BİR KƏSƏ DOST DEYƏ BİLMƏK ÜÇÜN 5 ƏSAS XÜSUSİYYƏT
Hər bir insan yaxşı dost axtarışındadır. Kimisi, uzun “süzgəclərdən” sonra əsl dost və ya dostlarını tapa bilir, kimisi də, nə özünə dost tapa bilir, nə də özü, kiməsə layiqli dost ola bilir. Kimisi də, xəyanətlərə, dostluğa əks olan davranışlara məruz qalaraq psixoloji sarsıntılar keçirir. Buna görə də, ilk olan qanun budur: Hər kəs sənə dost ola bilməz! İlk öncə əmin olmalısan ki, dostluq etmək istədiyin kəs onunla dostluq etməyi dəyərli edəcək xüsusiyyətlərə malikdir. Dost’da axtarılması zəruri olan beş xüsusiyyəti, qısaca aşağıdakı kimi sadalaya bilərik:
1. Dost – ağıllı-kamallı olmalıdır. Çünki axmaq insanla dost olmaq heç bir fayda verməz.. O, sənə fayda vermək istədiyi anda, zərər verəcək. Ağıllı – o kəsə deyilir ki, ya həmin insan öz-özlüyündə, ya da ona başa salındığı zaman hər şeyi olduğu kimi başa düşərək, doğru addımlar atmağı bacara bilsin.
2. Gözəl əxlaq sahibi olmalıdır. Ağıl-dərrakəsi üstün olsa da, ədəb-əxlaqı gözəl olmayan kəsə, bəzən qəzəbi, bəzən isə nəfsi istəyi üstün gələ bilər. Bu halda, artıq ağılla deyil, nəfslə hərəkət edər və beləliklə, onunla dostluq etmək faydasız olar.
3. Fasiq (açıq-aşkar günahkar) olmamalıdır. Çünki, Allahdan həya etməyən insan üçün, günahlar etmək çox adi bir şeyə çevrilər. Belə insan Allahdan qorxmaz, Allahdan qorxmayana isə etibar etmək olmaz.
4. Bidətçi (xurafatçı) olmamalıdır. Dini xurafatlara meyilli olan kəsin zehni ancaq bu kimi faydasız, Allahın buyurmadığı, dində həddi aşmaq (aşırılıq) hesab olunan şeylərlə məşğul olar və beləliklə beyin, faydalı mövzulardan məhrum qalar. Dost seçərkən, təfrid (dindən uzaq olmaq) və ifratdan (bidət və xurafatlardan) çəkinmək lazımdır.
5. Bu dünyaya həris olmamalıdır. Çünki dünyaya həris olan insan yalnız dünya uğrunda yarışmağı və başqalarının qarşısında öyünməyi düşünər. Bu cür insanlar isə, əsla dostluğa yararlı ola bilməzlər. Çünki, “bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir..” (Ənkəbut, 64).
Bu yazının hazırlanmasında Dahi mütəfəkkir İbn Qudamə’nin “Muxtəsər Minhəc’ul-Qasidin” (s. 126-132) adlı əsərindən geniş şəkildə istifadə olunmuşdur.
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!