SƏDƏQƏ – TAMAMİLƏ BAŞQA BİR ŞEY İMİŞ..
Ehtiyacı olanlara Allah yolunda sədəqə vermək, çox üstün bir əməldir. Bu haqda Quran və hədislərdə geniş məlumatlar mövcuddur. Nəyə görə biz insanlar, sədəqə kimi böyük bir mükafatlı əməldə tənbəllik edirik? Bu yazımızda, çoxumuzun diqqətindən yayınmış məsələlərə toxunmaq istəyirik.
XEYİR İŞLƏRDƏ ÖNDƏ OLMAQ
Əziz Peyğəmbərimiz (ona salam olsun) xanımlarına: “(Cənnətdə) Mənə ən tez qovuşacaq olanınız – qolu ən uzun olanınızdır” – demişdi.
Buna görə də, ‘hansımızın qolu daha uzundur‘ – deyə, qollarının uzunluğunu ölçərdilər. Fiziki olaraq qolu uzun olan – Sevda (Allah ondan razı olsun) idi. Lakin, Peyğəmbərimizin qəsd etdiyi məna başqa idi. Sədəqə vermək, xeyir işlərdə öndə olmaq və cömərdliyi nəzərdə tuturdu. Bu mənada isə, ‘qolu ən uzun olan‘ – Zeynəb anamız idi (Allah ondan razı olsun). (Muslim)
Uca Allah, xeyir işlərdə öndə olmağa can atan insanı, daima daha da böyük xeyirlərə müvəffəq edər.
BƏZƏN AZ OLAN, ÇOX OLANDAN DAHA ÜSTÜN OLA BİLƏR
Əbu Hureyra’dan rəvayət olunan hədisdə Peyğəmbərimiz belə buyurmuşdur: “Bir dirhəm, yüz min dirhəmi keçdi..”
Səhabələr, “Ey Allahın elçisi, bu necə olur?” – deyə soruşduqda, belə cavab verdi:
“Bir adamın iki dirhəmi var idi və birini sədəqə verdi. Digərinin isə, mal-mülkü çox idi və malının kənarından (artığından) yüz min dirhəm sədəqə verdi.” (Nəsai)
Bu hədisdə, yüz min dirhəm sədəqə verən insan tənqid olunmur. Çünki, onun etdiyi əməl də gözəldir. Sadəcə olaraq, iki dirhəmindən birini, cəsarətlə Allah yolunda vermək, həqiqətən də hər kəsin edə bilməyəcəyi, çox üstün bir əməldir. Uca Allah bu haqda belə buyurmuşdur:
“Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə savaba çata bilməyəcəksiniz. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi bilir!” (Quran, 3/93)
QARŞILIĞINDA TƏŞƏKKÜR GÖZLƏMƏ
Aişədən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə, Allahın elçisi (ona Salam olsun) üçün bir qoyun hədiyyə etmişdilər. Peyğəmbərimiz, onun (sədəqə kimi) bölüşdürülməsini tapşırdı.
Sədəqə paylandıqdan sonra, (sədəqə verilən adamlar) dedilər: “Sizin üçün (bu əməliniz) bərəkətli olsun!”.
Aişə (Allah ondan razı olsun) dedi:
“Allah Təala sizin üçün də bərəkətli etsin! Sizin bizə istədiyiniz bərəkətin sizin üçün də olmasını istəyirik”.
İslam müdrikləri deyirlər ki, gördüyümüz kimi, Aişə anamız (Allah ondan razı olsun) onlardan heç bir təşəkkür gözləmədi və mənasız təfsilatlara da getmədi.
Heç sədəqə verən adamın, verdiyi adama BƏRƏKƏT DUASI etdiyini görmüsünüzmü? Təəssüf ki, insanlar bir çox hallarda bu cür vacib və böyük mükafatlı əməli həvəssiz, “can dərdi” və ya az qala “başına fırlayaraq” edirlər. Halbuki insan, sədəqəni Allah rizası üçün verirsə, bunun qarşılığında verdiyi adamdan dua və ya tərif gözləməməli, şeytanın vəsvəsələrinə qapı açmamalıdır.
MİNNƏTLƏ VERİLƏN SƏDƏQƏ
Şeytan, insanın xeyirli əməllər etməsini əsla istəməz. Buna görə də, vəsvəsənin ən çox peyda olduğu bir əməl – çox böyük mükafatlı olma ehtimallıdır. İnsan bunu hiss etdikdə, niyyətini təzələməli və bu əməldən bərk yapışmalıdır. “Bəlkə də bu əmələ görə Allah məni dünya və axirətdə xoşbəxt edəcək” – düşüncəsini qəlbində hakim etməyə çalışmalıdır. Minnətlə, özünü göstərərək və ya çətinlik yaradaraq verilən sədəqə, zay olmuş bir əməldir. Uca Allah bunu, Allaha və axirət gününə inanmayan insanların edəcəyi əməl olaraq qiymətləndirmişdir:
“Ey Allaha iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!” (Quran, 2/264)
ALLAHA VERİLMİŞ BİR BORC
Allaha borc verməkmi? Belə bir şey ola bilərmi? Axı insan kimdir ki, onu Yaradan və heç bir şeyə ehtiyacı olmayan Rəbbinə borc versin?! Amma Allah, sədəqə verən insanın əməlini, Özünə verilmiş bir borc olaraq adlandırmışdır. Daima “mən bunu etməklə Allaha borc vermiş oluram” – deyə düşünən insan, bunu həvəssiz, “naz” edərək və ya minnət qoyaraq edə bilərmi? Bununla insan yalnız özünə zərər vurmuş olur.
“Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlər üçün (əməllərinin savabı) qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!” (Quran, 57/18)
EHTİYACINI GİZLƏDƏNƏ DAHA ÇOX ÜSTÜNLÜK VERMƏK
Uca Allah, sədəqəyə ən çox layiq olanlar haqqında danışarkən buyurur:
“…(Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir.” (Quran, 2/273)
Sədəqə, möhtəşəm bir əməldir. Dəyəri böyük olan bir şeyin, çətinliyi də böyük olur. Buna görə də insan, daima bunun fərqində olmalı və şeytanın onu böyük xeyirlərdən məhrum etməyə çalışmasına fürsət verməməlidir. “Allah qatında ən xeyirli əməl, az da olsa, davamlı olan əməldir” – hədisini unutmamalıdır. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:
“Sədəqə verməkdə tələsin! Çünki bəla, sədəqənin önünə keçə bilməz (sədəqə bəlanı qabaqlayar və uzaqlaşdırar)..” (Heysəmi, III/110)
Hazırladı: Ayxan Yaquboğlu