featured-image-3341

Şükür etməyin üç rüknü vardır:
1. Həm sənə, həm də insanlara verilən nemətlərin Allah tərəfindən olduğunu qəlblə etiraf etmək.
2. Bu nemətlərin Allahdan olduğunu dil ilə etiraf edib Allahı tərif etmək.
3. Həmin neməti Allahın razı qaldığı yerə sərf etmək.

Rəvayət edilir ki, Əbu Hureyra (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini eşitmişdir: “(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri — cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk (insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Dəvə ya da inəkdir ”— deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”
Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Gözəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “İnəkdir”— dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Bundan Sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyin şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim.” Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qay-tardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyin mal nədir?” O: “Qoyundur”— dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!)” Bundan sonra bu ikisinin heyvanları bala verdi, üçüncüsünün də (qoyunu) balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rizasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. (Bu adam cavabında ona) dedi: “Düzü, (özümün) o qədər verəcəyim var ki!” (Mələk) ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindiyi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-babalarımdan miras qalmışdır”. Mələk dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. (Onda Mələk) dedi: “Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyinlə (istəyimə) nail ola bilərəm. Sənin gözlərini özünə qaytaran Allah rizasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdıra bilim”. Adam dedi: “(Doğrudur,) mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənin Allah rizası üçün götürdüyün şeylərə hədd qoymayacağam”. Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!”

————-
Toplayan və Tərcümə Edən: K.Hüseyn
İxtisas Redaktoru: R. İsbarxanlı

Bənzər Məqalələr

media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı
media-img_2491

(Ərəb:) اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، { سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ } اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى […]
Daha ətraflı