media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. Deməli, İslam dinində çərçivə qanunu, anayasa Qurani-Kərimdir. Bu kitab, yəni birbaşa Yaradanın hökmləri olan qanunlar toplusu insanlara istiqamət verən, bütün həyatı, yaradılışı, dünyanın əvvəlini, sonunu, qeybi, reallığı, bütün yaradılmışları əhatə edən elmdir, insanlara çağırışdır, xilas yoludur, həm də Rəbbimiz ilə ünsiyyətimizdir. Səmavi kitablar əlimizə çatmasa da belə, bizim Allahla aramızda sağlam bir ünsiyyət, möhkəm bir rabitə var. Bu – duadır. Yəni, Allaha yalvarış, müraciət. Allah-Təalanın Quranda dua ilə bağlı buyurduğuna baxaq:

 

“Rəbbiniz buyurdu:  Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”  – “Ğafir” surəsi 60-cı ayə.

 

“Dua” əməlinin izahına burdan başlasaq görərik ki, bu, əslində Rəbbin bizə əmridir. Rəbbimiz Özünə dua edilməsini istəyir, dua edib Ondan istəməyənləri isə “təkəbbürlü” kəslər adlandırır, sonda isə onları cəza gözlədiyini xəbərdar edir. Bəs Allaha dua etmək ən çox kimə lazımdır, Ona, yoxsa bizə? Nəzərə alsaq ki, Allah ehtiyacsızdır, heç kimə və heç nəyə möhtac deyil, Öz yaratdıqlarının hərəkət və ya hərəkətsizliyindən heç bir zərər və ya fayda götürmür, deməli, dua etmək yalnız insanın özünə lazımdır, yəni insan özü buna möhtacdır. Allahın  əmrləri qullarının xeyrinədir, insan Rəbbinin hər bir hökmündən yalnız faydalana bilər, bundan zərər görmək, nəsə itirmək ehtimalı isə sıfırdır. Rəbbimiz “istəyin, verim” deyir, insanın həyatında bundan böyük lütf, bundan böyük şans ola bilməz. Ona görə də dua edərək  Allahdan istəyən insanın duası xeyir, bərəkət, fayda şəklində özünə geri qayıdır.

 

Dua kimə ünvanlanmalıdır?  

“Mənə dua edin” deyərkən Allah qullarını başqa istiqamətəmi yönləndirir, yoxsa Özünə? Təbii ki, Özünə dua edilməsini istəyir, Özündən başqa dua və ya ibadət edilməsi üçün hər hansı bir varlığın ehtimalına belə işarə etmir. Üstəlik, bu ayədə (“Ğafir” surəsi 60) Rəbbimiz duanı “ibadət” adlandırır, deməli, dua etmək həm də ibadətdir, ibadət isə yalnız Allaha edilməlidir. Bəs elə isə, insanlar nə üçün Allaha deyil, Onun yaratdıqlarına üz tutar, əl açıb onlardan istəyər, yaxud Allahla bərabər həm də qullarına dua edər? Yaşadığımız cəmiyyətdə yüzillərlə kök salmış batil ənənə və əqidələrdən biri də budur –  Allahdan başqa həm də insanları – Peyğəmbəri, onun nəslindən olan imamları, onların varislərini çağıraraq dua etmək, onlardan kömək diləmək, adlarını anaraq arzu-istəklərini, möhtaclığını dilə gətirmək, onların qəbirlərini ziyarət edərkən bu əməli daha qabarıq formada, ayinlər şəklində icra etmək. Bu kimi batil ənənə və xurafatın bir çox səbəbləri var, amma əsas səbəbin kökündə imanın zəifliyi, dini yetərincə mənimsəməmək, bilməmək dayanır. Təbii ki, bu boşluqlardan da Şeytan daxil olur və insanı istədiyi şəkildə manipulyasiya edir.

 

(ardı var)

 

Sevda Sultanova

Bənzər Məqalələr