media-img_9606

Tarixi Mənbələrin İşığında Qədiri-Xum QHadisəsi

Əvvəlcə hadisənin harada, nə vaxt, necə və hansı səbəblərdən baş verdiyinə, sonra isə hadisənin İslam tarixşünaslığında və hədisçiliyindəki yerinə nəzər salaq.

Allahın Elçisi Muhəmməd ﷺ hicri 10-cu ilin ramazan ayında (dekabr 631) Əli ibn Əbu Talibi (Allah ondan razı olsun!) bir dəstə adama əmir təyin edərək Mədinədən Yəmənə göndərmişdi. Bu hərbi səfər deyildi. Əli ibn Əbu Talib daha əvvəl İslamı qəbul etmiş yəmənlilərdən illik zəkat vergisini toplamalı və bütpərəstliyi tərk etməmiş yəmən qəbilələrini İslama dəvət etməli idi. Uğurlu keçən bu səfərdə yəmənli qəbilələr toplu halda İslamı qəbul etmişdilər. Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) Yəməndəki bu hadisələr haqda məktubla Peyğəmbərə ﷺ məlumat vermişdi. (Muhəmməd ibn Cərir ət-Təbəri, «Tarix ər-Rusul vəl-Müluk», Qahirə 1969, cild III, səh. 131-132)

Allahın Elçisi Muhəmməd ﷺ hicri 10-cu ilin zilqədə ayında (fevral 632) həcc ziyarəti üçün hazırlıqlar görməyə başlamış, Mədinədə və Mədinə xaricində yaşayan bütün müsəlmanlara həcc ziyarəti üçün hazırlaşmaları xəbərini göndərmişdi. Yola çıxmamışdan əvvəl Peyğəmbər ﷺ Əbu Dücanə Simak ibn Əvs əl-Ənsarini (Allah ondan razı olsun!) öz yerinə Mədinədə vəkil təyin etmişdi. Həcc ziyarəti davam edərkən Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) gəlib Məkkəyə çatmışdı. O, da ehramlı idi və həcc üçün niyyət etmişdi. Həcci Allah Rəsulu ﷺ ilə birlikdə edə bilmək üçün yanındakı əsgərlərin əmirliyini yoldaşlarından birinə həvalə edərək özü Məkkəyə tələsmişdi. (Təbəri, «Tarix», III/148-149; İzzəddin Əli ibn əl-Əsir, «əl-Kamil fit-Tarix», İstanbul 1987, II/278; İmadəddin İsmayıl ibn Kəsir, «əl-Bidayə vən-Nihayə», V/369-370)

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) həcc ziyarətini başa vurandan sonra onun Yəməndən Məkkəyə gələrkən geridə qoyduğu əsgərlərin şəhərə yaxınlaşdığı xəbərini almış və onları qarşılamağa çıxmışdı. Əsgərlər Məkkəyə səfər paltarlarında deyil, təmiz və təzə paltarda daxil olmaq istəmiş və zəkat mallarından olan paltarlardan seçib geymişdilər. Onların bu halını görən Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) qəzəblənərək öz yerinə vəkil təyin etdiyi şəxsdən bunun səbəbini soruşmuşdu. Həmin şəxs adamlarının Məkkəyə daxil olarkən daha yaxşı görkəmdə olmasını arzu etdiyi üçün buna icazə verdiyini bildirəndə Əli (Allah ondan razı olsun!) onlara “Vay olsun sizin halınıza, Allah Rəsulunun ﷺ yanına getməmişdən əvvəl dərhal bunları çıxarıb yerinə qoyun” deyə əmr etmişdi. Əli (Allah ondan razı olsun!) ilə birlikdə Yəmənə səfər edənlər onun bütün səfər boyu onlara qarşı sərt davranmasından, nəhayət bu sonuncu davranışından narazı qalaraq Peyğəmbərə ﷺ şikayət etmişdilər. Allah Rəsulu ﷺ onların şikayətinin yersiz olduğunu, Əlinin (Allah ondan razı olsun!) Allahın rizasından başqa hər hansı bir şey üçün qəzəblənməyəcəyini bildirmişdi. Buna baxmayaraq şikayətçilərin narazılığı kəsilməmiş, onlar Əli ibn Əbu Talibi (Allah ondan razı olsun!) sərt davranışları ilə ifrata varmaqda və xəsislikdə təqsirləndirməyə çalışmışdılar. Həcc ziyarətindən sonra Mədinəyə doğru yola çıxarkən də bu mübahisə və şikayətlər kəsilməmişdi. Məkkə ilə Mədinə arasındakı Cuhfə adlı yerin yaxınlığındakı, Qədiri-Xumm (Xumm nohuru) kimi tanınan yerə çatanda Allah Rəsulu ﷺ fasilə verilməsini əmr etmişdi. Burada camaatla zöhr namaz qılınandan sonra Allah Rəsulu ﷺ adəti üzrə möminlərə söylədiyi xütbədə bir sıra nəsihətlər etmişdi. Həmçinin Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) və səfər yoldaşları arasındakı mövzu ilə bağlı bütün möminlərə xitab etmək məcburiyyəti hiss etmişdi. Məqsədi Yəmən səfərində ona yoldaşlıq etmiş şəxslərin Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) haqqındakı narazılıq və şikayətlənmələrinə son qoymaq idi. O, bu xütbəsində “Ey insanlar! Əli (Allah ondan razı olsun!) haqqında şikayət etməkdən əl çəkin. Allaha and olsun ki, Əli (Allah ondan razı olsun!) Allah yolundan başqa bir şey üçün sərt davranmamışdır. Mənə Allahdan dəvət gəldi. Mən də bu dəvəti qəbul etdim. Sizin aranızda iki əmanət qoyub gedəcəyəm, Allahın kitabı Qur’anı və ev əhlimi. Allah mənim mövlamdır, mən də hər bir möminin mövlasıyam” demiş, daha sonra Əli ibn Əbu Talibin (Allah ondan razı olsun!) əlini tutub qaldıraraq sözünə belə davam etmişdi “Mən kimin mövlasıyamsa bu da onun vəlisidir (dostudur).” Allah Rəsulunun ﷺ bu xitabından sonra yuxarıda qeyd edilən mövzu ilə bağlı Əli (Allah ondan razı olsun!) haqqındakı şikayət və narazılıqlara son qoyulmuşdu. (İbn əl-Əsir, «əl-Kamil», II/278; İbn Kəsir, «əl-Bidayə», V/369-37)

“Ev əhli” sözü ilə Allah Rəsulu ﷺ özü həyatda olmayacağı vaxt xanımlarının haqlarına riayət edilməsini müsəlmanlara vəsiyyət etməkdə idi. Qur’anda “ev əhli” deyərkən də qadınlara xitab edildiyi aşkar görünür (Əhzab surəsi 33). Çünki Allahın da muradı bu idi. Bu səbəbdəndir ki, uca Allah Qur’anda Peyğəmbərin ﷺ xanımlarını “möminlərin anaları” adı ilə müşərrəf edərək bununla möminlərə onlara qarşı öz anaları kimi münasibət bəsləməyi əmr etmişdir. Peyğəmbərdən ﷺ nəql olunan bu xütbənin son qisminin iki müxtəlif rəvayət şəkli vardır. Bəzisində Peyğəmbər ﷺ müsəlmanlar üçün Qur’anla birlikdə ev əhlini, bəzisində isə sünnəsini əmanət olaraq qoyduğunu söyləməkdədir.

İbn Cərir ət-Təbəri (839-923) əsərində hadisənin birinci qismini, yəni Yəmənə edilən səfər, Əlinin (Allah ondan razı olsun!) etdiklərinə görə öz yoldaşlarını məzəmmət etməsi, Peyğəmbərin ﷺ bu haqda şikayətlərin yersiz olduğunu söyləməsi qeyd etmişdir. Lakin Xumm nohuru yaxınlığındakı fasilə haqda Təbərinin əsərində heç bir qeydə rast gəlmirik. Həmçinin “Kitabu Əxbar ən-Nəbi” müəllifi İbn Sə’d (784-845) və “əs-Sirət ən-Nəbəviyyə” müəllifi İbn Hişam (öl. 833)əsərlərində də Xumm nohuru yaxınlığında baş vermiş hadis haqda heç bir qeydə rast gəlinmir. Bu iki əsər tarixi baxımdan Peyğəmbərin ﷺ həyatına dair təməl qaynaq əsərlərdir. Şiə məzhəbinə mənsub tanınmış tarixçi Əli əl-Məs’udi (896-956) müəllifi olduğu tarixə dair “Muruc əz-zəhəb və məadin əl-cəvhər” adlı əsərində (cild II, səh. 228)Peyğəmbərin ﷺ son həcc ziyarəti, Əlinin (Allah ondan razı olsun!) Yəmən səfəri haqda məlumat versə də Qədiri-Xummda baş verən hadisə haqda heç bir məlumat vermir. Digər bir şiə salnaməçi Əhməd əl-Yaqubi (öl. 897) “Tarixi-Yaqubi” adlı əsərində (cild 1, səh. 442-443) Peygəmbərin ﷺ son həcc ziyarəti haqda geniş məlumat verir. Peyğəmbərin ﷺ vida xütbəsinin mətnini bütünü ilə nəql edən müəllif Cuhfədə, Qədiri-Xumm (غدیرخم) adlı yerdə qılınan zöhr namazından sonra Peyğəmbərin ﷺ Əlinin (Allah ondan razı olsun!) əlini tutaraq oradaki insanlara “mən sizin mövlanız (dostunuz) deyiləmmi?”sualına “bəli, sən bizim dostumuzsan”cavabını aldıqdan sonra Əlinin (Allah ondan razı olsun!) əlini qaldıraraq “mən kimin dostuyamsa, Əli də onun dostudur” dediyini qeyd edir. əl-Yaqubi Peyğəmbərin ﷺ “Allahım, ona (Əliyə) dost olana dost, düşmən olana düşmən ol” deyə dua etdiyini də əlavə edir. Müəllif həmçinin “səqəleyn hədisi”ni də burada qeyd etmişdir. Bu mövzuya aşağıda yenidən qayıdacağıq.

Əhməd ibn Hənbəlin (780-855) “əl-Müsnəd”adlı hədis toplusunda Qədiri-Xumm hadisəsinə dair rəvayət qeyd olunmuşdur. İmam Əhməd Peyğəmbərin ﷺ Əlini (Allah ondan razı olsun!) işarə edərək “mən kimin dostuyamsa (mövla) Əli də onun dostudur”dediyini bildirir. “Allahım, ona (Əliyə) dost olana dost, düşmən olana düşmən ol”sözünün isə uydurma və əlavə olduğunu qeyd edir. Tanınmış hədis alimi Müslim ən-Nişapuri (821-875) özünün “Cami əs-Səhih”adlı əsərində səhabə Zeyd ibn Ərqamdan (Allah ondan razı olsun!) Xumm nohuru yaxınlığında qılınan namazdan sonra Peyğəmbərin ﷺ uzun bir xütbə söylədiyini bildirir. Zeyd ibn Ərqam (Allah ondan razı olsun!) Peyğəmbərin ﷺ “Sizə iki əmanət (səqəleyn) buraxıram, bunlardan biri Allahın kitabı (Qur’an), digəri isə ev əhlimdir. Zeyd (Allah ondan razı olsun!) verilən suala cavab olaraq ev əhlinə Peyğəmbərin ﷺ xanımlarının, əmisi oğulları Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələrinin də daxil olduğunu bildirmişdir.” Burada “mövla” məsələsi ilə bağlı heç bir sözə rast gəlinmir. (Cami əs-Səhih, Fədail əs-Səhabə, 31, 32)

Digər tanınmış hədis alimi Muhəmməd əl-Buxarinin (810-870) “əs-Səhih” adlı hədis toplusunda Qədiri-Xumm haqda heç bir qeydə rast gəlinmir.

Yuxarıda hadisənin baş verməsinin səbəbi və baş vermə şəkli haqda məlumatlardan da açıq-aşkar görüldüyü kimi burada heç bir siyasi varis elan etməkdən söhbət getməmişdir. Əgər Peyğəmbər ﷺ özünə siyasi varis elan etmək istəsəydi bunu bir neçə min nəfərin toplandığı Xumm nohuru yaxınlığındakı düşərgədə deyil, on minlərlə müsəlmana xitab etdiyi vida xütbəsini söylədiyi Məkkədə edərdi. Yaxud ərəb dilində “dost, yardımçı” anlamını daşıyan “məvla” kəlməsini istifadə etməzdi. Ərəb dili kifayət qədər zəngin bir dildir və orada siyasi varisin nəzərdə tutulduğu “xəlifə, imam, əmir” kimi kəlmələr mövcuddur.

Qədiri-Xumm hadisəsi İraq mühitində uzun müddət mövcud olmuş, mühüm əksəriyyəti ərəb mənşəli olan Əli (Allah ondan razı olsun!) övladı tərəfdarları, ilk şiələr arasında əhəmiyyətə dəyər hadis olaraq görülməmişdi. Hadisəyə siyasi mahiyyət yüklənərək populyarlaşdırılması Büveyhilərin İraq hakimiyyəti (934-1055) illərinə təsadüf etməkdədir. Bu dövlət adını Fəna Xosrov oğlu Büveyh (Buyə) adlı milliyətcə fars olan İranın Deyləm bölgəsindən olan bir şəxsdən almışdır.

Büveyhilərin İraqdakı hakimiyyəti dövrü siyasi baxımdan olduğu qədər dini və ictimai həyatda bir sıra dəyişikliklərin meydana gəlməsi ilə əhəmiyyət qazanmışdır. Büveyhilərin dini sahədə etdikləri mühim dəyişiklərin ilkinə məscidlərdə oxunan əzanın dəyişdirilməsini misal göstərə bilərik. Əsasən Bağdadın şiələrin sıx şəkildə məskun olduqları səmt və məhəllələrdəki məscidlərdə oxunan əzana ““əşhədu ənnə Əliyyən vəliyullah”” və “həyyə ələl-xeyr əl-əməl” ifadəsi əlavə olunaraq oxunmağa başlanmışdı. (Əbdulqahir əl-Bağdadi, “əl-Fərq beyn əl-Firəq”, səh. 221)

Büveyhilər dövrünü bariz şəkildə səciyyələndirən digər bir xüsus da “səbb əs-səhabə”nin, yəni Peyğəmbərin ﷺ səhabələrinin açıq və aşkar bir şəkildə lənətlənməyə və söyülməyə başlanmasıdır. Həmin dövrə qədər səhabələrin söyülməsi və lənətlənməsi özlərini şiəliyə nisbət edən, daha çox Səbəiyyə (yaxud səbbiyyə) adı ilə tanınan cərəyana xas bir ənənə idi. Hicri 351-ci ilin rəbiyəlaxir (may-iyun 962) ayında Büveyhi hökmdarı Muizüdövlənin əmri ilə Bağdad məscidlərinin divarlarına “Allah Müaviyə ibn Əbu Süfyana, Fədəki Fatimədən qəsb edənə (Əbu Bəkrə), Abbası şuradan çıxarana (Ömərə), Əbu Zərri sürgünə göndərənə (Osmana), Həsənin öz babasının yanında dəfninə izn verməyənə (Mərvan ibn əl-Həkəm) lənət etsin” yazılmışdı. (İbn Təğribirdi, “ən-Nücum əz-Zahirə”, IV/187-188; İbn Kəsir, “əl-Bidayə”, XII/236)

Büveyhilər dövründə meydana gəlib ənənəyə çevrilmiş digər hadisə də “qədiri-xum” gününün bayram edilməsidir. Büveyhilərə qədər həmin günü bayram etmək heç kimin ağlına gəlməmişdi. Muizüdövlənin əmri ilə h. 352-ci ilin zilhiccə ayında (yanvar 964) ilk dəfə Bağdadda təbil və şeypur sədalarının müşayəti ilə “qədiri-xum” bayramı keçirilmişdi. Bayram edilən günün gecəsi isə şəhərin bazar, meydan və küçələri məşəllərlə işıqlandırılmışdı. (Sıbt ibn əl-Covzi, “Mirat əz-Zaman”, XVII/351-352; İbn əl-Əsir, “əl-Kamil”, VIII/474; Əbül-Fərəc ibn əl-Covzi, “əl-Muntəzəm fit-Tarix”, XIV/151; İbn Kəsir, “əl-Bidayə”, XI/416, 451)

Qədir-Xumda xəlifə təyin olundu? (2-ci hissə) – (BURA TIKLA, OXU)

Tarix üzrə fəlsəfə doktoru, Elnur Nəsirov

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı