media-img_9502

Yəqin ki, bəzi məscidlərə daxil olarkən divardan üzərində “Kumeyl Duası” yazılmış iri plakatlar görmüsünüz.

Kumeyl kimdir?

Adı “Kamilcik”, “kiçik Kamil” mənasını ifadə edən Kumeyl b. Ziyad, üçüncü raşidi xəlifə Osman b. Əffanın hakimiyyəti dövründə (643-656) baş vermiş hadisələrin mərkəzində yer alan fiqurlardan biridir. Müsəlmanlar arasına söz-söhbət və kin-küdurəti alovlandıracaq mövzuları soxaraq, fitnə çıxarmaqla məşğul olur, hətta silahlanmaq və vətəndaş müharibəsinə səbəb olan hərəkətlərdən çəkinmirdi.

Malik b. Əştərin yaxın dostlarından biri olaraq İraqda insanları xəlifənin əleyhinə təşviq edən şəxslərdən biri olan Kumeyl, Kufə valisi Səid ibn əl-As tərəfindən xəlifəyə şikayət edildi. Xəlifənin əmri ilə bu qrup İraqdan Şama sürgün edildilər. Bir müddət Müaviyə b. Əbu Süfyanın valilik etdiyi Dəməşqdə qaldıqdan sonra İraqa geri qayıtmalarına izn verildi. Kufəyə qayıtdıqdan sonra yenidən pozucu fəaliyyətə başlayıb vali üçün çətinliklər yaratmağa başladılar. Bu səbəblə də, ikinci dəfə Homsa sürgün edildilər. Sürgün müddəti bitdikdə Kufəyə qayıdan Kumeyl b. Ziyad xəlifəyə qarşı sui-qəsd planı hazırlayan qrupa daxil oldu. Bu məqsədlə də Mədinəyə getsə də, ələ keçib xəlifə Osmanın yanına gətirildi. Casuslar vasitəsi ilə plandan xəbərdar olan xəlifə, Kumeyli sadəcə bir sillə vurmaqla cəzalandırdı, onun and içərək bir daha çirkin və fitnəkar fəaliyyətlərlə məşğul olmayacağına söz verməsindən sonra Kufəyə qayıtmasına izn verdi.

Kumeyl 656-cı ildə Mədinə basqınında iştirak edən kufəlilərin liderlərindən idi. Xəlifənin evinin mühasirəyə alınması, daha sonra evə soxularaq yaşlı xəlifənin öldürülməsində iştirak edənlərdən biri idi. İmam Həsən və İmam Hüseynin, Xəlifə Hz. Osmanı, öz canlarını sipər edərək müdafiə etdikləri bu terror hadisəsində, Kumeylin, imamlarla qarşı cəbhədə yer alması, aşkar tarixi fakt olaraq, beyinləri düşündürmək üçün kifayət etməlidir.

Bundan sonra cəzasız qalan bu şəxs, Hz. Əli b. Əbu Talibin hakimiyyəti dövründə (656-661) İraqdakı Hit şəhərinin amilliyinə (vergi müfəttişliyinə) təyin edildi. Sıffeyn döyüşündə Müaviyəyə qarşı vuruşan orduya qatıldı. Müaviyənin hakimiyyəti dövründə (661-680) bir müddət gizlənən Kumeyl daha sonra elan edilən ümumi əvflə normal həyata qayıtdı.

 

O, Əbdulməlik b. Mərvanın hakimiyyəti dövründə (685-705) yenidən gizlənməyə məcbur oldu. Çünki Əbdülməlikin İraq ümum valiliyinə təyin etdiyi Həccac b. Yusif əs-Səqafi “yəum-əd-dar” cinayətində (Osmanın evinin mühasirəsi və qətlində -red.) iştirak edən şəxsləri bir-bir təsbit edib edam etdirirdi. Baxmayaraq ki, onların bir çoxu artıq yaşlanmışdılar. Həccac əs-Səqafinin İraq valiliyinə təyinindən qısa müddət sonra Kumeyl b. Ziyad artıq yaşı 80-i keçmiş bir qoca olmasına baxmayaraq valinin əmri ilə boynu vurularaq edam edilmişdi.

 

Bildiyimiz kimi, biz dua və zikrləri Peyğəmbərimizdən öyrənirik və Onun bizə öyrətdiyi minlərdə dua və zikrlər vardır. Tarixdə adı müsəlmanların qanına bulaşmış və fitnəkar olaraq, habelə, İmam Hüseynin qapısını qoruduğu evə basqın etməklə anılan və hətta müsəlmanların xəlifəsini öldürməklə anılan şəxsin “duasının” insanlara öyrədilməsi, bir çox suallar doğuraraq düşünməyə sövq edir.

(ardı var)

 

 

Bu yazıda tarix elmləri üzrə fəlsəfə doktoru Elnur Nəsibovun yazısından istifadə olunmuşdur.

Bənzər Məqalələr