Yaxın Şərqdə “sülh” yaratmağa nail olmuş tarixi şəxsiyyətlərin mənəvi və maddi keyfiyyətləri barədə maraqlı iqtibası diqqətinizə çatdırmaq istəyirik. İqtibasın mövzusu son günlərdə xeyli aktualdır. Yazını oxuduqca, bu günlərdə “sülh” nərələri atanların yazıda qeyd edilən keyfiyyətlərə sahib olub olmadığı ilə bağlı təhlil aparmaq, son proseslərin mahiyyətini və mümkün sonluğunu anlamaqda faydalı ola bilər.

 

Fransız filosof, satirist və tarixçi Volter yazır:

..Bu dağıntıların arasında avropalıların “Saladin” dedikləri böyük Səlahəddin Əyyubi yüksəlməkdəydi. Səlahəddin qısa bir müddətdə Misiri, Suriyanı, Ərəbistanı, Persiyanı və Mesopotamiyanı fəth etdi. Qüdsdə özünü kral elan edən Qay de Luzuinyalı ətrafındakı bütün xristianları toplayaraq, Səlahəddinə hücum etdi. Qüds yepiskopu, dediyinə görə İsanın edamında istifadə edilən çarmıx olan iri xaçı belinə bağlayıb ordunun önündə durmuşdu. Buna rəğmən, bütün xristianlar ya əsir düşdü, ya da tələf edildi. Edam cəzasından başqa bir şey gözləməyən Luzuinyalı, ən uca sərkərdələrin müharibə əsirlərinə qarşı davranışlarının eynisi ilə qarşılaşdıqda təəccübləndi. Səlahəddin ona qarda soyudulmuş şərbəti şəxsən təqdim etdi. Qay de Luzuinyalı bir qurtum içdikdən sonra qədəhi general Şatilyonlu Reynalda ötürmək istədi. Müsəlmanlarda olan ənənəyə görə, yemək və içmək verilən əsir öldürülməzdi. Bu ənənə, Səlahəddin üçün də müqəddəs idi. Bu səbəbdən, Şatilyonlu Reynaldın kraldan sonra şərbəti içməsinə razı olmadı. Çünki, bu general dəfələrlə öz vədlərini pozmuşdu. Bağışlamağı bacaran Səlahəddin cəzalandırmağı da bacardığını göstərərək, qılıncı ilə bir zərbə vurub bu riyakar adamın başını bədənindən ayırdı.

Qüdsə girdikdə qadınlar ayaqlarına düşüb ondan ataları, qardaşları, oğulları üçün mərhəmət dilədilər. Səlahəddin dünyanın o hissəsində bənzəri görülməmiş comərdliklə hər kəsi sərbəst buraxdı, həm də heç bir fidyə almadan!

Düşmənlərini belə özünə heyran edən Səlahəddin 1198-ci ildə Dəməşqdə öldü. Son xəstəliyi boyunca qapısının üstünə bayraq yerinə kəfən asdırdı. Bu ölüm sancağının gözətçisi ətrafa belə səslənirdi: “Şərqin fatehi Səlahəddinin özü ilə aparacağı sərvətə baxın!”

 

Rəvayətə görə, Səlahəddin vəsiyyətnamə yazdıraraq, mirasını müsəlmanlar, xristianlar və yəhudilər arasında bərabər olaraq paylaşdırıbmış. Bununla bütün insanların qardaş olduqlarını, onlara kömək etmək üçün inanclarını yox, iztirablarını nəzərə almağın vacib olduğunu göstərməyə çalışıb.

Bizim xristian knyazların çox azında bu qədər uca nəciblik görülüb və tarixçilərimizdən çox azı Səlahəddini düzgün qiymətləndirə bilmişdir!” (“Şərqə baxış” səhifəsi)

 

Gördüyümüz kimi, tariximizi bizdən daha da yaxşı bilənlər, qiymətləndirənlər vardır. Müsəlmanların ədalət və mərhəməti, bütün dünyanın ən böyük həsrətidir..

 

“Şübhəsiz ki, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, əxlaqsızlığı, pisliyi və haqsızlığı isə qadağan edir! O, düşünüb ibrət alasınız deyə sizə öyüd verir.” (Quran, Nəhl, 90)

 

 www.islamevi.az

Bənzər Məqalələr