Səhih Qüdsi hədislər (Daimi tövbə və istiğfara həvəsləndirmə)
Əbu Hureyra (r.a) demişdir: «Mən Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişəm: «(Bir dəfə Allahın qullarından) biri günah iş gördü və: «Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!» – dedi. Rəbbi dedi: «Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram». Bu adam Allahın istədiyi qədər (günah işlətmdən) yaşadıqdan sonra yenə günah iş gördü və: «Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!» – dedi. Allah dedi: «Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram». Bu adam Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: «Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!» – dedi. Allah dedi: «Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə cəza verən Rəbbi vardır. Mən onu üç dəfə bağışladım…….
(əl-Buxari 97. Kitəbut-Tövhid 35 (6953, 7507); Muslim 2758.)
Rəvayət edilir ki, Əbu Səid əl-Xudri (r.a) demişdir: «Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «İblis Rəbbinə dedi: «İzzətinə və Ucalığına and olsun! Nə qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları azdırmaqdan əl çəkməyəcəm». Uca Rəbb ona dedi: «İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onları bağışlayacam!»
(Əhməd 10814, 10940, 11240, 11255, 11262, 11368, 11385, 11548, 11677. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 104) və «Sahihul-Cəmiis-Sağir»də (? 1650) səhih adlandırmışdır.)
Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua edib Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram».
(ət-Tirmizi 3540, 3885. əl-Albani «Sahihul-Cəmiis-Sağir» (? 4214) səhih olduğunu qeyd etmişdir.)
İbn Abbas (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « Uca Allah buyurdu: «Kim Mənim günahları bağışlamağa qadir olduğumu bilsə, Mənə heç bir şeyi şərik qoşmayınca, nə olursa olsun Mən onu bağışlayaram».
(ət-Tabərani «Mucəmul-Kəbir» 11615; Hakim 7676. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 4330) həsən olduğunu bildirmişdir.)
————————–
Topladı
K. Hüseyn
H 1431 / M 2010