SƏMADAN GƏLƏN SƏS
Aişədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbərdən (s):
— Ühüd döyüşü günündən daha ağır bir gün yaşadınmı? — deyə soruşdum. Belə cavab verdi:
— Xalqından gələn bir çox çətinliklərlə qarşılaşdım. Rastlaşdığım çətinliklərin ən ağırı isə Aqəbə günü idi. O zaman İbn Abdyəlil ibn Abdkuləlin yanına gələrək məni saxlamasını xahiş etdim, lakin o mənim xahişimi yerə saldı. Mən də kor-peşman oradan qayıtdım. “Qarnus-səalib” adlanan yerə çatana qədər özümə gələ bilməmişdim. Bir də başımı qaldırıb gördüm ki, göydə bir bulud məni kölgəsi altına alaraq müşayət edir. Diqqətlə baxanda Cəbrayıl əleyhissəlamı buludun arasında gördüm. Məni səsləyərək belə dedi:
— Allah-taala xalqının sənə dediyi sözü və xahişini rədd etməsini eşitdi. Bunun üçün də dağlar mələyini sənə göndərdi ki, onlar barədə istədiyini bu mələyə əmr edəsən.
Bu zaman dağlar mələyi məni səslədi. Məni salamladıqdan sonra dedi:
— Ey Məhəmməd! Allah-taala xalqının sənə dediyi sözü eşitdi. Mən dağlar mələyiyəm. Rəbbim məni sənin yanına göndərdi ki, istədiyini öz əmrinlə mənə buyurasan. İstəyirsən [Məkkəni əhatə edən bu] iki dağı onların başına uçurdum?
Mən də:
— Əksinə, mən Allahın onların belindən yalnız Ona ibadət edən və Ona heç nəyi şərik qoşmayan bir nəsil yetişdirməsini istəyirəm, — deyə cavab verdim”.
( əl-Buxari və Müslim.)
—————
PEYĞƏMBƏRİN (S) DİLİNDƏN ÇIXAN
SƏHİH RƏVAYƏTLƏR
YUSİF ƏLİ BƏDYƏVİ
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov)