🍁 İnsanlara xor baxma, tənə etmə, rəhmli ol və unutma ki, bir vaxtlar sən də bataqlıqlarda idin. Lakin, Rəbbin səni sevdi, neçə-neçə insan içərisindən seçdi, ucaltdı..

 

🍁 Lakin, düşünmə ki hidayət/doğru yol neməti – ancaq sənə və sənin ətrafındakılara verilib. “Yalnız bizik doğru yolda olanlar, onlar azmışlardır” – deyə düşünənlər, ilk olaraq özlərini yanlış və gərgin bir yola doğru çəkərək, həyatlarını zəhərləmiş olurlar.. Çünki, həyata baxışları tamamilə dəyişmiş, simaları belə tamamilə fərqli və aqressiv bir hala bürünmüş olur. Çoxumuz bunları, bəzi şəxslərdə canlı olaraq hiss etmişik.

 

🍁 Peyğəmbərlərin atası olan İbrahim peyğəmbər, bu dediklərimizə ən gözəl nümunələrdən biridir. Uca Allah əbəs yerə, ”İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır..” (Quran, Mumtəhənə, 4) deməmişdir. Gəlin, o gözəl nümunəyə diqqətlə nəzər yetirək.. İbrahim peyğəmbərin atası Azər adını çoxumuz eşitmişik. Bütlərə ibadət edərək, Allaha şərik qoşan bir toplumdan idi. Bir peyğəmbər üçün ən böyük acı.. “Mən bir Allah elçisi ola-ola, camaatı doğru yola çağıra-çağıra, evdə atam bütlərdən əl çəkmir..” – düşüncəsinə qapıla, aqressivləşə bilərdi. “Əşşi, mən doğru yoldayam, atam özü bilər, belə ata olmaz olsun..” – deyə, aciz və zəif düşüncələrə də qapıla bilərdi. Lakin, bunların heç birini etmədi. Atasına qarşı son dərəcə nəzakətli davranan İbrahimin, ona doğruları izah edərkən “atacan” deyə müraciət etməsi, Qurani-Kərimdə 4 yerdə qeyd olunmuşdur.

 

🍁 İbrahim peyğəmbərin (ona salam olsun), mövzumuza dair nümunəsi, əslində tam olaraq bu da deyildi. “Ata! Sən bilmirsən, mən peyğəmbərəm, mən daha çox bilirəm, səndən daha savadlıyam, mən namaz qılıram, səndən üstünəm, sözümə qulaq as!” – deyə bilərdi əslində. Lakin, ‘yuxarıdan aşağı’ baxmayaraq, daha gözəl və müdrik bir üslub nümayiş etdirdi: “Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (hidayət, peyğəmbərlik) mənə gəlmişdir. Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!” (Quran, Məryəm, 43). Yəni, mən göydən düşməmişəm, sadəcə olaraq Allah mənə doğru yolu görməyi, elmi nəsib etmişdir, burada mənim xüsusi bir üstünlüyüm yoxdur, sadəcə olaraq Allah hidayəti sənə deyil, mənə göndərmişdir, lakin bu hidayəti sənə də göndərə bilər.. Budur doğru yanaşma məntiqi! Üslubun gözəllik və sadəliyinin izahatı, cildlərlə kitaba sığmayacaq dərəcədə genişdir..

 

🍁 Özlərindən başqalarına “yuxarıdan aşağı” baxanların vəziyyəti, həqiqətən çox təhlükəli bir haldır. Bu cür düşünən kəslər, saleh və müdrik kəslərin yolundan çox uzaqlarda qalaraq, cəmiyyətlərə zərər verməkdən başqa bir işə yaramazlar.. Necə də gözəl demişlər:

 

” بلينا بقوم يظنون أن الله لم يهد سواهم”

Allah, onlardan başqasına hidayət (doğru yol) verməyib -deyə düşünənlərlə imtahan olunduq..’

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı