Səhih Qüdsi hədislər (Miniyə Oturarkən Edilən Zikr)
Rəvayət edilir ki, Əli ibn Rabiə demişdir: «(Bir dəfə) Əli (r.a) ilə birlikdə yol gedirdim, o ayağını miniyinin üzəngisinə qoyduğu zaman: «Allahın adı ilə!» – dedi. Oturanda isə, dedi: «Allaha həmd olsun! Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı. Şübhəsiz ki, biz Rəbbimizə qayıdacağıq»(əz-Zuxruf 13-14). Sonra o, üç dəfə Allaha həmd etdi, üç dəfə «Allah böyükdür», üç dəfə «Allah pak və müqəddəsdir» və «Səndən başqa haqq ilah (məbud) yoxdur» – dedi. Bundan sonra: «Sən pak və müqəddəssən! Mən özümə zülm etdim. Məni bağışla! Şübhəsiz ki, günahları ancaq Sən bağışlayırsan» – deyib güldü. Mən soruşdum: «Səni güldürən nədir?» O dedi: «Allah Elçisinin arxasınca gedirdim, o da mənim etdiyim kimi etdi və güldü». Mən də: «Ey Allahın Elçisi! Səni güldürən nədir?» – deyə soruşdum. O dedi: «Uca Allah buyurur: «Məndən başqa heç kəsin bağışlamayacağını bilən quluma təəccüblənirəm».
(Əhməd 1004, 1056, 1068. Şueyb əl-Arnavut hədisi həsən li-ğayrihidir.)