Məlum səbəblərdən dolayı bu il Məkkə şəhərinə həcc səfərinin bütün ölkələr üçün qadağan edilməsi, ağıllara bir sualı gətirdi: Görəsən tarixdə, həcc ziyarətinin dayandırılmasına dair misal vardırmı? Hansı tarixi hadisələr buna səbəb olmuşdur?

 

Cavab olaraq deməliyik ki, bəli, tarixdə bir neçə dəfə Kəbə evi müsəlmanlara, müsəlmanlar isə Kəbəyə həsrət qalmışlar. Keçmişdə baş vermiş hadisələr, döyüşlər və xəstəliklər, Allahın evi adlanan Kəbə’nin, dəfələrlə ziyarət üçün bağlanılmasına səbəb olmuşdur:

 

ƏBRƏHƏ’NİN FİLLƏRİ VƏ MƏŞHUR ƏBABİL QUŞLARI..

Tarix boyu ərəblər üçün önəmli bir mərkəz olan Məkkədəki Kəbə evi, region əhalisinin ən çox axın etdiyi, ziyarətə getdiyi bir yer idi. Dönəmin Həbəşistan Nəcaşisi (kralı) olan Ashamə’nin Yəmənə təyin etdiyi vali olan Əbrəhə b. Sibah, Roma hökmdarının da dəstəyi ilə, möhtəşəm bir katedral (kilsə) inşa etdirmiş, içərisini ən bahalı qızıl daş-qaşlarla bəzətmişdi. Məqsədi – Kəbəyə olan marağı azaltmaq, öz dinini (xristianlığı) yaymaq və kilsəsinin tikildiyi Səna şəhərini bir ticarət mərkəzinə çevirmək idi. “Ərəblər mənim inşa etdirdiyim kilsəni murdarlamış və beləliklə onu təhqir etmişlər” bəhanəsi 571-ci ildə, altmış minlik ordu və Həbəşistandan göndərilmiş Mahmud adlı nəhəng filin də olduğu doqquz (və ya on) fil ilə Məkkəyə doğru hücuma keçərək, Kəbəni dağıtmağı qərara alır. Məkkə xalqı, bu ordunun qarşısında Kəbəni qoruya bilməyəcəyini görərək dağlara çəkilmiş, lakin şəhərə 7 km-lik məsafədə qərərgah qurmuş Əbrəhənin filləri tərpənməmiş, məşhur Əbabil quşları hadisəsilə bu hücumun qarşısı Uca Allah tərəfindən alınmışdır. Məhz bu zaman, tarixdə bizim bildiyimiz ilk Kəbə ziyarətinin bir müddətlik dayandırılması hadisəsi baş vermişdir.

 

BATİL FİRQƏNİN TƏMSİLÇİLƏRİ OLAN QƏRMƏTİLƏRİN FİTNƏSİ

Fatimilər dövlətindən ayrılmış Qərmətilər dövləti, 10-cu əsrdə həcc yollarına basqınlar etməsi səbəbilə həccə gələnlərin sayı hər il azalmağa başlamışdı. Bu səbəblə də, İslam alimləri, can və mal güvənliyinin ortadan qalxdığına görə 930-cu ildə, həccə getməməyin icazəli olması barədə fətva verdilər. Həmin il, Qərmətilərin başçısı olan Əbu Tahir əl-Qərməti, Məkkəyə hücumlar edərək on minlərlə müsəlmanı qətlə yetirdi. Tarixçilərin verdikləri məlumatlara görə Qərmətilər, Kəbəni ziyarət etməyin “keçmişdən qalma bir cahiliyyət adəti” olduğunu iddia edərək, 10 il həcc ziyarətini qadağan etmişdilər. Əslində isə, özləri cahil olan bu azğın insanlar, Məkkədən ayrılmadan öncə Kəbənin qapısını və Həcərul-Əsvadı (qara daşı) oğurlayaraq, paytaxt şəhərləri olan Həcər’ə aparmışdılar. Yalnız 20 il sonra (hicri 337-ci ildə) Abbasilər dövləti, 120 min dinar ödəyərək bunları geri almağa müvəffəq oldular.

 

VƏBA XƏSTƏLİYİ

1814-cü ildə Hicaz bölgəsində tüğyan etmiş vəba xəstəliyi, səkkiz min insanın ölməsinə səbəb olmuş və bu səbəblə də həmin il, həcc ziyarəti yerinə yetirilə bilinməmişdi. Daha sonra 1837-ci ildə yenidən başlayan bu qorxunc xəstəlik, 1892-ci ilə qədər davam etmiş və hər gün yüzlərlə hacının vəfat etməsinə səbəb olmuşdur.

 

CUHEYMAN HƏRƏKATI

20 noyabr 1979-cu ildə Cuheyman əl-Uteybi adlı bir azğının başçılığı altında silahlı dəstə tərəfindən sübh namazında Kəbəyə hücum edilmiş və təxminən 15 gün mübarək məscid əsarət altında saxlanılmışdı. Dini olaraq batil düşüncələrinə, siyasi maraqlarını da əlavə etmiş Cuheyman, Səudiyyə Ərəbistanı və xarici dövlətlərin xüsusi təyinatlı dəstələri tərəfindən zərərsizləşdirilmiş və tutularaq edam edilmişdi. Bu hadisələr zamanı Kəbə evi iki həftə ziyarət üçün bağlı qalmış və toplam 300-ə yaxın insan ölmüşdür.

 

KORONAVİRUS (Covid-19)

Bu siyahıya artıq 2020-ci il də əlavə olundu. Məlum olduğu kimi bu il dünyanın bir çox yerlərində, eləcə də müqəddəs torpaqların olduğu ölkədə tətbiq edilmiş karantin rejiminə görə günlərlə tavaf dayandırılması zəruri oldu. Yalnız yaxın günlərdə -müəyyən sayda insanın iştirakı ilə- camaat namazları və tavaf yavaş-yavaş bərpa olunmağa başlanmışdır. Koronavirus pandemiyası səbəbilə bu il həcc ziyarəti, yalnız ölkə daxilində yaşayan müəyyən sayda insan üçün açıq olacaq, ölkə xaricindən zəvvar qəbul edilməyəcək.

 

Uca Allahdan – bizləri tezliklə bu çətinlikdən qurtarmasını, xəstəliklərdən qorumasını və Kəbə evinin qapılarının bütün arzusunda olanlar üçün açılmasını diləyirik.

 

 

Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad zəruridir.

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı