İslam Rəhməti
Bu dinin əsas xüsusiyyətlərindən biri onun rəhmət dini olmasıdır. O, ona iman gətirənlər üçün rəhmətdir. Çünki o həmin adamı həm dünyada həm də axirətdə sevindirir. İslam dini bütün bəşəriyyət üçün rəhmətdir. Çünki o, zəifə, fağıra, acizə və kiçiyə rəhm etməyi buyurur. O həmçinin bütün məxluqat üçün də rəhmətdir. Məsələn, bu şəriət heyvanlara apara bilməyəcəyini yükləməyi və onlara əzab verməyi qadağan etmişdir. Onları kəsəndə isə rahat kəsilməsini əmr etmişdir.
Bu din rəhmət dinidir. Allah taala onu Rəhman və Rəhim olan rəhmət sifətindən etmişdir. Həmçinin bu dini bizə çatdıran Peyğəmbəri də rəhmət və şəfqət sifətləri ilə vəsf edilmişdir. Allah taala buyurur:
“(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (ət-Tövbə: 128).
Rəhmət həmçinin Allahın mömin bəndələrinin simalarındandır. Allah taala buyurur:
“Muhəmməd (əleyhissalam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər…” (əl-Fəth: 29).
Onlar bu sifətləri bir-birlərinə tövsiyə edirlər. Allah taala buyurur:
“Sonra da iman gətirən və bir-birinə səbirli olmağı tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir! (Əməl dəftərləri sağ əllərinə verilənlərdir!)” (əl-Bələd: 17-18).
Peyğəmbər (sav) möminlərin vəziyyətini vəsf edərək buyurmuşdur:
“Möminlər öz rəhmət, şəfqət və mehribanlıqlarında bir bədən kimidirlər. Həmin bədənin bir əzası şikayətləndikdə bədənin digər əzaları onun ağrısından təsirlənir və hərarəti artır”(Buxari: 10\ 438\ ? 6011. Müslim: 4\ 1999-2000\ ? 1586.)
Peyğəmbər (sav) buyurmuşdur:
“İnsanlara rəhm etməyənə Allah da rəhm etməz”(Buxari: 13\ 358\ ? 7376. Müslim: 4\ 1809\ ? 2319.)
İslam, hətta heyvanlara göstərilən mərhəməti cənnətə aparan səbəb etmişdir. Peyğəmbər (sav) buyurmuşdur:
“Bir kişi yol ilə gedərkən yaman susayır. Bu vaxt bir quyu tapır. Quyuya enib su içir. Quyudan çıxdıqdan sonra ləhləyən bir it görür. Həmin it susuzluqdan nəm torpağı yalayırdı. Həmin kişi dedi: Mən necə susamışdımsa bu it də elə susamışdır, deyib quyuya enir və xöffinin (dəridən olan corabın) içərisinə su doldurdu. Xöffü ağzı ilə tutub quyudan çıxdı və itə su verdi. Onun bu əməlinə görə Allah taala onun üçün şükr edib onu bağışladı. Səhabələr dedilər: “Ey Allahın Elçisi, bu heyvanlara görə bizim üçün savab vardır? Peyğəmbər buyurdu: hər bir canlıda sizin üçün savab vardır “(Buxari: 1\ 278\ ? 17. Müslim: 4\ 1761\ ? 2244.)
Müsəlman cəmiyyətinin arasında bu sifətin yayılması, onların bir-birlərinə qarşı şəfqətli, mərhəmətli və dayaq olmalarına, başına müsibət gələnlərə kömək edənlərin tapılmasına səbəb olur. Çünki müsəlmanlar öz aralarında bir-birlərinə mərhəmətlidirlər. Həmçinin bu sifət əmin-amanlığın yayılmasına da səbəb olur.
Hazırlayan:
R.Muradlı