BORCU QAYTARARKƏN ÜZƏRİNDƏ HƏDİYYƏ VERMƏK – OLARMI? (sual-cavab)
Sual: Rəfiqəm mənə borca paltartikən maşın vermişdi. Təşəkkür etmək üçün paltartikəndə onun üçün bir şey tikmək yaxud bir hədiyyə almaq istəyirəm. Bu cür etmək ribanın növlərindən hesab olunurmu?
Cavab: Sizin bu əməliniz, rəfiqənizin sizə etdiyi yaxşılığın müqabilində ona hədiyyə vermək və bu yaxşılığını mükafatlandırmaq sayılır. Riba (sələmçilik) sayılmır. Bu cür etmək sünnə (bəyənilən əməl) hesab olunur. Səhih bir hədisdə İbn Ömərin (Allah ondan razı olsun) belə söylədiyi bildirilir: “Allah elçisi (ona salam olsun) demişdir: “Kimsə sizə bir yaxşılıq etsə, onun bunun əvəzini verin. Bir şey tapa bilməsəniz, bunun əvəzini verdiyinizə tam qane olana kimi onun üçün dua edin”. (Nəsai, Zəkat, 2520)
Uca Allah belə buyurmuşdur: “Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?” (Quran, 55/60)
Rəvayət olunduğuna görə: “Peyğəmbərin bir kişiyə dəvə borcu var idi. Dəvə yiyəsi hesablaşmaq üçün gəldi. Peyğəmbər (əshabələrinə üz tutaraq) dedi: “Borcunu verin”. Onlar həmin yaşda dəvə axtardılar, tapa bilmədilər. Bundan bir yaş böyük dəvə tapdılar. Peyğəmbər dedi: “Bunu ona verin”. Borc yiyəsi dedi: “(Borcumu) tam ödədiniz, Allah sizə tam ödəsin”. Peyğəmbər dedi: “Sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəndir” (Buxari’nin rəvayəti. “İstiqrad va Sədəd əd-duyun”, 2393)
Dahi alim İbn Həcər demişdir: “Bu bir sübutdur ki, Peyğəmbər dəvə yiyəsinə olan borcunu haqlı olduğundan artıqlaması ilə ödədi. Hədis – Peyğəmbərin necə gözəl əxlaqlı, olduqca həlim, təvazökar və insaflı olduğunu nümayiş etdirir”.
Hədisdə keçən borcun ödənməsi ilə borca pul verib geri ödəndikdə üstündə əlavə ödənişin şərt qoyulduğu borc arasında böyük fərq var. Bu ikincisi ribanın (sələmçiliyin) məhz özüdür.
Mənbə: http://islam-qa.com/ar/ref/14032
www.islamevi.az