Səhih Qüdsi hədislər (Elm məclisinin və əməli salehlərlə oturmanın fəziləti)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: «Axtardığınızın yanına gəlin!» – deyirlər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən – (hər şeyi) onlardan daha yaxşı bildiy halda – soruşur: «Qullarım nə deyirlər?» Mələklər: «Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni həddən artıq tərifləyirlər» – deyə cavab verirlər. Allah soruşur: «Məgər onlar Məni görüblərmi?» Mələklər: «Xeyr, vallahi ki, onlar Səni görməyiblər!» – deyirlər. Allah soruşur: «Bəs Məni görsəydilər, necə (olardı)?» Mələklər deyirlər: «Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar». Allah soruşur: «Onlar Məndən nə istəyirlər?» Mələklər deyirlər: «Onlar Səndən Cənnəti istəyirlər». Allah soruşur: «Məgər onlar Cənnəti görüblərmi?» Mələklər deyirlər: «Xeyr, ya Rəbb, vallahi ki, onlar Cənnəti görməyiblər». Allah soruşur: «Bəs onu görsəydilər, necə (olardı)?» Mələklər deyirlər: «Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar». Allah soruşur: «Onlar nədən (Mənə) sığınırlar?» Mələklər: «Cəhənnəm odundan» – deyirlər. Allah soruşur: «Məgər onlar Cəhənnəmi görüblərmi?» Mələklər deyirlər: «Xeyr, ya Rəbb, vallahi ki, onlar Cəhənnəmi görməyiblər». Allah soruşur: «Bəs onu görsəydilər, necə (olardı)?» Mələklər deyirlər: «Əgər onu görsəydilər, ondan daha uzağa qaçmağa çalışar və ondan daha çox çəkinərdilər!» Allah buyurur: «Şahid olun ki, Mən onları bağışladım!» Bu vaxt mələklərdən biri deyir: «Bu camaatın arasında olan filankəs onlarla (yoldaşlıq edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir». Onda Allah buyurur: «Bunlar elə insanlardır ki, onlarla oturub-duran adam bədbəxt olmaz».
(əl-Buxari 80. Kitəbud-Dəvət 66 (5929, 6045, 6408); Muslim 2689 (4854, 7015)
—————
Topladı
K. Hüseyn
H 1431 / M 2010