featured-image-3684

Allah səbr edənlərlədir. (Bəqərə, 153)
Allahın (subhənəhu və təalə) öz kitabında, Peyğəmbərin isə (sallAllahu aleyhi və səlləm) öz Sünnəsində əmr etdiyi ən böyük əxlaqi dəyərlərdən biri — Səbrdir. Uca Allahın Qurani-Kərimdə ‘səbr’ sözünü yüz dörd dəfə zikr etməsi də bunun əyani sübutudur.

Uca Allah səbri büdrəməyən bir at, daim iti qalan və kütləşməyən bir qılınc, məğlub edilməz bir ordu, yıxılmayan möhkəm bir qala etmişdir. Səbr möminin bağlandığı və qopmayan bir ip, imanın söykəndiyi təməldir. Səbri olmayanın imanı zəif və naqisdir. İnsanlar səbr etdiklərinə görə xoşbəxtlik əldə edib, səadətə qovuşmuş, səbr qanadları arasında Nəim Cənnətlər əldə etmişlər. Bu Allahın bir lütfüdür ki, onu dilədiyinə vermişdir.

Allah (subhənəhu və təalə) Peyğəmbərinə səbrli olmağı əmr edərək buyurur:
– Səbr et! Sənin səbrin ancaq Allahdandır! (Nəhl surəsi, 127)
– Elçilərdən möhkəm iradə sahiblərinin səbr etdiyi kimi, sən də səbr et! (Əhqaf surəsi, 35)

Həmçinin Uca Allah möminlərə də səbrli olmağı əmr etmişdir:
– Ey iman gətirənlər! Səbr edin, dözümlü olun… (Ali İmran surəsi 200)

Allah (Subhənəhu və təalə) səbr edənləri tərifləmişdir:
– Yaxşı əməl sahibi əslində … xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır. (Bəqərə surəsi, 177)
Əgər Allah sevgisini qazanmaq istəyirsinizsə o zaman səbrli olun, çünki Allah (Subhənəhu və təalə) səbr edənləri sevdiyini və onlarla birlikdə olduğunu söyləmişdir:
– Allah səbr edənləri sevir! (Ali İmran surəsi, 146)
– Səbr edin, həqiqətən, Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)

Həmçinin Uca Allah səbr edənləri mükafatlandıracağını vəd edərək buyurur:
– Səbrli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl surəsi, 96)
– Yalnız səbr edənlərə mükafatları saysız-hesabsız veriləcəkdir. (Zumər surəsi, 10)

Allah (Subhənəhu və təalə) səbr edənləri Cənnətlə müjdələmişdir:
– Səbr edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)
– Və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər. (İnsan surəsi, 12)

Uca Allah Qurani-Kərimdə səbri— yəqinlik, təvəkkül, təqva, şükr, namaz, cihad və digər əzəmətli əməllər ilə birgə zikr etmişdir:

– (Çətinliklərə) səbr etdikləri və ayələrimizə yəqinliklə inandıqları üçün… (Səcdə surəsi, 24)
– (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir. O kəslərin ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişdir. (Ənkəbut surəsi, 58-59)
– Kim Allahdan qorxub (təqvalı olub) səbr etsə, (bilsin ki,) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! (Yusuf surəsi, 90)
– Bunda çox səbr və şükür edənlər üçün sözsüz ki, neçə-neçə ibrətlər var! (İbrahim surəsi, 5)
– Ey iman gətirənlər! Səbr və namaz ilə kömək diləyin. Çünki Allah səbr edənlərlədir. (Bəqərə surəsi, 153)
– …daha sonra cihad edib səbr edənləri isə bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir. (Nəhl surəsi, 110)

Səbr edənin mükafatı digər əməlləri edənlərin mükafatından çox olacaqdır:
– Səbir etdiklərinə görə onlara iki dəfə mükafat veriləcəkdir… (Qasas surəsi, 54)

Allah (subhənəhu və təalə) Yusif peyğəmbərin (aleyhissələm) belə dediyini xəbər vermişdir:
– Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! (Yusuf surəsi, 90)
Yusif peyğəmbər (aleyhissələm) bu ayədə səbr və təqvanın onu yüksək məqama çatdırdığını, qurtuluşun da, məhz səbr və təqva ilə bağlı olduğunu xəbər vermiş, möminlər də bu ayəni qurtuluşun səbr etməklə və Allahın əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə mümkün olduğunu anlamışlar.

Allah (subhənəhu və təalə) səbr edənləri üç ayə ilə müjdələdi ki, bunların hər biri də, dünya əhalisinin bir-biri ilə çəkişərək, uğrunda qan tökdükləri dünya malından daha xeyirlidir: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!”- deyirlər. Onları Rəbbi tərəfindən bağışlamaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır” (Bəqərə surəsi, 155-157)

Allah (subhənəhu və təalə) dünyadan üz çevirib, savab əldə etmək istəyən kəslərin yalnız səbrli möminlər olduğunu xəbər vermişdir:
– Axirət barəsində elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbə-dən) daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar! (Qasas surəsi, 80)

Allah (subhənəhu və təalə) səbr edənlərin yanına Cənnətdə mələklərin girib salam verəcəklərini xəbər vermişdir:
– Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər: “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rad surəsi, 23-24)

Allah (subhənəhu və təalə) səbr etdiyinə görə Əyyub peyğəmbəri (aleyhissələm) tərif etmişdir:
– Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı. (Sad surəsi, 44)

Uca Allah haqq və səbr əhli olmayanların ziyan içində olduğunu bildirmişdir:
– And olsun axşam çağına. Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa! (Asr surəsi, 1-3)
Rəvayət edilir ki, səhabələr ayrıldıqda, bir-birlərinə məhz bu möhtəşəm ayələri tövsiyyə edərdilər. İmam Şəfii (rahiməhullah) buyurmuşdur:
– Əgər Uca Allah qullarına bu surədən başqa bir huccət nazil etməsəydi və insanlar bu surəyə əməl etsəydilər, bu surə onlara kifayət edərdi. Çünki qulun imanının kamilliyi elm və əməlin kamilliyinə bağlıdır ki, bunlar da iman ilə saleh əməldir. Belə ki, qul öz nəfsini kamilləşdirməyə möhtac olduğu kimi başqalarını da kamilləşdirməyə möhtacdır. Bu da haqqı və səbri tövsiyə etməsidir. Bunların əsli və təməli isə səbrdir.

Rəsulullah (sallAllahu aleyhi və səlləm) buyurur:
– Möminin işi necə də qəribədir. Həqiqətən, onun bütün işləri qəribədir. Allah ona elə bir şey təqdir etməmişdir ki, onun üçün xeyirli olmasın. Başına yaxşı bir iş gəldikdə şükr edər və bu onun üçün xeyirlidir. Müsibət üz verdikdə isə səbr edər. Bu da onun üçün xeyirlidir. (Muslim, Səhih, Kitəbuz-Zuhd, 8/227; Əhməd, Musnəd, 1/173; əd-Darimi, Sunən, Kitəbur-Raqaiq, 2/318)

Həmçinin peyğəmbər Uca Allahın köməyini səbrə bağlamışdır.
– Bil ki, həqiqətən, yardım səbrlə bərabərdir! (Tirmizi, 2635; Əhməd, 1/293)

Ənəs (radıyAllahu anhu) rəvayət edir ki, Rəsulullah (sallAllahu aleyhi və səlləm) körpəsinə görə ağlayan bir qadının yanına gələrək, ona: “Allahdan qorx və səbrli ol!”- demişdir. Qadın da ona belə cavab vermişdir: “Sən mənə gələn bu müsibəti anlamazsan!” Rəsulullah (sallAllahu aleyhi və səlləm) getdikdən sonra qadına: “Bu Allah elçisi idi”- demişlər. Bunu eşidən qadın peşman olmuş,Rasulullahin (sallAllahu aleyhi və səlləm) yanina gəlib üzr istəyərək demişdir: “Ya Rəsulullah! Mən səni tanımadım!” Rəsulullah da (sallAllahu aleyhi və səlləm) ona demişdir:
– Səbr müsibətin ilk anında olanıdır! (Buxari, 1252; Muslim, 926)

Həqiqətən də, əsl səbr edən başına gəldiyi müsibətə həmin an səbr edəndir. Çünki o bilir ki, ağlayıb-sızlaması bu bəlanı ondan dəff edən və itiriləni qaytaran deyildir. Aqil insanlardan biri bu xüsusda demişdir:
– Səfeh olan kəs, bir ay ağladıqdan sonra səbr edər, ağıllı insan isə müsibət başına gəldiyi an səbr edər!

Rəvayət edilir ki, Ömər ibn Abdul-Azizin oğlu Məlik vəfat etdikdə onun cənazə namazını qıldı, sonra isə dedi: “Allah sənə rəhmət etsin! Sən mənim arxam və köməkçim idin!” Orada olanlar ağlayırdı, fəqət (o səbr edir), gözündən bir damla yaş belə axmırdı!

Mitraf ibn Abdullahın (rahiməhullah) oğlu vəfat edəndə, o başsağlığı vermək üçün gələnləri gülər üzlə qarşılayar və deyərdi: “Müsibət önündə sarsılmağa görə Allahdan utanıram!”
Həqiqətən, Mitraf çox səbrli bir qul idi!

Həsən ibn Abdul-Aziz əl-Cərəvi demişdir:
– “Mənim çox sevdiyim oğlum öldü. Zövcəmə “Allahdan qorx və savabını, yalnız Allahdan diləyərək səbr et!”- dedim. Zövcəm mənə dedi: “Belə böyük müsibətin savabını ağlayıb-sızlamaqla itirəcək qədər səfeh deyiləm!”

Möminlərin anası Ummu Sələmə (radıyAllahu anhə) deyir:
– Əbu Sələmə (radıyAllahu anhu) vəfat etdikdə, mən “Biz Allahınıq və Ona da qayıdacağıq. Allahım müsibətimin əcrini yalnız Səndən umuram!” — söylədim. Sonra isə səbrin, qayıdışın, Rəsulullaha (sallAllahu aleyhi və səlləm) tabe olmağın və Allahdan razı qalmağın aqibətinin nə olacağını gözləyirdim. Nəhayət, səbr etməyimin nəticəsi olaraq Allah dərgahında məxluqatın ən xeyirlisinin zövcəsi olma şərəfinə nail oldum! (Əbu Davud, 3116; Tirmizi, 35114; İbn Məcə, 1598; Əhməd, 6/317)

Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir: “Allah (subhənəhu və təalə) buyurmuşdur: “Mömin bir qulumun dünya əhlindən olan ən çox sevdiyi bir kəsi aldıqdan sonra o, savabını Allahdan umaraq səbr edərsə, Mənim dərgahımda onun mükafatı ancaq Cənnətdir!” (Buxari, 6224)

Ata ibn Əbu Rabəh (rahiməhullah) rəvayət edir ki, İbn Abbas mənə dedi:
– “Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?”
Mən: Bəli!- dedim!

İbn Abbas dedi:
– Bu zənci qadındır. Bu qadın Rasulullahın (sallAllahu aleyhi və səlləm) yanına gəlib demişdir: “Mənim epilepsiya xəstəliyim var və özümdən gedəndə örtüyüm açılaraq bədənim görünür. “Mənim üçün Allaha dua et!”
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona belə cavab verdi:
– İstəyirsən səbr et və Cənnətlik ol. İstəyirsən də Allaha dua edim sənə şəfa versin.
Bunu eşitdikdə qadın dedi: “Mən səbr edərəm, amma bədənim açılır. Heç olmasa açılmaması üçün dua et.”
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dua etdi. (Buxari, 5652; Muslim, 2576)

Əbu Səid əl-Xudri (radıyAllahu anhu) rəvayət edir ki, Rəsulullah (sallAllahu aleyhi və səlləm) demişdir: “Səbrdən daha xeyirli, səbrdən daha geniş bir nemət heç kimə verilməmişdir.” (Buxari, 1469; Muslim, 1053)

İbn Teymiyyə (rahiməhullah) səbrin üç növ olduğunu söyləmişdir: “Allaha itaətdə olan səbr, Qadağanı tərk etməkdə edilən səbr, İnsanın başına gələn müsibətlərə görə səbr etməsi.”
İbn Teymiyyə sözünə davam edərək buyurur:
– Müsibət həm xəstəlik və s. kimi məxluqatın iradəsi olmadan gələn səmavi müsibət, həm də insanların bir kəsə qarşı etdikləri səbəbdən ola bilər. İkinci növ müsibət, yəni, kiminsə digər bir kəsin özünə, mal-dövlətinə və namusuna toxunmaqla olur ki, buna səbr etmək çox çətindir. Buna ancaq peyğəmbərlər və siddiqlər səbr edə bilir. Necə ki, Allah Rəsulu (sallAllahu aleyhi və səlləm) buyurur:
– Allah Musaya rəhm etsin, ona daha çox əziyyətlər verilsə də, səbr edərdi. (Buxari, Səhih, Kitəb əl-Ənbiyə, 3405; Muslim, Səhih, 3/109)

Abdullah ibn Məsud (radıyAllahu anhu) deyir:
– Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Huneyn döyüşündən əldə edilmiş qənimətləri əl-Caranədə insanlar arasında bölüşdürdüyü zaman insan kütləsi onun üzərinə axışdı. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: “Allah qullarından birini öz qövmünə peyğəmbər olaraq göndərmişdir. Qövmü onu döymüş və yaralamışdır. O isə alnından axan qanı silə-silə demişdir: “Ya Rəbbim, mənim qövmümü bağışla, çünki onlar cahildirlər.””
Abdullah ibn Məsud sözünə belə davam etdi: Sanki indi də o gözümün önündədir, peyğəmbər (sallAllahu aleyhi və səlləm) alnından axan qanı silə-silə həmin peyğəmbərin hekayəsini danışır və deyirdi: “Ya Rəbbim, mənim qövmümü bağışla, çünki onlar cahildirlər.” (Əhməd, Musnəd, 7/378, hədis: 4366)

İnsan həm fəqir olduğu zaman, həm də bolluq zamanı səbrli olmağı bacarmalıdır. Fəqir olduğu zaman Allahın qədərinə səbr etməli və Onun təqdir etdiyi ilə razı qalmalı, harama sürüklənməməli, bolluq zamanı da, nəfsini qadağan olunmuş əməllərdən qorumağı bacarmalıdır. Salehlərdən biri buyurmuşdur: “Bəlalara mömin də, kafir də səbr edər. Lakin səhhətə, sağlamlığa və bolluğa ancaq sadiq qullar səbr edər.”

Abdurrahmən ibn Auf (rahiməhullah) demişdir:
– Biz kasıblıq və qıtlıqla imtahan edildik, səbr etdik. Bolluqla da imtahan edildik, fəqət səbr edə bilmədik. (Tirmizi, 2464)

Səbr haqqında salehlərimiz buyurur:

Əli ibn Əbu Talib (radıyAllahu anhu) demişdir:
– Səbr — büdrəməyən bir minikdir. (Risalətul Quşəriyyə, 185)

Abdullah ibn Məsud (radıyAllahu anhu) buyurur:
– Səbr imanın yarısı, yəqinlik isə hamısıdır! (əl-Munziri, ət-Tərğib və ət-Tərhib, 4/171)

Ömər ibnul Xəttab demişdir:
– Biz yaşayışımızın ən xeyirlisini səbrlə tapdıq.(Əhməd, Kitəbuz-Zuhd, səh. 146; Hilyətul Əuliyyə, 1/50; İbn Əbid-Dunyə, əs-Sabr, 47; İbn Həcər, Fəthul Bəri, 11/303)

Qatadə demişdir:
– Bir nəfər Loğmandan (aleyhissələm) soruşmuşdur: “Ən xeyirli şey nədir?” O belə cavab vermişdir: “Ardınca sıxıntı gəlməyən səbr!” (Əhməd, Kitəbuz-Zuhd, 1/154; İbn Əbid Dunyə, əs-Sabr, 154)

Cuneyd ibn Muhəmməd (rahiməhullah) demişdir:
– Səbr — insanın üzünü turşutmadan acıları udmasıdır! (Risalətul Quşəriyyə, səh. 183)

