Allaha boyun əymək, ona bağlanmaq, ibadət və duaları yalnız Ona etmək – İslam dininin ana düsturlarındandır ki, buna Tövhid deyilir. Allah inancı qəlbdə bu cür möhkəmləndikdə, bir çox dəyişikliklər və təsirlər baş verir. Ən böyük təsiri – qəlbin rahatlığıdır.. Ruhun əsl qidası da məhz budur.

 

Dahi alim İbn Qayyim buyurur: “İnsanın mahiyyəti – onun qəlbi və ruhudur. Bunların sağlam və düzgün olması, yalnız Rəbbinin tövhidi (təkləşdirilməsi), Ona olan ibadəti, Ondan qorxması və bütün işlərdə Rəbbinə ümid etməsi ilə mümkündür. İnsanın ən böyük ləzzəti, səadəti və neməti də elə bundadır. Kainatda, insanın qəlbinin rahatlıq tapacağı başqa bir şey yoxdur. Çünki bu, yalnız Allahla mümkün ola bilər. Allaha iman gətirmək, Onu sevmək, Ona ibadət etmək, Allahı ucaltmaq, Onu zikr etmək kimi amillər – insanın qidası və gücüdür. Bütün bunların sübutu – Quran, Sünnə (Peyğəmbərin səhih hədisləri) və insan fitrətidir.”

 

İman – sabit qalmaz, artar və azalar. Zəiflədikdə, insanda qəlb sıxıntısı yaradar. Bu zaman insan canı sıxılar, əhvalı korlanar.. Bəs insan bu qəlb sıxıntısından necə qurtula bilər? Cavab bəllidir: yalnız Allaha bağlanmaqla..

İbn Abbas rəvayət edir ki, Muhəmməd peyğəmbər (ona salam olsun) belə buyurmuşdur: “Allahı Rəbb, İslamı din və Muhəmmədi Allahın elçisi olaraq qəbul edən kimsə, imanın şirinliyini dadmış olar”. (Muslim, 34)

 

İmanın şirinliyini – dünyanın ləzzətləri və şəhvəti ilə tapmaq olarmı? Əlbəttə ki, xeyr! İnsan imanın ləzzətini yalnız Allaha və Onun peyğəmbərinə boyun əyərək, itaət etməklə dada bilər. Ənəs rəvayət edir ki, Peyğəmbərimiz (ona salam olsun) demişdir: “Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun elçisini başqalarından daha çox sevmək; birisini yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq”. (Buxari 16.)

 

Yuxarıdakı hədisdə qeyd olunmuş üç şey – sevgi və məhəbbətlə bağlıdır. Bu isə, yalnız tövhid kəlməsini həqiqi surətdə həyata keçirməklə mümkün ola bilər. Dünya – öz əhli və şəhvətləri içərisində dalğalanır.. Kimisi öz vəzifəsinə, kimisi də öz şəhvətlərinə qapanır.. Kimisi şərəf və şan-şöhrət axtarır. Hər kəs nə isə axtarır.. Lakin müsəlmanım qəlbi, Allahla möhkəm bir bağ ilə bağlıdır. O, Allaha bağlanır və buna görə də qəlb rahatlığı tapır.. Fudeyl b. İyad (Allah rəhmət etsin) demişdir: “Günəş batdıqda mən Rəbbimlə tək qaldığıma görə bu zülmət və qaranlığa görə sevinirəm. Günəş doğduqda isə, mən insanların yanım gələcəklərinə görə kədərlənirəm..” Nə üçün? Çünki, onlar bu ləzzəti təklikdə tapırdılar. Bizlərdən fərqli olaraq ləzzəti və həzzi insanlarla birgəlikdə deyil, Uca Allah ilə danışmaqda, tək qalaraq dua və zikr etməkdə tapırdılar.

 

Bizdən öncə yaşamış xeyirli insanlar belə deyərdilər: “Gecə əhlinin (gecəni ibadət və dua ilə keçirənlərin) aldıqları ləzzət, gecəni əyləncədə keçirənlərin hiss etdiklərindən daha üstündür. Əgər gecə olmasaydı biz bu dünyada qalmaq istəməzdik..” Allahla irtibat belə bir möhtəşəm işdir! Ona bağlanan, Onun Əzəmət və Rəhmətini hiss edən insandan daha xoşbəxt kim olar bilər ki? Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərimiz (ona salam olsun) belə buyurmuşdur: “Sübh namazının iki rükət sünnəsi, dünya və onun içindəkilərdən xeyirlidir. Həqiqətən, mən onları bu dünyadan da çox sevirəm”. (Muslim) Düşünün, təkcə sübh namazının sünnəsindən bu cür böyük ləzzət alan birisi, digər əməlləri etməkdən necə böyük bir həzzi alar?..

 

Gecənin tən ortasında Allah üçün etdiyin ibadət, sənin qəlbində imanı, ləzzəti və səadəti formalaşdırır. Bu elə bir ləzzət və səadətdir ki, var-dövlətlə əldə olunmaz.. Nə mülk, nə də şərəflə bu sevinc əldə oluna bilməz. Tövhid – insanı Allahdan başqasına qul olmaqdan xilas edir. Əsl azadlıq – insanın Allaha qul olmasıdır. Bunu, yalnız yaşayanlar bilərlər..

 

Lakin təəssüflər olsun ki, bəzi insanlar Allahdan qeyrisinə bağlanır və o bağlandıqları şeyin qulu olurlar. Nəyə görə? Çünki, o insanın qəlbi darmadağındır.. Onun hər gün bir ilahı, bir tanrısı vardır. Allahı buraxaraq o ilahlara ibadət edir. Bu gün bir məqam sahibinə, digər gün bir müğənniyə, digər gün bir futbol komandasına, digər gün bir film qəhrəmanına elə bağlanır ki.. Onlarla gülür, onlarla kövrəlir.. Bir sözlə, gecəsi və gündüzü yalnız onları düşünməklə keçir.. Bəziləri isə çarəni, həyatda olmayan, bu dünyadan köçüb getmiş insanları səsləyərək, onlardan kömək diləməkdə görürlər.. Bəli, qəbirlərə, övliyalara, seyidlərə, ağaclara, daşlara, fal oxlarına, bürclərə inanıb bağlananlardan danışırır.. Onların qəlbləri Allahdan qeyrisinə bağlandıqlarına görə, bəlkə də heç bilmədən qula çevrilir. Çünki bütün işlərində və ehtiyaclarında o bağlandıqları qüvvələrə arxalanırlar.

 

“Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?” (əl-Casiyə 23).

 

Onların qəlblərində, Allahdan qeyrisinə bağlandıqlarına və tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə, sevgidən əlavə – bir qorxu yaranır. Zəiflədikdə, necə ağır hallara düşdüklərini bir görsən.. Onlar Allahdan qeyrilərindən qorxurlar. Kahinlərdən, falçılardan, kiminsə cəddindən.. Gecə və gündüz onu dərd içində, çarə axtarışında görərsən.. Bəlkə də bunları oxuyarkən, “filankəs eynilə belədir” – deyir və özünün belə olmadığına görə şükür edirsən. Allahın əsl bəndələri isə, heç kəsdən qorxmaz.. Çünki, o bilir ki, zərər, xeyir, xəstəlik və şəfa yalnız Allahın əlindədir:

“De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (əz-Zumər 38).

“Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz” (Yunus 107).

 

Allaha bağlılıq, Onu ibadətdə, duada, bağlılıqda, ümiddə təkləşdirmək, yalnız Ona bel bağlamaq, yalnız Ondan qorxmaq – Tövhiddir.. Tövhid – qəlbə inanılmaz ruh yüskəkliyi və xoşbəxtlik bəxş edər.. Çünki Uca Yaradan, bəndələrini həm dünya, həm də axirətdə xoşbəxt etmək istəyir. Öz Əziz elçisi vasitəsilə bizlərə Quranı göndərməsinin səbəbi də məhz budur..

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr