Allahın razılığı valideynlərin razılığındadır
Abdulla ibn Amr (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Allahın razılığı valideynlərin razılığı ilədir, Allahın qəzəbi isə, valideynlərin qəzəbi ilədir.” Tirmizi rəvayət etmişdir. İbn Hibban və Hakim hədisin səhih olduğunu deyiblər.
((Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1899. Əlbani hədisin sənədinin səhih olduğunu söyləmişdir.))
ŞƏRH
Bu hədis valideynlərə yaxşılıq etməyin fəzilətinə və vacibliyinə dəlalət edir. Həmçinin onun uca Allahın razılığına səbəb olması bildirilir. Burada valideynlərə itaətsizlik göstərməkdən çəkindirilir və bu işin haramlığı qeyd olunur. Belə bir əməlin Allahın qəzəbinə səbəb olduğu vurğulanır.
Şübhəsiz ki, bu, Allahın valideynlərə və uşaqlara göstərdiyi mərhəmətidir. Çünki valideynlərlə uşaqları arasında başqa bağlantılara bənzəməyən özünəməxsus bir bağlantı var. Valideynlərin uşaqlara etdikləri yaxşılıqlar hər hansı bir insana edilən yaxşılığa bərabər tutula bilməz. Bura müxtəlif tərbiyə üsulları, belə bir haqqın yerinə yetirilməsi üçün uşaqların dini və dünyəvi tələblərinin ödənilməsi, onları vəfalı olmağa və savab qazanmağa həvəsləndirilməsi və valideynlərin öz ata-anaları ilə necə davrandıqlarını zürriyyətlərinə öyrətməsi daxildir.
Bu və digər əlaqəli səbəblər valideynlərin razılığının vacib şəkildə Allahın razılığına bağlanılmalı olduğunu göstərir. Onların ziddi də zidd olanları tələb edir. Sual verilə bilər: Allahın və Onun elçisinin əmr etdiyi xeyirxahlıq nədir?
Cavab: Allah və Onun elçisi bu həddi hamının başa düşəcəyi bir səviyyədə bəlli etmişlər. Uca Allah onlara yaxşılıq edilməsini əmr vermiş və bəzi yaxşılıq nümunələri göstərmişdir. Söz, əməl və bədənlə edilən hər bir yaxşılıq valideynlərin və uşaqların vəziyyətindən, vaxtdan və məkandan asılıdır. Bu, xeyirxahlıq sayılır.
Bu hədisdə xeyirxahlığın qayəsi və son həddi olan valideynlərin razılığı xatırlanmışdır. Yaxşılıq vacib edəndir və eyni zamanda səbəbdir. Razılıq isə, həm iz, həm də səbəbkardır. Valideynləri razı salacaq bütün adət edilmiş davranış formaları və onların razılığına aparan hər bir yol və vəsilə xeyirxahlıq anlamına daxildir. Necə ki, onları qəzəbləndirən bütün söz və əməllər itaətsizlik hesab edilir. Lakin bu, asiliklə deyil, itaətlə qeyd edilmişdir. Əgər övlad, valideynləri razı salmaqla Allahı qəzəbləndirəcəksə, Allaha olan sevgini valideynlərə olan sevgidən önə çəkməsi vacib sayılar. Bu halda qınanan və günah daşıyan valideynlər olar. Onlar bu işə görə yalnız özlərini günahkar bilməlidirlər.
Bu hədisdə Allahın razılıq və qəzəb sifətləri öz təsdiqini tapmışlar. Bunlar Onun sevgisinə və razılığına bağlıdırlar. Uca Allah öz dostlarını, seçdiyi qullarını, Ona və Peyğəmbərinə itaət edənləri sevir. Bu Onun kamilliyindən, hikmətindən, tərifindən və mərhəmətindəndir. Allahın razılığı və qəzəbi Onun istəyinə və qüdrətinə bağlı sifətlərdəndir.
Bu işdə qorunulası məsələ budur ki, mömin şəxs Allahın Öz nəfsi üçün təsdiq etdiyi və Peyğəmbərin Onun üçün təsdiq etdiyi zatı və feli sifətlərinin kamilliyini Allahın əzəmətinə, böyüklüyünə və şanına layiq şəkildə təsdiq etməlidir. O, Allahın zatında, adlarında, sifətlərində və fellərində tayı-bərabəri, bənzəri və oxşarı olmadığını bilməlidir. Allah daha doğrusunu bilir.
——————
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı