Mötəbər hədis kitablarında fitrənin hansı maldan və nə qədər verilməsi haqda müxtəlif hədislər olsa da, bunlar bir bütövlük təşkil edir. Peyğəmbərimizin dövründə arpa, buğda, quru üzüm, un, kəşk və sültdən (buğdaya bənzər qida) bir “sa” miqdarında fitrə verilirdi (Buxari). Lakin, İbn Ömərin qeyd etdiyinə görə, insanlar 1 sa arpa və xurmanı 0,5 sa buğdaya bərabər tuturdular və qiymətləri eyni olduğundan 0,5 sa buğdanı da fitrə kimi verirdilər. Məşhur İslam alimi Əbu Hənifə, bu rəvayətə əsaslanaraq buğdadan 0,5 sa, başqa ərzaq məhsullarından isə, 1 sa fitrə verilməsinin vacibliyini söyləmişdir. Digər alimlər isə bildirirlər ki, buğdadan da 1 sa miqdarında verilməlidir, çünki o vaxtlar buğda Mədinədə çox az tapılan bahalı ərzaq məhsulu olub. Onların fikrincə, yuxarıda adları çəkilən bütün qida məhsullarından 1 sa miqdarında fitrə verilməlidir.

 

1 sa arpa, buğda və üzümün dəyərini 1995-ci il araşdırması ilə hesablayacaq olsaq, 1 sa’nın  – 2,176 qrama bərabər olduğunu görəcəyik. O halda;

Buğda: 2,176 qr.

Arpa: 2,176 qr.

Quru üzüm: 2,176 qr.

Sözügedən qida məhsullarından hədisdə müəyyən edilmiş miqdarda (2,176 qr) fitrə vermək mümkün olduğu kimi, bəzi alimlərə görə onun dəyərini pulla da ödəmək olar.

 

Peyğəmbərimizin (ona salam olsun) zamanında fitrə bir qayda olaraq həmin dövrün qida məhsullarından verilmişdir. Bu məsələ, yəni fitrənin o dövrün ərzaq məhsullarından verilməsi – sonrakı dövrlərdə istər-istəməz insanların ağlına belə bir sual gətirmişdir: Fitrə mütləq arpa, buğda, un, üzüm qurusu, xurma və s. qida məhsullarından, yoxsa hər bir ailə və ya ölkənin istehlak etdiyi əsas qida məhsullarından verilməlidir? Bu məsələdə fiqhi məzhəblər, hökmün əsasını təşkil edən səbəbdən çıxış edərək dörd fərqli fikir irəli sürmüşlər:

 

1. Hənəfilərə görə, Peyğəmbərimizin adlarını bildirdiyi bu qida maddələri varsa, fitrəni bunlardan, yox olmasa, digər ərzaqlardan vermək olar. Çünki buradakı əsl məqsəd – yoxsulların ehtiyacının təmin edilməsidir. Rəsulullah da (ona salam olsun), “yoxsulların ehtiyacını qarşılayın” – buyurmuşdur. Hənəfilər fitrə verilən malların dəyərini ödəməklə də yoxsulların ehtiyacının qarşılanacağının mümkün olduğunu bildirmişlər. Üstəlik bunu etmək daha asandır.

  

2. Şafilərə görə, hər kəs öz evində istifadə etdiyi ərzağı əsas götürərək, onlardan fitrə verməlidir. Bundan əlavə Şafi məzhəbinə görə fitrənin, yaşanılan ərazidə yetişən qida maddələrindən verilməsi vacibdir. Çünki qida maddələri bölgələrə görə müxtəlifdir. Yaşanılan ərazidəki qida maddələri deyərkən, həmin il ən çox becərilən məhsul nəzərdə tutulur. Qida maddələrinin ən yaxşısını vermək daha yaxşıdır. Ən çox yetişən məhsuldan fitrə verilməsi, həmin məhsula olan ehtiyac və çox istifadə olunması səbəbilədir. Qiyməti səbəbilə deyildir.

 

3. Malikilərə görə, hər bir ölkədə ən çox istehlak edilən qida maddələrindən (bunlara, buğda, arpa, üzüm qurusu, xurma, kəşk daxildir) verilməlidir ki, bu vacibdir.

 

4. Hənbəlilərə görə isə, fitrə yalnız hədisdə bildirilən maddələrdən − buğda, arpa, üzüm qurusu, xurma və kəşkdən verilməlidir. Əgər hər hansı ərazidə həmin məhsullardan yoxdursa, bunların əvəzinə digər taxıl məhsullarından və meyvələrdən də fitrə vermək olar. Ət və süd kimi qida maddələrindən fitrə vermək isə doğru deyil. Bununla yanaşı undan verilən fitrə caizdir. Çörəyin fitrə olaraq verilməsi isə icazəli deyil. Hənbəli məzhəbinə görə məhsulların qiyməti hesablanaraq fitrə verilə bilməz.

 

Hz. Müaviyə də oxuduğu bir xütbəsində bir sa xurmanın yarım sa buğda ilə eyni dəyərdə olduğu bildirmişdir. Buna görə də hədislərdə qeyd olunan buğda, həmin dövrdə Ərəbistanda qiymətli sayılırdı. Yaşadığımız coğrafiyada isə buğda bol olduğundan dəyəri çox ucuzdur.

 

Fitrə üçün hədislərdə dörd əsas qida məhsulunun müəyyən edilməsi, bu yardımlaşmanın hər dövr və bölgədə tətbiq edilməsini asanlaşdırmışdır. Çünki bundakı məqsəd, yoxsulun bir günlük ehtiyacını qarşılamaqdır. O da bu qida məhsulları ilə və ya bunları satın alacaq qədər pulla gerçəkləşir. Əgər bunların yerinə müəyyən bir pul təyin edilsəydi, bu dərəcədə real nəticə ortaya çıxmazdı. Çünki qida məhsullarının qiymətləri tez-tez dəyişdiyi üçün bu məbləğ ilə yoxsulun bu miqdarda qida məhsulu alması mümkün olmaya bilər və məqsəd də reallaşmazdı.

 

Bəzi insanlar öz imkanlarını nəzərə almadan arpa, buğda və başqa ərzaq məhsullarından ən ucuzunu seçib ondan fitrə verirlər. Halbuki, bu, kasıbların ziyanına olmaqla yanaşı, fitrənin vacib buyurulmasının səbəb və hikmətinə də ziddir. Bəzi adamlar isə seçim etməkdə çətinlik çəkirlər. Əslində, fitrə miqdarındakı əsas prinsip, bölgənin orta təbəqəsinin yediyi qida maddələrinin əsas götürülüb bir kasıbı bir gün (iki öyün) doyurmaqdır. Halbuki, 2176 qr. buğda heç 1 AZN qiymətində deyildir. Bu məbləğlə aydın məsələdir ki, kasıb bir yoxsulu iki öyün doyurmaq olmaz. Ona görə də;

 

a. Bəzi müasir alimlərin fikrincə, hədislərdə adı çəkilən qida məhsullarının 2176 qram və ya 2920 qr. ölçüsünün ortalama qiymətini,

b. Bir kasıbın çörək və normal yeməklə gündə iki dəfə, yəni səhər-axşam doyunca yeməsinə kifayət edən miqdarı vermək olar.

c. Hər bir ailə gündəlik yeməklərini əsas götürüb gündə iki öyün yemək miqdarı verə bilər.

ç. Məşhur alim Malik b. Ənəs’in bildirdiyi kimi, hər ölkədə ən çox istehlak olunan qida maddələri əsasında fitrəni müəyyən edib vermək mümkündür.

 

Burada vacib bir məqam da var ki, o da müəyyən edilmiş bu məbləğin hədislərdə əksini tapan arpa, üzüm kimi qida maddələrinin qiymətindən az olmamasıdır. Əks halda, dini əsaslara zidd hərəkət edilmiş olar. Əgər bu məbləğdən çox olarsa, nafilə (müstəhəb) sədəqə kimi insanın xeyirli əməllər dəftərinə yazılar.

 

Nəticə etibarilə, bu gün fitrə verərkən kasıbların xeyrinə olan bənd seçilməli və verilən fitrənin miqdarı hər gün yediyimiz yeməklərdən az olmamalıdır. Həmçinin fitrəni verəcəyimiz insanları doğru seçməyə çalışmalıyıq. Onlara verilən fitrə pulu ilə yalnız ərzaq məhsulları ala və zəruri ehtiyaclarını qarşılaya biləcəklərini xatırlatmalıyıq.

 

Bütün bu qeyd etdiklərimizdən anlamış oluruq ki, sıravi bir müsəlman, qeyd olunmuş görüşlər/rəylər ilə əməl edə bilər. Mühüm olan – yaşanılan bölgədəki ümumi məsləhəti və ehtiyacların daha yüksək şəkildə qarşılanmasını nəzərə almaqdır.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı