Səhih Müslim (İman kitabı ) “Ümmətimdən yetmiş mini Cənnətə sorğu-sualsız girər”
Altmış yeddinci fəsil: Peyğəmbərin (s.a.v) “Ümmətimdən yetmiş mini Cənnətə sorğu-sualsız girər” deməsi.
Huseyn ibn Əbd ər-Rahman (r.a) belə rəvayət edir: “Səid ibn Cubeyrin yanında idim, birdən belə dedi: “Dünən axşam düşən ulduzu hansınız gördü?” Mən: “Gördüm” deyə cavab verdim. Sonra belə dedim: “Dünən mən namazda deyildim, məni əqrəb sancmışdı. Məndən: “Nə etdin” deyə soruşdu. Mən: “Rüqyə (əlimi sancılmış olan yerin üzərinə qoyaraq şəfa olsun deyə, Quran oxumaq) etdim” deyə cavab verdikdə, o: “Səni belə etməyə nə sövq etdi?” deyə soruşdu. Mən: “Şəbinin bizə danışdığı hədis” deyə cavab verdikdə, o: “Şəbi sizə nə danışıb?” deyə soruşdu . Mən “Bu hədisi” deyə cavab verdim: “Bizə Bureydə ibn Huseyn əl-Əsləmi belə danışdı: “Rüqyə etmək yalnız nəzərdən və sancılmaqdan olar.” Onda, o belə dedi: “Eşitdiyi şeydə qərar tutan kəs, necə də gözəl bir iş tutmuş olar.” Yalnız İbn Abbas bizə Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət etmişdir: “Bütün ümmətlər mənə göstərildi. Elə Peyğəmbər var idi ki, yanında kiçik bir camaat, eləsi də var idi ki, yanında bir və ya iki kişi, elə Peyğəmbər də var idi ki, yanında heç kim yox idi. Birdən mənə böyük bir qaraltı göstərildi. Ümmətim olduğunu zənn etdim. Mənə belə dedilər: “Bu Musanın ümmətidi, sən üfüqə bax.” Baxdığım vaxt böyük bir qaraltı gördüm. Mənə: “Oradakı üfüqə bax” dedilər. Baxdığım vaxt böyük bir qaraltı gördüm. Mənə belə dedilər: “Bu sənin ümmətindir, onlardan yetmiş min nəfəri Cənnətə sorğu—sualsız girəcəklər.” Sonra qalxıb evinə girdi. İnsanların başı Cənnətə sorğu- sualsız girən kəslərin kimlər olacağı haqda söhbətə qarışdı. Bəziləri belə dedi: “Yəqin onlar Peyğəmbərin (s.a.v) səhabələridir.” Bəziləri isə belə dedi:“Yəqin onlar İslamda doğulub Allaha heç bir şeyi şərik qoşmayanlardır.” Və bunun kimi bir neçə şey xatırladılar. Peyğəmbər (s.a.v) onların yanına çıxıb: “Aranızda nə danışırsınız” deyə soruşduqda, ona danışdıqları şeyi xəbər verdilər. Onda Peyğəmbər (s.a.v) belə buyurdu:“Onlar rüqyə etməyən və özlərinə rüqyə olunmasını tələb etməyənlər, bədbinlik etməyənlər və Allaha təvəkkül edənlərdir.” Ukaşa ibn Mihsan qalxaraq ona belə dedi: “Allaha, mənim onlardan olmağım üçün dua et. O: “Sən onlardansan” deyə cavab verdi. Sonra başqa bir kişi qalxaraq “Allaha, mənim onlardan olmağım üçün dua et” dedikdə, O, ona: “Ukaşa səni qabaqladı” deyə cavab verdi.”
Altmış səkkizinci fəsil: Peyğəmbərin (s.a.v) “Sizin Cənnət əhlinin yarısı olmağınızı diləyirəm (arzulayıram)” deməsi.
Abdullah ibn Məsud (r.a) belə rəvayət edir: “Biz qırxa yaxın sayda kişi Peyğəmbərlə (s.a.v) birgə bir qübbənin altında idik. Peyğəmbər (s.a.v) bizə: “Cənnət əhlinin dördəbiri olmağınıza razısınızmı?” deyə soruşdu. Biz: “Bəli” deyə cavab verdikdə, o yenə soruşdu: “Cənnət əhlinin üçdəbiri olmağınıza razısınızmı?” Biz yenə də: “Bəli” deyə cavab verdikdə, o, belə buyurdu: “Muhəmmədin nəfsi əlində olana and olsun ki, mən sizin Cənnət əhlinin yarısı olmağınızı diləyirəm. O Cənnət ki, ora yalnız müsəlman olan bir nəfs (şəxs) daxil olacaq. Siz müşriklər içində qara öküzün dərisindəki ağ tük kimisiniz və yaxud qırmızı öküzün dərisinindəki qara tük kimisiniz.”
Altmış doqquzuncu fəsil: Allah-Təalanın Adəmə : “Cəhənnəmə göndərilənləri hər min nəfərdən doqquz yüz doxsan doqquzunu çıxart” deməsi.
Əbu Səid (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Allah-Təala Adəmə belə buyuracaq: “Ey Adəm.” O: “Eşidirəm, əmrindəyəm, xeyir Sənin əlindədir” deyə cavab verdikdə, Allah-Təala ona belə buyurdu: “Cəhənnəmə göndərilənləri çıxart (ayır).” O: “Cəhənnəmə göndərilənlərdan çıxardılanlar kimlərdir” deyə soruşduqda, O ona belə buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzunu çıxart.” Sonra belə dedi: “Bu, uşağın qocaldığı bir vaxtda (qiyamətdə) olacaqdır : “Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini yerə qoyar (uşaq salar). İnsanları
sərxoş görərsən, halbuki onlar sərxoş deyillər.Ancaq Allahın əzabı çox şiddətlidir!” (“əl-Həcc” /2). Bu, səhabələrə çox ağır gəldi və Peyğəmbərdən : “Ey Allahın Elçisi, o bir kişi hansımız olacağıq” deyə soruşdular. Peyğəmbər (r.a) onlara belə cavab verdi: “Müjdələnin, çünki (Cəhənnəmə girən) Yəcuc və Məcuc qəbiləsindən min, sizdən isə bir kişi olacaq.” Sonra isə belə dedi: “Nəfsim əlində olana and olsun ki, sizin Cənnət əhlinin dörddəbiri olmağınızı çox istəyirəm.” Biz Allaha həmd edib təkbir (Allahu əkbər) etdik. O yenə buyurdu: “Nəfsim əlində olana and olsun ki, sizin Cənnət əhlinin üçdəbiri olmağınızı çox istəyirəm.” Biz yenə Allaha həmd edib təkbir etdik. O yenə buyurdu: “Nəfsim əlində olana and olsun ki, sizin Cənnət əhlinin yarısı olmağınızı çox istəyirəm. Başqa ümmətlər ilə sizin misalınız qara öküzün dərisindəki ağ tükün misalı kimidir və yaxud eşşəyin qabaq ayaqlarının iç tərəfindəki dairəvi iz kimidir.”
————–
Səhih Müslim
İmam Əbu əl-Hüseyn Müslim ibn əl-Həccac əl-Quşeyri əl-Neysəburi
Ərəb dilindən tərcümə edənlər:
İsrafilov Anar Telman oğlu
Hacıyev Arif Süleyman oğlu
Redaktor:
Heydərov Rəfail Mikayıl oğlu
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin
29.12.2009-cu il tarixli DK-408/B saylı məktubu ilə
nəşrə razılıq verilmişdir