QISACA:

İslama görə Məkkə (Kəbə evi) və Mədinəylə (Peyğəmbər məscidi) yanaşı ziyarət edilməsi tövsiyə edilmiş üçüncü şəhər – Qüds’dür. Çünki burada, yer üzündə inşa edilmiş ikinci məscid olan, Əqsa məscidi yerləşmişdir. Bura Allah üçün hörmətli bir şəhərdir, habelə, Peyğəmbərlər şəhəri hesab olunur. Məşhur səhabə Əbu Zər’in verdiyi suallara cavab verərkən Hz. Muhəmməd , İslam dininin Məkkədən öncəki ilk namaz qibləsi (istiqaməti) olan bu mübarək məscidin, Kəbə evindən 40 il sonra inşa edildiyini xəbər vermişdir.

 

ℹ️ Dinimizə görə, sadəcə bu üç mübarək məkan üçün (dini) səfərə çıxılmasına icazə vardır. Çünki bu, həm Quranda qeyd olunmuş, həm də hədislərdə buralarda qılınan hər namaz üçün savab olacağı bildirilmişdir:

 

🔺Kəbədə: 1 namaz = 100 000 namaz savabı;
🔺Peyğəmbər məscidində (Məscid ən-Nəbəvi) : 1 namaz = 1000 namaz savabı;
🔺Əqsa məscidi: 1 namaz = 500 (bir rəvayətdə isə 250) namaz savabı.

Bu üç mübarək yerdə qılınan bir namaz, dünyanın istənilən yerində qılınandan qat-qat çox namaz savabı qazandırır.

 

QEYD: Əqsa məscidinin ətraf ərazisi də, haram (müqəddəs/mübarək) zona hesab olunur. Yəni, Əqsa – təkcə məscidin olduğu bina hesab olunmur, ətrafındakı (müəyyən) ərazi də, ‘Məscid əl-Əqsa’ termininə aiddir. Şəkillərdə daha çox gördüyümüz qızılı kümbəzli məscid, əslində Əqsa məscidinin özü deyil, Qübbətus-Saxra (قبة الصخرة) məscididir. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, ora da, elə Əqsa məscidinin ərazisinə (haram zonaya) aiddir. İlk dönəmlərdə Əqsa ərazisində heç bir məscid olmamış, Hz. Ömər dövründə Əqsanın yeri tapılaraq məscid bərpa edilmiş, sonradan Əməvilərin dövründə Qübbətus-Saxra və digər yerlə inşa edilmişdir. Bir sözlə, həmin böyük ərazinin hər santimetrində qılınan namaz, 500 namaza bərabər savabdadır.

 

Qüds şəhəri, Ömər b. Xattabın xilafəti dövründə qan tökülmədən müsəlmanların himayəsi altına girmiş, sonra isə, barbar qərblilərin səlib/xaçlı yürüşləri nəticəsində işğal edilmiş, minlərlə müsəlman qətlə yetirilmişdir. Sonralar Səlahəddin Əyyubinin dövründə yenidən fəth olunan bu şəhər, müxtəlif zamanlardan Raşidi Xilafəti, Əməvilər, Abbasilər, Əyyubilər, Məmluklular və Osmanlıların himayəsi altında olmuş, müsəlmanlar tərəfindən qorunaraq, xidmət edilmişdir. XX əsrdə ingilislər tərəfindən ələ keçirilən Qüds, sonradan yeni qurulmuş İsrail dövlətinə təhvil verilmiş və beləliklə də,  günümüzə qədər müsəlmanların idarəçiliyi altından çıxmışdır.. Üç din üçün də müqəddəs hesab olunan Qüds, tarix boyu müsəlmanların ədalət və nizam sistemindən daha gözəlini görməmişdir. Bu nizam sistemindən miras olaraq qalmış bir çox şey, günümüzdə hələ də tətbiq olunmağa davam edir.

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr