featured-image-2902

ər-Rəbb — «Həmd yalnız aləmlərin Rəbbi olan Allaha aiddir». (əl-Fatihə 1). İbn Abbas (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurdu: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamını tapar» (Müslim 34.)

Rəbb — kəliməsinin malik (sahib) mənasında olduğu da söylənilmişdir. Bu durumda aləmlərin Rəbbi (sahibi) doğru bir ifadədir. Çünki aləm kəliməsi bütün varlılıqları əhatə edər. «Firon dedi: «Aləmlərin Rəbbi nədir?». Musa: «Əgər yəqin inanacağsansa O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!» deyə cavab verdi». (əş-Şuəra 23,24). Rəbb — daha çox ibadət edilən Məbud mənasında işlədilir. Qəbr əzabına aid hədisdə: «Rəbbin (məbudun) kimdir?» deyə soruşurlar. Uca Allah qulların həqiqi məbududur. O, bütün mal, mülk və insanların maliki və sahibidir. Bütün varlıqları yaradan və ruziləndirən Odur. Ondan başqa olan bütün rəblər nə yarada bilərlər, nə də ruziləndirə. Bütün varlılıqlar yoxdan yaradılmışlar. Hamısı Onun mülküdür. Hər şey Onun əmri ilə var olmuşdur. Allah hər şeyə sahibdir. Heç bir şey Onun mülkündən kənara çıxa bilməz. Uca Allah mülkündə dilədiyi şəkildə hərəkət edən malik, itaət edilən, əmrinin altındakıları idarə edən, onları tərbiyə edən və işlərini dilədiyi şəkildə düzəldən və yoluna qoyandır. Allah hər şeyin Rəbbi və məlikidir. O, əvvəlkilərin də sonrakıların da Rəbbidir. Məğribin də məşriqin də, göylərin və yerin, ikisi arasında olanların, dünyanın və axirətin maliki və sahibidir. Mülk Onundur. Mülkündə Ona şərik olan kimsə yoxdur. O, mal və mülkü dilədiyinə verir, dilədiyindən də alır. Dilədiyini əziz, dilədiyini də zəlil edir. Dilədiyini xoşbəxt, dilədiyini də bədbəxt edir. Dilədiyini ucaldır, dilədiyini də alçaldır. Dilədiyinə qız, dilədiyinə də oğlan, dilədiyinə də əkiz oğlan və ya qız uşağı, dilədiyinə də heç övlad bəxş etməz.

O, hər şeyi bilən güc və qüdrət sahibidir. Gecədən gündüzü, gündüzdən də gecəni çıxarır. Ölüdən diri, diridən də ölü çıxaran da odur. Ölümdən sonra yer üzünü təkrar dirildən Odur. Kimisini güldürən, kimisini də ağladan Odur. Kimisini yaşadan, kimisini də öldürən, insanları cift-cift, kişi və qadın olaraq mənidən (spermadan) yaradan odur. Kimisinə bol mülk verərək zəngin edən, kimisinə də mülk verməyərək kasıb edən Odur. Var edəndə, yox edəndə Odur, başladan və sona çatdıran da Odur. Göyləri düşməməsi üçün tutub saxlayan, gecəni qaranlıq, gündüzü aydın, yer üzünü döşək kimi sərən və qullarının yer üzündə yaşamalarını asanlaşdıran, dağları yer üzünün dirəkləri edən, göy üzünün yer üzünə düşməsinə mane olan, gəmiləri əmri ilə dənizdə üzməsinə, qaranlığın ardıyca səhəri gətirən, gecəni insanlar üçün bir dincəlmə edən Odur. Günəş və ay Onun əmri ilə hərəkət edərlər. Nə günəş ayı keçə bilər, nə də gecənin gündüzü keçməsi mümkündür. Hər biri öz axarı ilə hərəkət edərlər. İnsanı yaradan Odur. İnsana qulaq, göz, qəlb verən Odur. Lakin insanlar nə az şükr edərlər. Qiyamət günü bütün insanları dirildən, dənizlərin bir-birinə qarışmasına mane olan, qullarına saysız-hesabsız ruzi verəndir. Buna görə də bu İsimlə heç kəsi nə çağırmaq, nə də müraciyət etmək olar. Əbu Hureyrə (r.a) rəvayət edir ki, Rəsulullah (s.a.v) buyurur: «Sizdən heç kim öz (qulluqçusuna) Rəbbinə su ver, Rəbbini doydur, Rəbbinə dəstəmaz aldır və s deməsin. (Ey kölələr!) Sizdən də heç kimsə Rəbbim deyə xitab etməsin. Həmçinin qulum deyə xitab etməsin. Oğlum, qızım desin (Başqa rəvayətdə: Əslində qul və kölə sizsiniz, Allah isə Rəbbdir)»
(Müslim, Əbu Davud 4975. )

————–
“İsim və Sifətlər Tövhidi”
Toplayan və Tərtib Edən
Kamal Hüseyn

Bənzər Məqalələr