Ərəb istilası, yoxsa İslam fəthi? (Z. Bünyadovun maraqlı yanaşması | Azərbaycan)
İslam dini, getdiyi yerə sülh, əmin-amanlıq, xeyir-bərərət və doğru etdiqad ixrac etmişdir. İslamafobların əsassız iddialarının əksinə, ölkəmizdə də İslam dini – hansısa millətin istilası kimi deyil, ədalətin gəlişi olaraq səciyyələndirilmişdir. Azərbaycanda İslam dininin yayılması xalqımızın böyük mütəfəkkiri olmuş Ziya Bünyadovun qələmindən:
“İstila edilən ölkələrin əhalisi ərəblərə düşmən nəzəri ilə baxmayıb onların gəlişini öz əvvəlki ağaları tərəfindən alınan ağır vergidən və edilən zülmdən qurtuluş kimi hesab etsinlər deyə, hələ xəlifə Əbu Bəkr (632-634) ərəb istilalarının (biz bunu İslam fəthləri adlandırırıq – red.) ilk dövründə ərəb (İslam – red.) qoşunlarına belə əmr etmişdi: “Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz, hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz: onları rahat buraxın və məşğələlərinə mane olmayın..”
Bir neçə sətir sonra Z. Bünyadov Ərəb xilafəti ilə Azərbaycan arasında bağlanan sülh müqaviləsinin mətnini qeyd edir:
“Bismillahirrəhmanir-rəhim (Mərhəmətli və rəhmli Allahın adı ilə)! Bu sənəd o barədədir ki, Utbə b. Farkad, Əmir əl-Möminin Ömər b. Xattabın canişini (amili), Azərbaycan əhalisinə, onun dərələrdə və dağlarda, ucqarlarda və sərhədlərdə olan bütün xalqına əmin-amanlıq (aman/toxunulmazlıq) bəxş edir [ə’ta əhli Azərbaycan], həm onların özlərinə, həm də onların əmlakına, din və ayinlərinə; Bu şərtlə ki, onlar öz varına görə cizyə (hər bir dövlətdə olduğu kimi, İslam Xilafətində də mövcud olmuş, qeyri-müsəlmanlar üçün təyin olunmuş vergi növü. Qeyd: müsəlmanlar da vergi verirdilər: zəkat. – red.) versinlər; uşaqlar, qadınlar, daim xəstə olanlar, habelə heç bir vəsaiti olmayan (şəxslər) və heç bir gəliri olmayan zahidlər isə can vergisindən azad olunurlar. [Bu əminamanlıq] onlara, həm də onlarla birlikdə yaşayanlara verilir; onlar da borcludurlar ki, müsəlman qoşunundan olan (ac) müsəlmanı bir gün bir gecə saxlayıb yedirsinlər və ona yol göstərsinlər.
Orduya götürülən adamdan həmin ilin vergisi alınmır, kim [ölkədə] qalırsa, ölkəni tərk etməyən adamlara verilən hüquqlar eynilə ona da verilir. Ölkəni tərk etmək istəyənlər özlərinə təhlükəsiz bir sığınacaq tapıncayadək onlara aman bəxş edilir.Bunu Cunadib yazmışdır, şahidlər isə Bukeyr b. Abdullah əl-Leysi və Simak b. Xaraşi əl-Ənsari olmuşlar. Hicri 18-ci il (b.e. 639-cu il)..”
Bir neçə səhifə sonra Ziya Bünyadov yazır:
“Azərbaycan və xüsusilə Arran əhalisi, bu ölkələr ərəblər tərəfindən istila (fəth – red.) edilməzdən əvvəl, daimi Bizans-İran müharibələri, xəzərlərin və digər köçəri xalqların basqınları nəticəsində çox yoxsul vəziyyətdə idi. Müharibələr təsərrüfatın dağılmasına səbəb olur, ölkələrin istehsal qüvvələrini tükəndirirdi. Buna görə əhali ərəb istilaçılarının (əslində isə, müsəlmanların – red.) Azərbaycana gəlməsini illər boyu davam edən zülm və əzablardan xilas olmaq kimi hesab edirdi. Ərəblərin dövründə kəndlilər əvvəlkinə nisbətən, bir qədər yaxşı yaşamağa başlamışdılar, çünki ərəblər yalnız vergi və töycüləri yığıb, bu ölkələrin daxili həyatına qarışmırdılar, öz dini əqidələrində və dini ayinləri icra etməkdə onlara sərbəstlik verirdilər..”
Ziya Bünyadov yazır:
“Kitab əhli” olan Arran əhalisini onlar üçün yeni olan bir dini qəbul etməyə heç də məcbur etmirdilər, əksinə, xristianların özləri islam dinini çox müvəffəqiyyətlə qəbul edirdilər.
(В. Розен. Рецензия на “Alberuni’s İndia”, стр. 155)
Bütün İslam tədqiqatçıları qeyd edirdilər ki, ərəblərin itaət altına aldıqları ölkələrin xalqları yeni dini, kütləvi şəkildə qəbul edirdilər, çünki V. Rozenin dediyinə görə “ərəblər öz sadəliyi və bəsitliyi ilə əzəmətli, yeni bir din gətirmişdilər və dini təqib və didişmələrin təzyiqi altında haldan düşüb əzilən kütlələrin zövqünə bu yeni din xüsusən ona görə uyğun gəlmişdi ki, demək olar, hər yerdə yadellilərin ağır iqtisadi zülmündən kütlələri azad edən xilaskar kimi görünürdü.” (V.Rozen. Sitat gətirilən əsəri, səh. 155.)
“Azərbaycan 8-9-cu əsrlərdə” (Z. Bünyadov)
www.islamevi.az