Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? («Zəvul Qurbə (qohumlar) ayəsi» və şübhələrə cavab
Ayədə deyilir: ” İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.”
(əş-Şura: 23.)
Səid ibn Cubeyr deyir: “Mən ayənin mənasını belə açıqladım: “Yalnız qohumlarıma xoş davranmanızı istəyirəm”.
(əl-Əntaki Liməzə ixtərtu məzhəb əş-şiyə adlı kitabında bu hədisi qeyd edir və Səidin bu sözlərini İbn Abbasın sözü kimi qələmə verir. Bax, səh 84.)
Bunu eşidən Abdullah ibn Abbas (r.a) (Əziz oxucu nəzərinə çatdırım ki, İbn Abbas (r.a) səhabə olmaqla yanaşı müdrik alim olmuşdur. O, elm dəryası idi. Peyğəmbər (s.a.v) onun belə elmə yiyələnməsi üçün dua etmiş, Allahdan onun üçün “Quran anlayışı və hikmət” istəmişdir. Bildiyimiz kimi Peyğəmbərin (s.a.v) duaları keçərli olduğu üçün bu duası da qəbula keçmişdir. Eyni zamanda o, Peyğəmbərin (s.a.v) qohumu, əmisi oğlu idi. Onun qohum olması ayəni olduğu kimi, Allahın istədiyi mənada açıqlamasına mane olmadı. O qohum olduğu üçün ayəni özünə sərf edən mənada açıqlamadı, həqiqəti söylədi…) mənə tərəf dönüb dedi: “Sən tələsirsən. Allaha and olsun, Qureyş qəbiləsinin elə bir ailəsi yoxdur ki, Muhəmmədin onlarla qohumluğu olmasın. Ona görə də ayənin mənası belədir: “Mən sizdən yalnız aramızda olan qohumluq əlaqələrinin saxlanılmasını istəyirəm””.(Səhih əl-Buxari: Kitabut təfsir, surətuş Şura, bab, əl-məvəddətu fil qurbə 4818.)
Uca Allah Peyğəmbəri (s.a.v) haqqında buyurur: “86. De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.” (Sad).
De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.” (Sad,86).
De: “Mən sizdən bir haqq istəmişəmsə, onu sizin üçün istəmişəm…”. (Səba,47).
Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu Quran aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.” (Yusuf,104).
De: “Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”. (əl-Furqan,57).
Qurani-Kərimin ayələri bir-birinə zidd olmur, əksinə daim bir-birini təsdiq edir.
Uca Allah bu haqda buyurur:
Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (ən-Nisa,82).
Ola bilməz ki, uca Allah bütün bu ayələrdə Peyğəmbərin (s.a.v) və ondan öncəki peyğəmbərlərin maddi müqabil istəmədiklərini desin, sonra bütün bu ayələrə zidd olan bir ayə söyləsin ki: O, bunun müqabilində qohumlarına yaxşı davranmağı tələb edir!!!
Peyğəmbər (s.a.v) risaləti təbliğ etməyin müqabilində maddi maraq güdmür. Necə deyə bilərlər ki, Peyğəmbər (s.a.v) bunun müqabilində qohumlarına xoş davranmağı istəyir?! Bu heç vaxt ola bilməz. Ola bilməz ki, Peyğəmbər (s.a.v) bunun müqabilini tələb etsin. Ümumiyyətlə Allahın göndərdiyi bütün Peyğəmbərlər öz dəvətlərinin müqabilində heç bir mükafat tələb etməmişlər.
Nuh (aleyhissalam) öz qövminə belə demişdi: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!” (əş-Şuara: 109.)
Hud (aleyhissalam) isə öz qövminə belə demişdi: “Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”(əş-Şuara: 127.)
Saleh (aleyhissalam) də öz qövminə belə demişdi: “Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”(əş-Şuara: 145.)
Lut (aleyhissalam) da öz qövminə belə demişdi: “Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”(əş-Şuara: 164.)
Şueyb (aleyhissalam) isə öz qövminə belə demişdi: “Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!”(əş-Şuara: 180.)
Peyğəmbərimiz Muhəmməd (s.a.v) peyğəmbərlərin ən əfzəli və ən şərəflisi sayılır. Onun risaləti təbliğ etmək müqabilində mükafat istəməməsi ona daha layiqdir. Bütün bunlar Allahın bu ayəsinin təsdiqidir: “…qohumluq sevgisindən başqa bir şey istəmirəm…”.
Burada istisna “lakin” mənasını verir. Əvvəldə qeyd etdiyimiz ayələrin dəlalətinə əsasən bu daha doğru fikirdir. Yəni, Peyğəmbər (s.a.v) etdiyi dəvətin heç vaxt mükafatını istəməmişdir. Beləliklə, “…qohumluq sevgisindən başqa bir şey istəmirəm…” ayəsinin mənası belədir: “Mən istəyirəm ki, aramızda olan qohumluğa görə siz mənimlə xoş davranasınız. Mən sizin yaxınınızam, imkan verin insanları dəvət edim”. Səhih rəvayətlərdə deyilir ki, Peyğəmbər (s.a.v) Qureyşə demişdir ki, Allahın dininə dəvət etmək üçün ona imkan versinlər. Əgər o öz dəvətində qalib çıxsa bu onlara qalar, yox əgər insanlar onu öldürsələr o zaman onun qanını tələb etməzlər.
Peyğəmbər (s.a.v) heç vaxt öz qohumlarına görə mükafat istəməmişdir. Əgər o öz qohumlarına görə mükafat istəsəydi o zaman onlara “…qohumluq sevgisindən başqa bir şey istəmirəm…” (ərəb. fil qurbə) sözləri ilə yox, “qohumlarıma görə” (ərəb. li zil qurbə yaxud lizəvil qurbə) sözləri ilə müraciət edərdi. Buna dəlalət edən ayə budur. Allah təala Xüms haqqında danışarkən belə buyurmuşdur: “(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün — iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!”
(əl-Ənfal: 41.)
Allah təala ayədə “qohumluq əlaqələri” (ərəb. Fil qurbə) yox, “qohum-əqrəbasına” (ərəb. və lizil qurbə) deyir.
Şeyxülislam İbn Teymiyyə deyir: “Quranda, Peyğəmbərin (s.a.v) və adi insanların qohumluq əlaqələri haqqında deyilən bütün tövsiyyələr (ərəb dilində) “fil qurbə” sözləri ilə deyil, “Zəvil qurbə” sözləri ilə ifadə edilmişdir”.
(Minhacus sünnə ən-nəbəviyyə: 7, 101.)
Uca Allah başqa bir ayədə Öz Peyğəmbəri (s.a.v) haqqında belə deyir: “(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!”
(Sad: 86.)
Həmçinin demək olar ki, etdiyi dəvətə görə mükafat istəmək peyğəmbərlik məqamına yaraşmayan bir işdir. Etdiyi dəvətin mükafatı olaraq qohumlarına xoş davranılmasını tələb etmək ona yaraşmazdı. Çünki bu, dünya uğrunda çalışanların simasıdır. Bu sözlər isə Peyğəmbəri (s.a.v) ittiham etməyə əsas verir. (Amma Peyğəmbərimiz Muhəmməd (s.a.v) bu kimi əməllərdən pakdır).
Deyilənlərlə yanaşı bu ayə Məkkədə nazil olan “əş-Şura” surəsindən bir ayədir. O zaman hələ Əli (r.a) Fatimə Anamız ilə evlənməmiş, Həsən və Hüseyn də dünyaya gəlməmişdilər.
—————-
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı
Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.