şərtindən birini yerinə yetirməkdən imtina edən bəzi ərəb qəbilələrinin bu hərəkətini riddət, İslamdan dönmə hesab edərək onlara müharibə elan etmişdi.

Mənbələrdə Haris ibn Süreycin Cəhm ibn Səfvanla məktublaşdığına dair məlumatlar mövcuddur. Haris ibn Süreyc Xorasanda meydana gələn ixtilaflarda Cəhm ibn Səfvandan başqasının münsifliyinə razı olmamışdı. Ehtimal ki, cəhmi fikirlər Harisin zehnində bu məktublaşmalar səbəbiylə özünə yer etmişdi.

Əfqanıstanın Bəlx şəhəri 25 il davam etmiş İbn Süreyc qiyamının əsas mərkəzlərindən biri idi. Bu səbəbdən də Bəlx şəhəri uzun müddət “Murciəabad” olaraq tanınmışdı. 745-ci ildə Haris ibn Süreycin ətrafındakı qiyamçılarla hökumət qüvvələri arasında meydana gələn silahlı toqquşmalardan birində Cəhm ibn Səfvan öldürülmüşdü. Bu hadisədən bir il sonra (746) ildə isə Mərv yaxınlığında Nəsr ibn Səyyarın qüvvələri ilə döyüşə girən Haris öldürülmüşdü.

 

 Tarix elmləri üzrə fəsləfə doktoru Dr. Elnur Nəsirov

Bənzər Məqalələr