Səid ibnul Cubeyr (rahiməhullah) demişdir:
– Səbr — qulun başına gələn müsibətin Allah tərəfindən olmasını etiraf etməsi və onun savabını yalnız Allahdan ummasıdır! (Abdullah İbn Mubərak, Kitəbuz-Zuhd, 111; İbn Əbid Dunyə, əs-Sabr, 116)

İbnul Qeyyim (rahiməhullah) demişdir:
– Arif kəslərdən birinin cibində bir kağız vardı və o, hər zaman həmin kağız parçasına baxardı. Orada isə yazılmışdır: “Sən öz Rəbbinin hökmünə səbr et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et! (Tur surəsi, 48)” (Risalətul Quşəriyyə, 186-187)

Zunnun (rahiməhullah) demişdir:
– Səbr — insanın qadağalardan çəkinməsi, müsibət acısı daddıqda öz sükunətini qoruması və kasıb ikən varlı görünməsidir! (Risalətul Quşəriyyə, səh. 184)

Əbu Osman (rahiməhullah) demişdir:
– Səbr edən kimsə pisliklərə qarşı hücuma keçməyi adət halına gətirən kəsdir. (Risalətul Quşəriyyə, səh. 184)

Əmr ibn Osman əl-Məkki (rahiməhullah) demişdir:
– Səbr — Allaha güvənib sabit qalmaq, bəlaları sükut və hüzur içində qarşılamaqdır. (Risalətul Quşəriyyə, səh. 184)

İbnul Qeyyim (rahiməhullah) Əmr əl-Məkkinin bu cümləsini şərh edərək demişdir:
– Yəni, Səbr – üz vermiş müsibəti qəzəb, şikayət və darlıq ilə deyil, geniş qəlb ilə qarşılamaqdır!

Xavvas (rahiməhullah) demişdir:
– Səbr — Quran və Sünnə üzərində sabit olmaqdır! (Risalətul Quşəriyyə, səh. 184)

İbnul Qeyyim (rahiməhullah) buyurur:
– İbn Teymiyyə daim deyirdi: “Ey oğlum! Əmr edilənləri yerinə yetir, haram və qadağalardan qaç, bir də qədərinə səbr et!”

Ruveym (rahiməhullah) demişdir:
– Səbr — şikayəti tərk etməkdir! (Risalətul Quşəriyyə, səh. 184; Beyhəqi, Şuəbul İmən kitabı, 10078)

İbn Teymiyyə (rahiməhullah) demişdir:
– Bəndə səbr etdiyi təqdirdə Allahın onunla olduğunu bilməlidir. Allah da (subhənəhu və təalə) kiminlə olarsa, ondan insanların dəff edə bilmədiyi zərərləri və bəlaları uzaqlaşdırar. Necə ki, Uca Allah buyurur: Səbr edin, həqiqətən, Allah səbr edənlərlədir. (Ənfal surəsi, 46)

Əbu Muhəmməd əl-Cəriri demişdir:
– Səbr — həm bolluq zamanı, həm də darlıq anında könlün xoş olmasıdır! (Risalətul Quşəriyyə, səh. 185)

Əbu Əli əd-Dəqqaq (rahiməhullah) demişdir:
– Səbr qədərə razı olmaqdır. (Risalətul Quşəriyyə, səh. 188)

Əbul Əli (rahiməhullah) demişdir:
– Səbr edənlər dünya və axirət səadətini əldə edib, Allah ilə bərabər olma şərəfinə nail olanlardır. Necə ki, Uca Allah buyurmuşdur: “Həqiqətən Allah səbr edənlərlədir.” (Ənfal surəsi, 46) (Risalətul Quşəriyyə, səh. 186)

Həsən əl-Bəsri (rahiməhullah) demişdir:
– Səbr xeyir xəzinələrindən bir xəzinədir və Allah (subhənəhu və təalə) onu öz dərgahında ən yaxşı quluna bəxş edir! (İbn Əbid-Dunyə, əs-Sabr, səh. 16)

Ömər ibnul Abdul-Aziz (rahiməhullah) demişdir:
– Allah (subhənəhu və təalə) quluna verdiyi bir neməti alıb, yerinə səbr verərsə, mütləq aldığından daha xeyirlisini vermişdir! (İbn Əbid Dunyə, əs-Sabr, səh. 22; Beyhəqi, Şuəbul İmən, 7/212/10038)

İbnul Qeyyim əl-Cəuziyyə (rahiməhullah) buyurur:
– “Deyilmişdir ki, Səbr – nəfsin qəhrəmanlığıdır, bu səbəbdən bircə saat səbr edə bilmək də qəhrəmanlıqdır. Səbr — müsibət, bəla anında qəlbin səbatıdır. Səbr ilə qəm çəkmək bir-birinə zidd olan məfhumdur. Necə ki, Allah (subhənəhu və təalə) Cəhənnəm əhli haqda buyurur:
– (İndi) qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur! (İbrahim surəsi, 21)
Qəm çəkmək acizliyin dostu və qardaşıdır. Səbr isə ağlın dostu və məhsuludur! Səbr — acizliyin atasıdır. Nəfs bəndənin miniyidir və bəndə onunla ya Cənnətə, ya da Cəhənnəmə gedər. Səbr isə bu miniyin sükanıdır. Əgər bu sükan öz başına qalarsa, nəfs istədiyi yerə gedə bilər. Bəzi moizələrdə deyilmişdir ki, Allahın haram etdiklərinə qarşı səbr etmək, Allahın əzabına qarşı səbr etməkdən daha rahatdır!
Bəzi kimsələr özünə fayda verəcək şeylərə səbr edir, fəqət, özünə zərər olan şeylərdə səbr etmirlər. Bu cür kəslər ibadətin və itaətin məşəqqətinə, çətinliyinə dözür, səbr edir, lakin qadağanlara qarşı səbr edə bilmirlər!
Bəzi kimsələr isə qadağanlara qarşı səbr edir, lakin ibadətin və itaətin çətinliyinə səbr edə bilmir. Bəzi kəslərdə isə, bunların heç biri yoxdur! İnsanların ən üstünü, ən fəzilətlisi həm ibadət və itaətə, həm də qadağalara qarşı səbr edən kimsədir.
Bəzi insanlar isti və ya soyuq gecələri ibadətinə, gündüzləri oruc tutmağın çətinliyinə səbr edir, lakin harama baxmamağa səbr edə bilmir. Bəziləri də, haramlara baxmağa səbr edir, fəqət saleh əməllər etməyə, pisliklərdən çəkinməyə, kafir və münafiqlərlə olan döyüşlərə səbr edə bilmir. Əksər insanlar bunların heç birinə səbr etməzlər, bunların hər birinə səbr edənlər isə nə azdırlar…
Deyilmişdir ki, Səbr — arzu və şəhvət üzərində ağıl və dini hakim etməkdir. Yəni, insanın təbiəti elədir ki, o sevdiyi şeyləri əldə etməyə can atır. Ağıl və Din isə buna qarşı çıxır və bunlar arasında mübarizə başlayır. Arzu – istək və ağıl – Din arasında olan döyüşün meydanı isə qulun qəlbi, səbri, şücaəti və səbatıdır. Bəzi kəslər demişdir:
– Səbr — müsibət anında əxlaqı və ciddiyyəti qorumaq, yerdə qalanlarını isə şikayət etməməkdir. Səbr — Allahdan yardım istəməkdir. Səbr — müsibət üz verdiyi zaman da, səhhətin sağlam anında olduğu kimi görünməsidir.
Yəni, həm sağlam, həm də bəlaya düçar olarkən Allahın (subhənəhu və təalə) qulun üzərində haqqı vardır. Məhz bu səbəbdən də, qul sağlam ikən şükür etməli, bəlaya düçar olduqda isə səbr etməlidir.”

Şeyxul İsləm İbn Teymiyyənin “Qavəidus-Sabr” kitabı və İbnul QEYYİM əl-Cəuziyyənin “U’ddətus-saabirin va zəxiiratuş-Şəəkirin” kitabı əsasında…

Hazırladı: Ummu Suleyman

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı