ƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(1-20) Ayələr
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
(18.1) “Həmd olsun o Allaha ki, quluna Kitab nazil etmiş və onda nöqsana yol verməmiş”,
(18.2) “və onu dopdoğru etmişdir ki, dərgahından gələcək ağır əzabdan çəkindirsin, saleh əməllər işləyən möminlərə onlar üçün gözəl mükafat hazırlandığı haqqında müjdə versin ki, ”
(18.3) “onlar orada əbədi qalacaqlar”
“Həmd” sözü ilə, Onun kamil sifətlərindən və həmçinin insanların onun sayəsində öz dünyəvi və ruhani həyatını sahmana saldıqları aşkar və gözlə görünməyən Səxavətindən istifadə etməklə Allahı tərifləmələri nəzərdə tutulur. Şübhəsiz ki, bu nemətlərdən ən şərəflisi Allahın qulu və Elçisi Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Əzəmətli Kitabı — Müqəddəs Qurandır. Fövqəluca Özü Özünü tərifləməklə, Elçisinin (s.ə.s.) gəlişi və Kitabın nazil edilməsi münasibətilə insanları Onu tərifləməyə dəvət edir.
Sonra Allah Öz Kitabının iki məziyyətini səciyyələndirir ki, bunlardan hər biri onun hərtərəfli kamilliyini təsdiq edir. Birincisi, onda hər hansı ziddiyyət yoxdur. İkincisi, o — doğrudur. Ziddiyyətlərin və nöqsanların olmaması ona dəlalət edir ki, Quran hekayətləri arasında yalançı nağıllar yoxdur və Quran ehkamları da mənasız və ədalətsiz deyildir. Kitabın doğru olması onu göstərir ki, hekayətlər və hökmlər insanların qəlbini bilik, iman və həqiqi məna ilə dolduran ən düzgün etiqadı təbliğ edir. O, Allahın adları, sifətləri və əməlləri haqqında rəvayət edir və həmçinin olub keçmiş və hələ olacaq hadisələr haqqında qeybə dair biliklərin bir hissəsini insanlara açıqlayır. Kitabın hökmləri və qadağaları ürəkləri təmizləyir, ruhu nəcibləşdirir, onları inkişaf etməyə və təkmil-ləşməyə məcbur edir. Onlar kamillik, ədalət və qərəzsizliklə doludur və şəriki olmayan Tək Allaha qulluq etməyə yönəldil-mişdir. Belə gözəl keyfiyyətlərə malik olan Kitabı nazil etməsinə görə Allahın Özünü tərifləməyə doğrudan da haqlı olduğunu və Öz qulları qarşısında bununla fəxr etməsini göstərir.
Quran, onun müdrik ayələri, Allahın əmrlərini pozmağa cəsarət edən hər kəsi gözləyən və artıq qədərlə təyin olunmuş cəzanı insanlara xatırlatmaq üçün nazil edilmişdir. Bu, həm bu dünyada əzab-əziyyət, həm də öldükdən sonra cəza ola bilər. Fövqəluca insanları onlara zərər verə biləcək və məhvə düçar edəcək hər şeydən çəkindirir və bu da Onun ən böyük lütfkarlıqla-rından biridir. Buna görə, Cəhənnəm Alovunun təsvirində deyilir: “Allah bununla qullarını dəhşətə salır. Ey Mənim qullarım, Məndən qorxun!” (Zumər, 39/16). O, Öz mərhəməti ilə, Onun hökmlərinə itaətkarlıq etməyənləri sərt cəzaya məhkum etmişdir. O, Öz qullarına bu cəza barədə xəbər verir və izah edir ki, onları müdhiş məşəqqətlərə düçar edən məhz hansı əməllərdir.
Allah Öz quluna (s.ə.s.) Kitabı nazil etmişdir ki, o (s.ə.s.), Ona, Onun elçilərinə və Onun Kitabına iman gətirənlərə, imanını təkmilləşdirənlərə, xeyirxah işləri səmimiyyətlə Onun xatirinə və Onun Peyğəmbərinin (s.ə.s.) yoluna tam uyğun olaraq görərək, dinin vacib və nafilə tələblərini yerinə yetirənlərə müjdə versin. Belə insanlar gözəl mükafata layiqdirlər ki, Allahın istəyi ilə, onunla ancaq iman gətirmişlər və yaxşılıq edənlər təltif olunurlar. Ən başlıcası isə, onların Onun mərhəmətini qazana bilmələridir və onlar Cənnət bağlarına düşəcəklər, orada onlar üçün baxışların görmədiyi, qulaqların eşitmədiyi və insanın xəyalına belə gətirə bilmədiyi nemətlər hazırlanmışdır. Allah Özü onların mükafatını gözəl adlandırmışdır, çünki onların sevincini orada heç bir şey poza bilməyəcək və onların narahatlığına səbəb olmayacaq. Əgər bu belə olmasaydı, onda onların mükafatı, sözün tam mənasında, gözəl adlandırılmazdı.
Cənnət mükafatı heç vaxt azalmayacaq və möminlər onu itirməyəcəklər. Bundan başqa, o, hər an ancaq artacaqdır. Allah möminləri belə mükafat haqqında xəbərlə sevindirərək, onlara xatırladır ki, Müqəddəs Quranda insanların qəlbinin vəcdə gələcəyi və ruhunun şadyanalıq edəcəyi uğura nail olmağa imkan verən bütün saleh əməllər yad edilmişdir.
18.4) “və həm də: “Allah Özünə oğul götürmüşdür” de-yənləri çəkindirmək üçün…”.
Yəhudilər, xristianlar və müşriklər belə yaramaz ifadələri bu barədə səhih bilikləri və haqlı olduqlarına əmin olmadan söyləyir-lər. Bu barədə hətta onların, kor-koranə təqlid etdikləri və yolları ilə getdikləri atalarına belə heç nə məlum deyildi. Buna görə Fövqəluca buyurur:
(18.5) “Bu barədə nə onlar, nə də ataları biliyə malik de-yildilər. Ağızlarından çıxan sözləri ağır və danışdıqları isə təkcə yalan idi”.
Onlar zənnə qapılır və öz nəfslərinə uyaraq, dəhşətli cina-yətlər törədir və özlərini əzabverici cəzaya məhkum edirdilər. Allahın haqqında oğul törətməsini iddia etməkdən daha müdhiş cinayət nə ola bilər?!! Bu, Allahın sifətlərinin mükəmməl olma-dığını və Allahın sifətlərinə malik oğlunun olmasını güman etməkdir. Həqiqətən də, bu — müdhiş iftiradır. Fövqəluca buyurur: “Allaha böhtan atanlardan daha zalım kim ola bilər?” (Kəhf, 18/15).
Müşriklərin iddialarının həqiqətlə heç bir əlaqəsi yoxdur və baxın görün, Allah onları necə də ardıcıllıqla təkzib edir. Əvvəlcə O bildirir ki, nə müşriklər, nə də ata-babaları öz baxışlarının doğruluğu haqqında biliyə malik deyildilər. Əgər insan dəqiq məlumatlara istinad etmədən Allah haqqında danışırsa, onda onun iddiaları məqbulolunmazdır və qüsurludur. Sonra O, xəbər verir ki, müşriklərin dedikləri müdhiş cinayətdir. Axırda isə, O, onları əsl yalan adlandırır və həqiqətə tamamilə zidd olduğunu buyurur.
(18.6) “Onlar bu hekayətə iman gətirməsələr, dallarınca kədərlənib özünü həlak edə bilərsən”.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) var qüvvəsi ilə insanları doğru yola gətirməyə can atırdı. O (s.ə.s.) bu məqsədə nail olmaq üçün bütün imkanlardan istifadə edirdi. İnsanlar haqq dinə gələndə sevinirdi və onlar küfrə və azğınlığa üstünlük verəndə kədərlənirdi. Bütün bunlar onun (s.ə.s.) insanlara qarşı nə qədər rəhmli və qayğıkeş olduğunu təsdiq edir. Belə olduqda, Allah ona (s.ə.s.) kədərlənməməyi və günahkarların Qurana iman gətirməkdən boyun qaçırmalarına görə qəm-qüssə çəkməməyi əmr edir. Fövqəluca buyurur: “Onların iman gətirməməklərinə görə dərd çəkib özünü məhv edə bilərsən” (Şüəra, 26/3); “Onlara görə kədərlənib özünü üzmə!” (Fatir, 35/8).
Ey Muhəmməd! Sən onlardan ötrü qəm-qüssə çəkirsən, amma sən bunu etməməlisən. Allah artıq sənə böyük mükafat ve-rəcəyini vəd etmişdir. Kafirlərə gəldikdə isə, əgər onların qəlbində zərrə qədər xeyirxahlıq olsaydı, Allah onları hökmən doğru yola yönəldərdi. Lakin Ona məlumdur ki, kafirlər Cəhənnəm sakini olmaqdan başqa heç nəyə layiq deyillər və buna görə O, onları Özünün yardımından məhrum edir və haqqı tapmaqda onlara kömək göstərmir. Bu isə o deməkdir ki, qəm-qüssə sənə heç bir fayda verməyəcək.
Bu və buna bənzər ayələrdən faydalı ibrət dərsi almaq lazımdır. Dəvətçi (Möhtərəm mərhum müəllif, təbii ki, dəvətlə məşğul olan və olmaq istəyən bütün hazırlıqlı və elm sahibi olan müsəlmanları nəzərdə tutur. İslamın əsaslarına yiyələnmədən, Quranı və Sünnəni yaxşıca mənimsəmədən insanlara ancaq zərər vura bilən “dəvətçilər”, dəvətçi müsəlmanların qarşısında qoyulan tələblərə uyğun gəlmirlər və əksər hallarda dinimizə ixtilaf düşməsinə səbəb olurlar. F.S.) insanları Rəbbin yoluna çağırmalı, onlara haqqı öyrətməli və əllərindən gələn hər şeyi etməlidirlər ki, qarşılarına qoyduqları məqsədə çata bilsinlər. O həmçinin yoldan azmanın yayılmasına aparan yolu kəsməli və Allahın köməyinə ümid etməlidir. Əgər insanlar doğru yola gəlirlərsə, bu çox gözəl olur. Yox, əgər onlar boyun qaçırarlarsa, onda o, ruhdan düşməməli və narahat olmamalıdır, çünki ümidsizlik insana mənfi təsir göstərir, onun qüvvəsini tükəndirir və ona fayda gətirmir. Əksinə, o, başladığı dəvətini davam etdirməli və yadda saxlamalıdır ki, o bundan artıq etmək qüdrətinə malik deyildir.
Fövqəluca Peyğəmbəri Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) buyurur: “Həqiqətən, sən sevdiyin adamı doğru yola gətirə bilməzsən” (Qəsəs, 28/56). Musa peyğəmbər (ə) isə demişdir: “Ey Rəbbim! Mən təkcə özümə və qardaşıma hökm edə bilirəm” (Maidə, 5/25). Belə olduqda, başqa insanlar haqqında nə demək olar?! Əgər Fövqəluca Özü buyurubsa ki: “Nəsihət ver, axı sən — nəsihətçisən və onların üzərində hakimiyyətin yoxdur” (Ğaşiyə, 88/21-22).
(18.7) “Həqiqətən, yer üzündə olan hər şeyi Biz onun üçün bəzəkli etdik ki, insanlardan hansının əməlinin daha yaxşı olduğunu sınayaq”.
Allah xəbər verir ki, ləzzətli yeməklər, iştahaçan içkilər, dəb-dəbəli geyimlər, ağaclar, çaylar, əkin sahələri, meyvələr, cazibədar mənzərələr, füsunkar bağçalar, məftunedici səslər, gözəl surətlər, qızıl və gümüş bəzəklər, at və dəvələr və həmçinin yerdə qalan yerə məxsus bütün digər nemətlər sadəcə dünya həyatının yaraşığıdır. Allah onları Öz qullarını tamahlandırıb sınaqdan keçirmək üçün yaratmışdır ki, onların arasından səmimiyyətlə düzgün əməllər işləyənləri üzə çıxarsın. Lakin vaxt gələcək bütün dünyəvi nemətlər yox olacaq, yer isə quru və bəhrəsiz düzənliyə çevriləcəkdir. Yerdə alınan ləzzətlər bitəcək, çaylar quruyacaq və bütün gözəlliklər qeybə çəkiləcəkdir. Fövqəluca buyurur:
(18.8) “Həqiqətən, Biz, yerdə olan hər şeyi cansız qumlara çevirəcəyik”.
Dünya həyatının mahiyyəti belədir! Fövqəluca Allah bunu ən inandırıcı tərzdə izah etmişdir. O, bizə buyurmuşdur ki, fani dünyaya aldanmayaq və Axirət həyatının əbədi səadətinə və sonsuz xoşbəxtliyinə can ataq. Bütün bunlar Allahın qullarına bəslədiyi mərhəmətinə dəlalət edir.
Əgər insan yer üzündə həyatın təkcə zahiri tərəfini nəzərdən keçirirsə və ətrafda gedən proseslərin mahiyyətinə əhəmiyyət vermirsə, onda o, maddi nemətlərə aldanaraq həyatdan heyvan kimi zövq alır. O, Rəbbin qarşısında öz vəzifələri barəsində düşünmür və Onu dərk etməyə səy göstərmir və əlindən gələn hər şeyi edir ki, hansı vasitələrlə olursa olsun, özünün heyvani tələbatını təmin etsin. Amma belə bir insan ölümlə üzbəüz dayandıqda, o, maddi ləzzətlərdən ayrı düşəcəyinə görə həyə-canlanmağa başlayır və bu zaman yol verdiyi nöqsanlar və törət-diyi cinayətlərdən ötrü qətiyyən kədərlənmir.
Əgər insan dünya həyatının əsl mahiyyəti üzərində düşü-nürsə və öz varlığının mənasını dərk edirsə, onda o, müstəsna olaraq, maddi nemətlərdən ancaq yaradılışının məqsədinə nail olmaq xatirinə istifadə etməyə başlayır. O, ona təyin edilmiş ömründən fayda əldə edir və özünü dünya səyahətinə çıxmış bir səyyah kimi aparır. O, şadlıq etmir və bu dünyanı əbədi məskən saymır, öz Rəbbini dərk etməyə, Onun hökmlərini qüsursuz yerinə yetirməyə və yaxşılıq etməyə çalışır. Belə bir insan Allah qarşısında yüksək mövqe tutacaq və ən şərəfli ad-sana və ən gözəl mükafata layiq görüləcəkdir. O, dünya həyatının mahiyyəti üzərində düşünəcək və həyatın təkcə zahiri tərəflərini düşünən və dünya nemətlərinə aldananlara bənzəməyəcəklər. Belə adam ölümdən sonrakı həyat üçün çalışdığı halda, axmaq avaralar təkcə dünyadakı maddi əmin-amanlıqları üçün qayğı çəkirlər. Necə də bu insanların maraqları bir-birinə bənzərsiz və aralarındakı fərq böyükdür!
(18.9) “Və yaxud sən qərara aldın ki, Bizim möcüzələrimiz arasında ən qəribəsi mağara və Rəqim sakinlərinə aid olanı idi?” (Quranın kəlmələrində (söz və söz birləşmələrində) keçən hərflər riyazi baxımdan tədqiq edilərkən bir möcüzənin müxtəlif şəkillərdə təzahür etdiyinin şahidi oluruq. Sözlərin tarazlığı, bəzən Kainatdakı mənzərə ilə, bəzən də sözlərin öz aralarındakı tarazlıq kimi gerçəkləşir. Kəhf surəsinin 9-cu ayəsi ilə əlaqədar fərqli bir riyazi uzlaşmanın şahidi olacağıq. Sıra sayı etibarı ilə 18-ci surə olan Kəhf surəsində bir qrup gəncin Allahın möcüzəsi kimi mağarada 300 il yuxuya verilməsi və buna 9 il də əlavə edilməsi bildirilir. İllərin sayının həmin surənin 9-cu ayəsində birdəfəlik 309 deyil, 300 və 9 il formasında ayrıca verilməsi Quran tədqiqatçılarının kəşf etdikləri 19 rəqəminin möcüzəvi hikməti ilə əlaqədardır. Quranda verilmiş sayların cəmi bütün hallarda 19 rəqəminə qalıqsız bölünür. Lakin Kəhf surəsinin (məhz) 9-cu ayəsində il sayı bir dəfəliyə 309 kimi verilsəydi, onda Quranda keçən sayların cəmi 19-un əmsalını (qalıqsız bölünmə qabiliyyətini) göstərə bilməzdi. Məlum olduğu kimi, bu ayədə gənclərdən bəhs edilir. Həmin surənin 25-ci ayəsinədək ara vermədən bu gənclərin başına gələnlər izah edilir və 25-ci ayədə onların mağarada 309 il qaldıqları söylənir. Məhz bu gənclərdən bəhs edən 9-cu ayədən etibarən kəlmələri saymalı olsaq, 25-ci ayənin: “onlar mağaralarında qaldılar” ifadəsindən sonrakı ilk kəlmə (sıra sayı etibarı ilə) 309-cu sözdür. Yəni, gənclərin başına gələnlərdən bəhs edilməsi, onların mağarada qaldığı ilin sayının söylənməyə başlayacağı sözə qədər cəmi 308 söz keçir və 309-cu sözlə 309-cu say başlayır. Bəhs etdiyimiz ayə belədir: “Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar” (Kəhf, 18/25).
Möhtərəm oxucu! Diqqət et! Surədə bəhs edilən gənclər mağarada — 309 il qalmışdılar. Bu surədə bəhs edilməyə başlanmasından etibarən mağarada 309 il qaldıqlarını söyləyən ifadə neçənci sözdür? — 309-cu.
Beləliklə, görürük ki, Fövqəlqüdrət sahibi olan Fövqəluca Allah Müqəddəs Quranı Özünün misilsiz idrak məhsulu olan riyazi hikmət inciləri vasitəslə cilvələndirmişdir və ayələr surələrlə, surələr isə Quranın ana mətni ilə sıx və qırılmaz tərzdə uy-ğunlaşdırılmışdır ki, onun bir sözünün və hətta bir hərfinin belə yerini dəyişməsi mümkünsüz bir işdir. Mənbə: “Quran heç tükənməyən möcüzə” əsərindəndir. Türkiyə nəşri, 2005 (elektron variant). F.S. )
Bu sual belə fikirlərin təkzib edildiyini və belə gümanların haram olunduğunu bildirir. Ey Muhəmməd! Elə düşünmə ki, mağaradakı insanların hekayəti Allahın möcüzələrinin ən qəribəsi və o qəbildən nadir bir şey idi. Fövqəluca Allah insanlara çoxsaylı ecazkar möcüzələr göstərmişdir ki, onlar mağaradakı insanların hekayətinə oxşayır və öz əhəmiyyətinə görə hətta onu da ötüb keçir. Bu günə qədər Allah insanlara bu dünya üzrə və onların özündə müxtəlif möcüzələr göstərməkdə davam edir və bu möcüzələrin hər biri həqiqəti yalandan, haqqı isə azğınlıqdan fərqləndirməkdə kömək edir. Elə fikirləşmə ki, mağaradakı insan-ların hekayəti ümumiyyətlə qeyri-adi möcüzə deyildi. Əksinə, bu hadisə çox qəribə və ecazkar idi, lakin ondan başqa da digər çoxlu əzəmətli möcüzələr vardır. Əgər insan təkcə bu hekayətə məftun olarsa, onda yerdə qalan digərlərini unudar ki, bu öz növbəsində yüngülməcazlığın və nadanlığın təzahürüdür. Mömin, Allahın Öz qullarına düşünməyi əmr etdiyi bütün möcüzələr üzərində düşünməlidir, çünki belə düşünmə haqq dinin açarı, bilik və etiqada yiyələnməyin yoludur.
Həmin əhvalata gəldikdə isə, o, dağ mağaralarından birində baş vermişdi və Rakimdə yazılmışdı. Bu — mağaradakı insanların adları yazılmış və uzun illər ərzində orada başlarına gəlmiş hər şeyin hesablandığı Kitabdır. Onlar öz həmqəbilələrinin onları yoldan çıxaracağından qorxaraq mağarada gizlənmiş gənclər idilər. Sonra Fövqəluca Allah onların əhvalatını əvvəlcə ümumi cizgilərlə, daha sonra isə təfsilatı ilə təsvir edir.
(18.10) “Budur gənclər mağarada gizləndilər və dedilər: “Ey Rəbbimiz! Bizə Özündən mərhəmət əta et və işimizi ən yaxşı tərzdə sahmanla”.
Ey Rəbbimiz! Ürəklərimizi sabitləşdir, bizi şərdən xilas et və nemət əldə etməyimizə kömək ol. Bizi doğru yola yönəlt və bizə haqq din və dünyəvi əmin-amanlıq əta et. Bütün deyilənlərdən görünür ki, gənclər xəlvət yerdə sadəcə gizlənməmişdilər, onlar əllərindən gələni etmişdilər ki, azğınlıqdan çəkinsinlər və həm də itaətkarcasına Allaha yalvararaq talelərini yüngülləşdirməyi xahiş etmişdilər. Onlar özlərinə ümid bəsləmir və başqa məxluqlara da pənah aparmırdılar və elə buna görə də Allah onların dualarına diqqət yetirdi və onları, özlərinin belə xəbəri olmadan, doğru yolla apardı. Fövqəluca buyurur:
(18.11) “Biz mağarada onların qulaqlarını illərlə qapa-dıq”.
Onlar mağarada üç yüz il və bir də doqquz il yatdılar və bütün bu dövr ərzində onların ürəkləri qorxudan və narahatçı-lıqdan xilas edilmişdi, onların özləri isə həmqəbilələrinin fitnə-fəsadından qorunmuşdular.
(18.12) “Sonra Biz onları oyatdıq ki, iki dəstədən hansı birinin orada qaldıqları müddəti daha düzgün saydıqlarını bilək”.
Allah yuxuya verdiyi yeniyetmələri yuxudan oyatdı ki, onlardan hansı birinin mağarada keçirdikləri illəri düzgün hesab-laya biləcəyini aydınlaşdırsın. Fövqəluca buyurur: “Beləliklə, Biz onları oyatdıq ki, onlar bir-birilərindən soruşsunlar” (Kəhf, 18/19). Onların mağarada neçə il qalmasına gəldikdə isə, bu hal, illərin hesablanmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır və Allahın hüdudsuz qüdrəti, müdrikliyi və mərhəmətinə dəlalət edir. Əgər yeniyetmələr yuxudan heç vaxt ayılmasaydılar, onda heç kimin onların bu şərəfli hekayətindən xəbəri olmazdı.
(18.13) “Biz sənə onların tarixçəsini gerçəkdən rəvayət edirik. Onlar öz Rəbbinə iman gətirmiş gənclər idilər və Biz onların doğru yola bağlılığını artırdıq”.
Bu sözlərlə Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) yatmış yeniyetmələrin tarixçəsini daha da təfsilatı ilə izah etməyə başladı. Bu hekayət əsl həqiqətdir və onun səhih-liyinə şübhə etmək mümkün deyil. “Fityə” (“yeniyetmə”) sözünün leksik təhlilindən aydın olur ki, yatmış yeniyetmələrin sayı on nəfərdən az idi. Onlar Vahid Allaha iman gətirmişdilər və Ona şərik qoşmaqdan boyun qaçırmışdılar və bununla da öz xalqının iradəsinin əleyhinə çıxmışdılar. Allah onları haqqa iman gətirdik-lərinə görə onlara əvəzini vermiş və onları doğru yol üzrə sa-bitqədəm etmişdi. İman onların ürəklərində kök atdıqdan sonra, O, faydalı biliklərin və saleh əməllərin sayəsində onların doğru yola olan bağlılığını daha da artırmışdı. Fövqəluca belə buyurur: “Allah doğru yolla gedənlərin doğru yola bağlılığını artırır” (Məryəm, 19/76). Buna görə də Allah ən həyəcanlı bir anda gənclərə dözüm və səbirlilik göstərməkdə kömək etmişdir. O, onların ürəklərinə əminlik vermiş, haqq din bəxş etmiş, doğru yola yönəltmiş, onları dözümlülük və səbirliliklə mükafatlandırmış və bütün bunlar Allahın onlara bəslədiyi xeyirxahlığı və mərhəmətinin dəlilləridir.
(18.14) “Onlar qalxıb: “Rəbbimiz — göylərin və yerin Rəbbidir! Biz Ondan başqa ilahlara dua etməyəcəyik. Belə ol-saydı, sözümüzdə ifrata varmış olardıq” — dedikdə, Biz onların ürəklərini qüvvətləndirdik”.
Rəbbimiz — Allahdır! O, bizi yaratmış, bizə ruzi əta etmiş, bizi idarə edir və qayğımızı çəkir. O, göyləri və yeri xəlq etmişdir və O, bütün bu əzəmətli məxluqları təklikdə Yaradandır. Bütlərə və heykəllərə gəldikdə isə, onlar yaratmaq və ruzi vermək imkanına malik deyillər. Onların fayda vermək və zərər vurmaq qabiliyyəti yoxdur. Nə həyata, nə ölümə, nə də dirilməyə sərəncam çəkə bilmirlər. Buna görə də biz dualarımızı məxluqlara yönəltməyəcəyik. Bizə aydın oldu ki, Allah — Vahid Rəbb olan İlahdır, ibadətə layiqdir və əgər bundan sonra biz uydurulmuş ilahlara ibadət etsək, onda Ona etinasızlıq göstərmiş olarıq və dərin azğınlığa düşərik.
Gənclər Vahid Rəbbə iman gətirdilər və başa düşdülər ki, təkcə O, ibadətə pərəstişə layiqdir. Onlar Allahı özlərinin Rəbbi olan İlah qəbul etdilər və şəhadət verərək, Ona ibadətin haqq olduğunu, digər ilahlara isə ibadətin əbəs və faydasızlığını təsdiq etdilər. Bu ona dəlalət edir ki, onlar doğrudan da öz Rəbbini dərk etmişdilər və O da onları doğru yolda möhkəmləndirmişdi.
(18.15) “Bizim bu xalqımız Onun əvəzinə digər ilahlara ibadət etməyə başlamışdı. Niyə onlar bunun lehinə olan aydın bir dəlil gətirmirlər? Allaha iftira deyənlərdən daha zalım kim ola bilər?”
Allahın onlara əta etdiyi imanı, ilahi rəhbərliyini və müt-təqiliyi xatırladıqdan sonra, onlar həmqəbilələrinin etiqad etdikləri müşrikliyini bir-birilərinin yadına saldılar. Onlar müxtəlif ilahlara ibadət edirdilər, lakin haqlı olduqlarına əmin deyildilər. Əksinə, onlar ən böyük cahillər idilər və dərin azğınlığa batmışdılar. Yeniyetmə gənclər bunu bilirdilər və bilirdilər ki, onların qəbilədaşları öz uydurma baxışlarının doğruluğunu təsdiq etməyə heç vaxt nail ola bilməyəcəklər, çünki onlar Allaha böhtan atır, yalan uydurur və ən böyük zalımlıq edirdilər. Sonra onlardan biri digərlərinə belə dedi:
(18.16) “Əgər siz onlardan və onların Allahdan başqa ibadət etdiklərindən uzaqlaşmışsınızsa, onda mağarada gizlə-nin və Rəbbiniz sizə Öz mərhəmətini göstərəcəkdir və işinizi asanlaşdıracaqdır”.
Siz xalqınızı tərk etmişsiniz və onun dinindən də əl çəkmişsiniz, indi isə əlinizdən gələni etməlisiniz ki, onlardan xilas olasınız. Sizin onlara qarşı vuruşmaq imkanlarınız yoxdur, onların yanına qayıtsanız, onda onlar sizə başqa dinə etiqad etməyə aman verməyəcəklər. Buna görə də mağarada gizlənin və Rəbbiniz sizə mərhəmətini bəxş edərək, yardım göstərər.
Öncə biz xatırlatmışdıq ki, gənclər Allaha: “Ey Rəbbimiz! Bizə Özündən mərhəmət əta et və işimizi ən yaxşı tərzdə sahmanla” (Kəhf, 18/10) sözləri ilə müraciət etmişdilər. Onlar öz zəifliklərini etiraf edərək, Allaha müraciət etmiş, Onun yardımına təvəkkül etmiş və qəti əmin idilər ki, Allah mütləq onların duasına cavab verəcəkdir. Əlbəttə ki, O, onlara Öz mərhəmətini bəxş etdi və xeyirxah təşəbbüslərində onların Himayəçisi oldu. O, onların bədənini və imanını qoruyub saxladı, onları digər insanlar üçün möcüzə etdi və onları şərəfləndirdi ki, bu da gənc yeniyetmələrə qarşı Onun lütfkarlığının dəlili idi. Bununla yanaşı O, onların mağarada qalmasını asanlaşdırdı və onların təhlükəsizliyini ən kamil tərzdə təmin etdi. Elə buna görə sonra Fövqəluca belə buyurur:
(18.17) “Günəş üfüqdən qalxan zaman onların mağara-sının sağ tərəfinə düşür, qürub edəndə isə onlardan sol tərəfə keçirdi. Onlar isə mağaranın ortasında idilər. Bu, Allahın bəzi möcüzələrindən idi. Allahın doğru yolla apardığı kəs, doğru yolla da gedər. Onun azğınlığa saldığı kəsə isə sən nə himayə edən, nə də nəsihət verən tapmazsan!”
Allah onları dözülməz istidən mühafizə edərək, onlara mağarada sığınacaq vermişdi. Günəş çıxanda onların mağarasının sağ tərəfinə düşürdü, batanda isə mağaranın sol tərəfinə düşürdü və bunun sayəsində mağara həmişə sərin qalırdı və isti yatmış yeniyetmələrin bədəninə zərər vurmurdu. Onlar mağaranın ən geniş və açıq yerində yatırdılar və bu küləklərə imkan verirdi ki, onların bədənlərini hər cür xoşagəlməz şeylərdən təmizləsin. Mağaranın ortasında onlar sıxlıq hiss etmirdilər və bu şərait çox mühüm idi, çünki onlar orada çox uzun müddət yatmışdılar. Bütün bunlar Allahın möcüzələrindən biri idi və yeniyetmələrin dualarını qəbul edib onlara cavab verən və onları doğru yolla aparan Rəbbin fövqəlqüdrəti və lütfkarlığını təsdiq edirdi. Həqiqətən, bu yolla ancaq Allahın yönəltdiyi şəxslər gedirlər, çünki Onun iradəsinin əleyhinə olaraq doğru yola gəlmək mümkün deyildir. O, insanları doğru yolla təkbaşına aparır və onlara həm bu dünyada, həm də ölümdən sonra faydalı ola biləcək hər şeyi nişan verir. Əgər O, insanı azğınlığa salırsa, onda heç kim ona mömin olmağa, xoşbəxtlik və əmin-amanlıq qazanmağa kömək edə bilməz. Allah fasiqləri azğınlığa məhkum edir və heç kim bu hökmü ləğv edə bilməz.
(18.18) “Sən elə bilərdin ki, onlar oyaqdırlar, halbuki onlar yatmışdılar. Biz onları gah sağ böyürü, gah da sol böyürü üstə çevirirdik. Onların iti girəcəyin önündə, ayağını uzadaraq uzanmışdı. Onlara baxsaydın, tez qoyub qaçar və vahiməyə düşərdin”.
Quran təfsirçiləri qeyd etmişlər ki, yatanların gözləri açıq saxlanmışdı ki, uzun müddətli yuxudan onların görmə qabiliyyəti zədələnməsin və əgər insan onları bu vəziyyətdə görsəydi, o, elə hesab edərdi ki, onlar oyaqdırlar, halbuki əslində onlar dərin yuxuya getmişdilər. Onlar bir böyürləri üstündən digərinə çevrilirdilər və bu onu təsdiq edirdi ki, Allah onların bədəninin qayğısını çəkirdi. Torpaq öz adəti üzrə ona toxunan bədənləri yeyir və buna görə Allah yeniyetmələrin bədənlərinə bir böyürdən digəri üstə çevrilməyi əmr etmişdi. O, onların bədənlərini böyür üstə çevrilmədən belə çürümədən qoruya bilərdi, lakin Fövqəlmüdrik Xaliq istəmişdi ki, Kainat qanunları pozulmasın və bu qəribə hadisələr müvafiq səbəblərə uyğun olaraq baş versin.
Bir-neçə gənclə bərabər bir it də var idi və onların mağaraya girişini mühafizə edirdi və o da dərin yuxuya verilmişdi. Lakin Allah yatan yeniyetmələrin bədənlərini təkcə təbiət hadisələrindən deyil, canlı insanlardan da qoruyurdu. Əgər insanlar onlara yaxınlaşsaydılar, onların qəlbini dəhşətli bir qorxu bürüyərdi və onlar oradan qaçıb uzaqlaşardılar. Bu himayə sayəsində yeniyetmələr mağarada uzun bir vaxt ərzində yatdılar və mağa-ranın şəhərə bilavasitə yaxın olmasına baxmayaraq heç bir adam onları orada tapmadı. Bunu təsdiq edən faktlardan biri, yuxudan oyandıqdan sonra gənclər özlərindən bir nəfəri şəhərə ərzaq almaq dalınca göndərdilər və özləri isə mağarada onun qayıtmasını gözlədilər. Bu addım özünü mağaranın şəhərə yaxın olması ilə doğrulda bilər.
(18.19) “Beləliklə, Biz onları oyatdıq ki, onlar bir-birini sorğu-suala tutsunlar. Onlardan biri dedi: “Siz burada nə qədər qalmısınız?” Onlar dedilər: “Biz ya bir gün, ya da günün bir hissəsini qalmışıq”. Onlar dedilər: “Sizin Rəbbinizə yaxşı məlumdur ki, nə qədər qalmısınız. Sizlərdən birini öz gümüş sikkələrinizlə şəhərə göndərin. Qoy o baxsın: hansı ərzaq yaxşıdırsa onu sizə yemək üçün gətirsin. Qoy o ehtiyatlı olsun ki, sizin burada olmağınızı heç kim bilməsin”.
(18.20) “Əgər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz”.
Allah istəmişdir ki, gənclər yuxudan oyandıqdan sonra, mağarada nə qədər qaldıqlarını müəyyən etməyə cəhd göstərsinlər. Onlardan biri belə güman etdi ki, onlar cəmisi bir gün və hətta ondan da az yatmışlar, amma o biriləri buna şübhə etdilər və dedilər ki, bu barədə ən yaxşısını bilən Allahdır. Bununla da onlar təsdiq etdilər ki, onların mağarada qalmasının dəqiq müddəti bütün varlıqlar haqqında hər şeyi Bilənə məlumdur. Yəqin ki, bundan sonra Fövqəluca Allah onların bu mağarada neçə il qalması haqqında xəbər vermişdir. Bu ehtimalı təsdiq edən şərt kimi, Allahın onları yuxudan bir-birilərini sorğu-suala tutmaları üçün oyatmasını əsas götürmək olar. Onlar doğrudan da belə etdilər və hətta bu barədə öz ehtimallarını irəli sürdülər, lakin öz zənlərinin doğruluğuna şübhə etdilər. Beləliklə, yəqin ki, Allah həqiqəti onlara açmışdır, çünki onların oyadılmasının əsl mənası da məhz bunda imiş, çünki Allah heç bir şeyi boş yerə etmir. Bundan başqa, əgər insanlar var qüvvələri ilə dərk etməyə möhtac olduqları həqiqəti bilmək istəyirlərsə, onda Allahın onlara rəhmi gəlir və onların axtardığı biliyi onlara açıqlayır. Bu müddəanın lehinə Fövqəlucanın aşağıdakı sözləridir: “Beləliklə, Biz onlar barəsində insanlara ona görə xəbər verdik ki, onlar Allahın vədinin haqq olduğunu və Saata şübhə etməyin mümkünsüz-lüyünü bilsinlər” (Kəhf, 18/21). Onların mağarada qalmaları haqqında həqiqəti bilməməsi yuxarıda deyiləni mümkünsüz edərdi.
Yeniyetmələr oyandıqdan dərhal sonra bir-birindən mağara-da nə qədər qaldıqlarını soruşduqdan sonra, onlar özlərindən bir nəfəri ərzaq almaq üçün şəhərə göndərməyi qərara aldılar. Bundan ötrü onlar belə hallardan ötrü saxladıqları gümüş sikkələri ona verdilər və ona ən təmiz və ən dadlı yemək almağı, həm də ehtiyatlı olmağı tapşırdılar ki, nə özünü tanıtmasın, nə də qardaş-larını ələ verməsin. Onlar həmçinin xatırlatdılar ki, əgər insanlar onlardan xəbər tutsalar, onda onlar ikisindən birini seçməlidirlər: ya tövhidə və onun tərəfdarlarına nifrət edən, onları ən dəhşətli edama məhkum edəcək və daş-qalaq edəcək müşriklərin əlinə keçməli, ya da onlar öz dinlərindən əl çəkib, müşrikliyə qayıtmalı olacaqlar. Əgər onlar ikinci yolu tutsalar, onda onlar həmişəlik olaraq bədbəxt qalacaqlar, çünki həqiqi dini itirəcək, həm bu dünyada, həm də Axirətdə xoşbəxtlikdən məhrum olacaqlar.
Şərh etdiyimiz ayələrdən aşağıdakı nəticələri çıxartmaq olar:
Müsəlmanlar elmə yiyələnməli və haqqı axtarmalıdırlar, çünki məhz buna görə Allah yatmış yeniyetmələri oyatmışdı.
Əgər insan öz biliklərinin doğruluğuna şübhə edirsə, onda o, bu məsələdə daha yaxşı məlumatı olana müraciət etməlidir, öz ehtimalları ilə qane olmamalıdır.
Alqı-satqıda etibar edilən şəxsin üstünə məsuliyyət qoymağa və müştərək mal almağa icazə verilir.
Yuxudan oyanmış yeniyetmələr ən yaxşı ərzaq almağa qərar vermişdilər və bu o deməkdir ki, yeməyə ən zərif və qiymətli yeməklər almağa, əgər bu İslam şəriəti ilə qadağan olunmuş israfçılığa yol vermirsə, icazə verilir. Bu, xüsusi ilə, insanı zərif yeməklərdən başqa heç bir şeyin razı salmadığı hallara aiddir. Gənc yeniyetmələrin belə davranışı əsasında Quranın bir çox şərhçiləri iddia edirdilər ki, onlar varlı zadəganların uşaqları imişlər. Əslində, zərif yeməklər varlı və ad-sanlı insanlara məxsus yeməklərdir.
Müsəlmanlar onların dini etiqadına mane ola bilən hər şeydən çəkinməlidirlər, din üçün təhlükə yarandıqda isə onu ətrafdakılardan gizlətməlidirlər.
Gənc yeniyetmələr haqq dinə etiqad etmək üçün güclü istəyə malik idilər, azğınlıqlardan xilas olmaq istəyirdilər və hətta Allah yolunda öz Vətənini tərk etmişdilər.
Müsəlmanlar imansızlığın təhlükəli olması və zərəri haq-qında bilməlidirlər, çünki bütün zamanlarda möminlər məhz belə rəftar edirdilər və ona nifrət bəsləyirdilər ki, bu barədə gənc yeniyetmələrin aşağıdakı sözləri buna dəlalət edir: “Əgər onlar sizin barənizdə bilsələr, sizi daş-qalaq edərlər və ya öz dinlərini sizə qəbul etdirərlər və onda siz heç vaxt uğur qazana bilməzsiniz” (Kəhf, 18/20).
—————
Əbdürrəhman bin Nasir əs-Səədi
MÜQƏDDƏS QURANIN TƏFSİRİ
Tərcüməçi
Fərahim Süleyman oğlu Qurbanov