İslamın Gözəllikləri (İmanın əsasları baxımından), Axirətə İman
Beşinci əsas: Axirət gününə iman:
Axirət günü: İnsanların haqq-hesab üçün toplanacaqları qiyamət günüdür. Bu günün “Axirət” adlanmasının səbəbi, onun sonuncu gün olmasıdır. Bu gündə Cənnət əhli cənnətdə, Cəhənnəm əhli isə cəhənnəmdə məskunlaşdırılacaqlar.
Allah taala buyurur:
“Allahdan başqa ibadətə layiq heç bir haqq tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!” (ən-Nisa: 87).
Qiyamət günü insanlar qəbirlərindən, mələk İsrafil ikinci dəfə sura üfürdükdən sonra qalxacaqlar. Onlar qəbirlərindən ayaqyalın, lüt və sünnət olunmamış halda çıxacaqlar.
Allah taala buyurur:
“Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik).” (əl-Ənbiya: 104).
Digər ayədə isə Allah taala buyurur:
“(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz! Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!” (əl-Muminun: 15 – 16).
Peyğəmbər (sav) hədislərin birində buyurur:
“Qiyamət günü insanlar ayaqyalın, lüt və sünnətsiz məhşərə toplanacaqlarə”(Buxari: 11\ 377-378\ ? 5627. Müslim: ? 2859.)
O gün, bəndə ilə etdiyi əməllərinə görə haqq-hesab çəkiləcək, mükafatlandırılacaq yaxud cəzalandırılacaqdır. Quran, Sünnə və müsəlmanların icması bu məsələyə dəlildir. Allah taala buyurur:
“Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!” (əl-Ğaşiyə: 25-26).
Allah taala buyurur:
“Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.” (əl-Ənam: 160).
Allah taala buyurur:
“Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.” (əl-Ənbiya: 47).
İnsanlar məhşərdə haqq-hesablarını əlli min ilə bərabər bir gündə gözləyəcəklər. O gün, günəş məxluqatdan bir mil məsafə uzaqlığında olacaqdır. Hər kəs öz əməlinə uyğun olaraq tərləyəcəkdir. Bəzilərinin təri onu boğacaq, bəzilərinin təri belinə, dizlərinə, qədəmlərinə qədər olacaqdır. Bəziləri Rəhmanın ərşinin kölgəsi altında nemət əldə edər və Peyğəmbərin hovuzundan sərin, dadlı və saf su içərlər. Allahdan Onun lütfünü istəyirik!
O gün, hər kəsə əməlləri yazılmış kitabı (əməl dəftəri) özünə veriləcəkdir.
Allah taala buyurur:
“Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən”” (əl-İsra: 13, 14).
O gün hər kəsə yalnız etdiyi əməlləri kömək edəcəkdir. Heç kəsin atası, anası, qardaşı və başqaları ona kömək etməyəcəkdir. Hətta o, tanıdığı adamlardan, ondan kömək istəyəcəklər deyə, uzaq qaçacaqdır.
Allah taala buyurur:
“O gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır).” (Əbəsə: 34-37).
Allah taala buyurur:
“Onlar bir-birinə göstəriləcəklər (lakin bir-birini tanısalar da, özlərini tanımazlığa vurub bir-birindən qaçacaqlar). O günün əzabından qurtarmaq üçün günahkar istəyərdi ki, öz oğullarını fəda etsin (fidyə versin)” (əl-Məaric: 11).
Sirat körpüsü cəhənnəmin üzərindən qoyulacaqdır. Möminlər bu körpünü keçib cənnətə girəcəklər. Kafirlər isə orada yıxılıb cəhənnəmə düşəcəklər. Körpünü ilk keçənlər Məhəmməd Peyğəmbərin ümməti olacaqdır.
O günün nəticəsi cənnət və ya cəhənnəm olacaqdır. Bu iki məkan məxluqatın qayıdacaqları yerdir. Cənnət, Allahın müttəqi və mömin bəndələri üçün hazırladığı naz-nemətlərin məskənidir. Bu insanlar, Allahın onlara vacib etdiyinə iman gətirmiş, sidq ürəklə və ixlasla Allahın və Peyğəmbərinin itaətində duranlardır. Orada gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın ağlına gələ bilməyəcək qeyri adi nemətlər vardır.
Allah taala buyurur:
“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!” (əl-Bəyyinə: 7-8).
Allah taala buyurur:
“Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” (əs-Səcdə: 17).
Cəhənnəm isə Allahın, Ona və rəsuluna asilik edən zalım və kafirlər üçün hazırladığı cəza məkanıdır. Orada insanın təsəvvür etmədiyi müxtəlif əzab və cəza növləri vardır. Allah taala buyurur:
“Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!” (Ali İmran: 131).
Allah taala buyurur:
“Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!” (əl-Kəhf: 29).
Axirət günü haqda qısa məlumatdan sonra bu günə imanın bəzi gözəlliklərindən danışmaq olar:
1. Bu günün haqq-hesab günü olmasına iman gətirmək Allahın kamil adilliyi və rəhmətinə açıq aydın dəlildir. O gün zalımlar etdikləri zülmün, xeyirxahlar isə etdikləri yaxşılıqların əvəzini görəcəklər.
2. Axirət gününə iman gətirmək insanı öz nəfsinin istəklərinə, şəhvətinə, düşmənçiliyinə və təkəbbürlüyünə qapanmağa mane olur. Kim belə iş görmək istədikdə, qarşısında haqq-hesab gününün olacağını dərk etsə, onda bu idrak onu pis əməllərdən çəkindirməyə kömək olar.
3. Axirət gününə iman gətirmək yaxşı işlərin görülməsinə əsas səbəbdir. İnsan bir yaxşılıq edəndə bilir ki, bu yaxşılıq onun əməl dəftərində yazılmışdır. Bu əməllər Qiyamət günü onun qarşısına çıxacaq və əvəzini artıqlaması ilə görəcəkdir. Bunu bilən insan, Allah yanında dərəcəsini artırmaq üçün, yaxşı işləri görməkdə daima həvəs göstərir.
4. Qiyamət gününə iman, bəla və müsibətlərdə səbirli olmağın ən önəmli amillərindəndir. Çünki insanın bu dünya həyatı məşəqqət və bədbəxtliklərlə doludur. Lakin insanlar Allahın səbirli bəndələri üçün hazırladığı savab və mükafatı fikirləşəndə onları, qarşılaşdığı çətinlik və bəlalardan, itirdiyi sağlamlıq, mal-dövlət, şan-şöhrət, övlad və s-dən üstün görür.
5. Axirət gününə iman, dünyaya arxayınlığın və onunla qürurlanmağın qarşısını alır. Çünki Qiyamət gününə iman gətirən insan, dünyanın fani və az faydalı olduğunu dərk edir. Dünyaya yalnız onunla qürurlanan arxayın olar.
6. İnsanın Axirət gününə və az bir müddətdən sonra bu dünyadan köçüb əbədi bir həyata qovuşacağına iman gətirməsi onun hər bir işdə ədalətli mövqe tutmasına əsas verir. Dünyadan, onu sevindirəcək bir şey qazandıqda bu sevinci onu lovğalandırmaz, əksinə o qazandığı işdən ehtiyaclarını ödəyər, Allahın ona verdiyi nemətə sevinər və onunla Allaha itaətini artırar. Əgər ona dünyada hər hansı bir bəla və ya çətinlik baş verərsə həmin insan üzülməz və Allahdan ümidini kəsməz. Əksinə səbr edib savabını Allahdan istəyər. Çünki o bilir ki, hər bir bəladan sonra rahatlıq vardır. Bu dünya həyatı fanidir, dünyada olarkən Allaha itaət edənlər üçün həqiqi səadət və xoşbəxtlik axirətdədir.
7. Axirət gününə iman, saleh əməllərdə və ibadətlərdə yarışmağa səbəbdir. Çünki axirətdə cəza əməlin cinsindən və kəmiyyətindən asılıdır. Bu da insanı, yaxşı işlər görməyə sövq edir və pis işlərdən çəkindirir.
8. Axirət gününə iman, cəmiyyətdə bütün insanlarla gözəl əxlaqla davranmağı qoruyur. Çünki bütün bunların axirətdə öz mükafatı vardır. Elə bu baxımdan, Allaha və Axirət gününə iman gətirənin əxlaqı gözəl və yaşayışı rahat olar. Xeyri çoxalar, zərəri isə azalar.
Bu, Axirət gününə imanın bəzi gözəllikləri idi. Yəqin ki, deyilənlər kifayətdir. Sadalanmayan gözəlliklər sayca çox, təsircə mühümdür.
Hazırlayan:
R.Muradlı
www.islamevi.az