Allah kimə xeyir istəyərsə, onu dində fəhmli (anlayışlı) edər
Müaviyə (r.a) demişdir ki, Peyğəmbər (s.a.v)belə buyurmuşdur: “Allah kimə xeyir istəyərsə, onu dində fəhmli edər.” Buxari və Müslim.
(Buxari: Elm ? 71. Müslim: Əmirlik ? 1037. İbn Macə: Müqəddimə ? 221. Əhməd: 4/93. Darimi: Müqəddimə ? 226.)
ŞƏRH
Bu hədis elmin fəziləti barəsində rəvayət olunan ən əzəmətli hədislərdən biridir. Burada faydalı elmin insan üçün xoşbəxtlik sayılması və Allahın bununla həmin şəxsə xeyir istəməsi zikr olunur.
Dində fəhmli olmaq imanın əsaslarını, İslamın qayda-qanunlarını, hökmləri və eyni zamanda ehsan gerçəkliklərini şamil edir. Din kəlməsi bu üçlüyün hamısını əhatə edir. Necə ki, Cəbrayılın hədisində o, Peyğəmbərə (s.a.v) iman, İslam və ehsan barədə sual vermişdir. Peyğəmbər (s.a.v) onların hüdudlarını bəlli edərək bu suala cavab vermişdir. O, imanı altı əsası, İslamı beş dayağı ilə birgə açıqlamışdır. Ehsan barədə isə belə buyurmuşdur: “Allaha Onu görürmüş kimi ibadət edirsən. Sən Onu görməsən də O, səni görür. ”
(Buxari: İman ? 50. Müslim: İman ? 10. Nəsai: İman ? 4991. İbn Macə: Müqəddimə ? 64. Əhməd: 2/426.)
Bura həmçinin əqidə məsələlərində fəhmə malik olmaq, bu barədə sələflərin rəylərini bilmək, aşkar və gizli məqamları təhqiq etmək, müxaliflərin məzhəblərini tanımaq və onların müxalifliyini Quran və Sünnə ilə bəyan etmək də daxildir.
Fiqh elmi, onun əsası və ikinci dərəcəli məsələləri, ibadətlərin hökmləri, müamilələr, cinayətlər və digərləri də hədisin tərkib hissəsinə daxildir.
İman həqiqətlərini və Allaha aparan yolları, Quran və Sünnəyə uyğun şəkildə bilmək də hədisin məzmununa aiddir.
Həmçinin dində fəhmli olmağa vəsilə olan hər bir bilginin, məsələn ərəb dili və sairə elmlərin əldə edilməsi də bura daxildir.
Allah kimə xeyir istəyərsə, onu bu işlərə yönəldərək fəhmli edər.
Hədisin məfhumuna görə kim bu elmlərdən bütünlüklə uzaq olarsa, demək Allah ona xeyir istəməyib. Çünki o, insanı xeyir və səadətə yetişdirən səbəblərdən məhrum olmuşdur.
————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı