İslam sülh dinidir. Bu şablon olaraq deyil, həqiqi mənada deyilmiş bir sözdür. Uca Allah belə buyurmuşdur:
“Ey iman edənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin!..” (Bəqərə surəsi, 208).

 

Lakin, bəzi qüvvələr İslamı qəddarlıq və döyüş dini kimi təqdim edərək insanları məharətlə aldatmağa çalışırlar. Halbuki bu din ekstremizm və xaos üçün deyil, insanların doğru həyat nizamını təmin etmək üçün Allah tərəfindən göndərilmiş bir dindir. Bu dinin əsas məqsədləri – insanların can, mal, din, ağıl və nəsil kimi dəyərlərinin qorunmasıdır.

 

Uca Allahın insanlara doğru yolu göstərsin deyə göndərmiş olduğu Hz.Məhəmməd, hesablamalara görə 8,000 gün peyğəmbərlik vəzifəsini daşımışdır. Onun bu peyğəmbərlik günlərinin cəmi 50-100 saat arası bir müddəti döyüşlərdə keçmişdir. Bu da təxminən 5-10 gün arası zaman müddətidir. Təsəvvür edirsinizmi, 8000 günün cəmi 7-8-i döyüşlərdə keçdiyi halda, bu dini savaş dini olaraq göstərməyə çalışmaq necə də ağılsızlıq və savadsızlıqdır..
Bu döyüşlər ərzində dünyasını dəyişənlərin toplam sayı isə, 997 nəfərdir. Maraqlısı budur ki, bu həm müsəlmanların, həm də qarşı tərəfin vermiş olduğu itkinin toplam sayıdır. Həmçinin, qeyd etmək lazımdır ki, əksər döyüş və üsyanların səbəbi, qeyri-müsəlmanların müsəlmanlara xəyanəti olmuşdur. Allahın göndərmiş olduğu İslam dinini insanlara öyrətmək üçün yola çıxmış 79 səhabənin düşmənlər tərəfindən yolda tələ qurularaq böyük bir xəyanət nəticəsində şəhid edilmələri, buna misal olaraq göstərilə bilər. Bəşər tarixində heç bir silsilə döyüşlərdə, heç bir idealogiya və dövlətlərdə bu qədər az itki olmamışdır. Müqayisə etmək istəyənlər üçün aşağıdakı misalları təqdim edirik:

 

1) Makedoniyalı İsgəndər (e.ə 336-325) – 500 min insanın ölümü;
2) Roma İmperiyası (e.ə 264-435) – 3 milyon insan ölümü;
3) Avropa Səlib Yürüşü (1095-1291) – 3 milyon insan ölümü;
4) Çingiz xanın dönəmi (13-cü əsr) – 40 milyon insan ölümü;
5) İngiltərənin Hindistana hücumu (1769-70, 1876-79, 1896-1900) toplam 11 il – 27 milyon insan ölümü;
6) Amerika kəşfində öldürülən yerli qızıldərililər (1492) – 15 milyon insan ölümü;
7) Birinci Dünya Müharibəsi – 10 milyon insan ölümü;
8) İkinci Dünya Müharibəsi – 60 milyon insan ölümü;
9) Xerosima, Naqasaki – 300 min insan ölümü;
10) Çinə Sosializm gətirən Mao Tsedun hakimiyyət ili (1949-1976) – 40 milyon insan ölümü;
11) Təkcə repressiyada – 70 min soydaşımız;
12) İtaliya-Efiopiya müharibəsi (1935-41) – 750 min insan ölümü;
13) Vyetnam müharibəsi (1959-75) – 4 milyon 200 min insan ölümü və s.

 

Bütün bunlar bir daha isbat edir ki, dünyaya müharibə, qəddarlıq və terrorizm bəlası – müsəlmanlar tərəfindən deyil, bu iftiranı onlara atan qarşı cəbhələr tərəfindən gətirilmişdir. Uca Allah, Qurani-Kərimdə belə buyurmuşdur:

“Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (Maidə surəsi, 32).

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı