media-img_3030

İnsan gözəl şəkildə nəsihət etməyi və eyni zamanda, nəsihət qəbul etməyi bacarmalıdır. Çünki, “din – nəsihətdir” (Hədis). Yəni, nəsihət sayəsində din ayaqda qalaraq yaşanılır, insan Cənnəti qazanır və toplumlar islah olurlar.

Bəzən fərqli metodla, lakin gözəl şəkildə, Allah üçün edilən bir nəsihət, çox möhtəşəm dəyişiklərə səbəb olur, habelə, növbəti nəsillər üçün ibrət qaynağı olaraq yaddaşlarda qalır.

Rəvayət edilir ki, Şam əhlindən olan əməlisaleh bir nəfər tez-tez Ömər b. Xattabın məclisinə gələrdi. Bir müddət sonra Ömər onun məclisdə iştirak etmədiyini görüb: ”Filankəsin oğlu filankəs gözə dəymir?” – deyə soruşdu. Məclisdəkilər ona: ”Ey möminlərin əmiri, o, şərab içənlərə qoşulub” – dedilər. Bunu eşidən Xəlifə Ömər öz katibini çağırtdırıb ona belə bir məktub yazdırdı:

”Ömər b. Xattabdan filankəsin oglu filankəsə. Sənə salam olsun! Bil ki, mən səninlə birlikdə Allaha həmd edirəm. O, Allah ki, Özündən başqa ibadətə layiq olan haqq bir məbud yoxdur. O, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan və həmçinin, lütf sahibidir! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. (Öldükdən sonra) dönüş də Onadır.”

Sonra Ömər məclisdəkilərə dedi: “Qardaşınız üçün dua edin ki, onun qəlbi hidayətə yönəlsin və Allah onun tövbəsini qəbul etsin.”

Nəhayət, Ömərin məktubu həmin adama yetişdikdə, o bu məktubu oxuyub, Ğafir surəsinin 3-cü ayəsindəki sözləri təkrar-təkrar dedi: ”Allah günahları Bağışlayan,  tövbələri qəbul edən və cəzası şiddətli olandır!’ O, həm Öz əzabı ilə məni qorxudur, həm də günahımı bağışlayacağını mənə vəd verir.”

Həmin adam bu sözləri öz-özünə o qədər təkrar etdi ki, axırda ağlamağa başladı və etdiyi günahdan birdəfəlik ək çəkdi. Bu xəbər Ömərə gəlib çatdıqda o dedi:

“Həmişə belə edin! Qardaşınız xətaya yol verdiyini gördüyünüz zaman onu islah etməyə çalışın, onu düz yola yönəldin, üstəlik, Allaha dua edin ki, onun tövbəsini qəbul etsin. Qardaşınıza qarşı çıxıb, şeytanın köməkçiləri olmayın!” (Təfsir Tabəri, 24/27; Təfsir İbn Kəsir, 7/128; Hilyətul-Əvliyə, 4/97)

Gördüyümüz kimi, insan, öz müsəlman qardaşından vaz keçməməli, onu “əşşi, özü bilər, getsin nə edir etsin, elə buna layiq idi” deməməli, əksinə, sanki özü bu çuxura düşübmüş kimi qardaşını tək buraxmamalı, onun üçün dua etməli və canla-başla onun islahına səbəb olacaq yolları axtarmalıdır. Təəssüf ki, zamanımızda insanların çoxu dinimizin buyurduğu bu əsl qardaşlıq hissiyyatından uzaq düşərək, bu çətin dövrdə bir-birilərini tək buraxmış, habelə, ‘ayaq büdrəmələrinə’ sevinəcək hala gəlmişlər. Bu, əsla gerçək müsəlmanlıq anlayışı deyildir. Əsla!

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı