BEŞİKDƏ DANIŞANLAR
“Beşikdə [İsrail övladlarından] ancaq üç nəfər danışmışdır. İsa ibn Məryəm və Sahibi Cüreyc bunlardandır.
Cüreyc ömrünü Allaha ibadətdə keçirən bir bəndə olub. Özünə yüksək bir zirvədə ibadətgah hazırlamış və orada ibadət edirmiş. Günlərin bir günü Cüreyc namaz qılarkən anası onun yanına gəlir və: “Ey Cüreyc!” — deyə onu səsləyir. Cüreyc isə: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” — deyə dua edir və namazına davam edir. Anası isə çıxıb gedir. Ertəsi gün o namazda ikən anası yenə gəlir və yenə: “Ey Cüreyc!” — deyə oğlunu səsləyir. Cüreyc isə yenə də: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” — deyə dua edir və namazına davam edir. Ertəsi gün o namazda ikən anası yenə gəlir və yenə də: “Ey Cüreyc!” — deyə oğlunu səsləyir. Cüreyc isə yenə də: “Ya Rəbbi, anama cavab verməyi və namazımı tamamlamağı mənə müyəssər et və onların hər ikisini üstün tutmağı mənə müvəffəq qıl” — deyə dua edir və namazına davam edir. Bu dəfə anası: “Allahım! Zinakar qadınların üzünü görmədikcə onu öldürmə!” — deyə oğluna qarğış edir.
İsrail övladları Cüreyci və onun ibadət etməsini xatırlayarkən gözəlliyi ilə tanınan zinakar qadın da orada idi. Bu fahişə ətrafındakılara: “İstəsəniz, mən bu kişini yoldan çıxararam” — demişdir. Qadın Cüreyci nə qədər yoldan çıxartmağa çalışmışsa da, Cüreyc ona tərəf belə baxmamışdır. Zinakar qadın Cüreycin ibadətgahında özünə sığınacaq tapmış çobanın yanına gələrək ona özünə sahib olmağa imkan vermişdir. Çoban onunla cinsi yaxınlıq etmiş və qadın hamilə olmuşdur. Uşaq dünyaya gəldikdə isə: “Bu uşaq Cüreycdəndir” — demişdir. Camaat Cüreycin yanına gəlmiş, onu üzü aşağı tullamış, ibadətgahını dağıdıb, özünü də döyməyə başlamışdır. Cüreyc:
— Sizə nə olub? — deyə soruşmuş, camaat isə:
— Sən bu fahişə ilə zina etmisən və onun səndən uşağı olub, — deyə cavab vermişdir. Cüreyc:
— Körpə haradadır? — deyə soruşduqda camaat uşağı gətirmişdir. Cüreyc:
— Qoyun namazımı qılım — demiş, namazı qılıb-qurtardıqdan sonra körpənin yanına gəlmiş, onun qarnından vuraraq:
— Ay uşaq, atan kimdir? — deyə soruşmuşdur. Körpə də:
— Filan çobandır, — deyə dillənmişdir. [Bunu eşidən] camaat Cüreycin yanına gələrək onu öpməyə və oxşamağa başlamış, Cüreycə:
— Sənin ibadətgahını qızıldan tikərik — demişlər. Cüreyc isə:
— Xeyr, onu olduğu kimi palçıqdan tikin — demişdir. Camaat elə də etmişdir.
Bir dəfə körpə uşaq anasının döşündən süd əmərkən bəzəkli bir at üzərində gözəl bir kişi oradan keçirmiş. Körpənin anası: “Allahım! Oğlumu da bunun kimi et!” — deyə dua etmişdir. Körpə anasının döşünü buraxıb üzünü atlıya tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi etmə” — deyə dua etmişdir. Sonra yenidən anasının döşünü əmməyə davam etmişdir.
Əbu Hüreyrə: “Allah elçisinin (s) şəhadət barmağını ağzına salaraq körpənin döşü əmməsini vəsf etməsi gözlərimin önündədir. Barmağını əmməyə başladı. Sonra sözünə belə davam etdi:
“Camaat bir kənizin [cariyənin] yanından keçərkən onu döyməyə başlamış, ona: “Sən zina etmisən, oğurluq etmisən” — demişlər. O isə: “Allah mənə bəs edər. O nə gözəl vəkildir” — deyə zikr edirmiş. [Bayaqkı körpənin] anası: “Allahım! Oğlumu bunun kimi etmə” — deyə dua edərkən körpə döşü buraxıb üzünü kənizə tərəf çevirmiş, ona baxdıqdan sonra: “Allahım! Məni onun kimi et” — deyə dua etmişdir. Burada ana ilə oğul arasındakı söhbət belə davam edir:
— Yanımızdan gözəl və yaraşıqlı bir atlı keçdi, mən: “Allahım! Oğlumu bunun kimi et” — dedim. Sən isə: “Allahım! Məni onun kimi etmə” — dedin. Camaat yanımızdan bir kənizi döyə-döyə aparır və ona: “Sən zina etmisən, oğurluq etmisən” deyirlər. Mən: “Allahım! Oğlumu bunun kimi etmə” — deyə dua edirəm, sən isə: “Allahım! Məni onun kimi et” — deyirsən. Uşaq:
— Bu kişi zalım idi. Mən də [buna görə]: “Allahım! Məni onun kimi etmə” — deyə dua etdim. Camaat bu kənizə zina etmədiyi halda “Zina etmisən”, oğurluq etmədiyi halda isə: “Oğurluq etmisən” — deyə [iftira atırdılar]. Mən də [buna görə] “Allahım! Məni onun kimi et” — deyə dua etdim.
———-
PEYĞƏMBƏRİN (S) DİLİNDƏN ÇIXAN
SƏHİH RƏVAYƏTLƏR
YUSİF ƏLİ BƏDYƏVİ
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov)