1. Əl-Bəra (r) belə rəvayət edir: “Mən peyğəmbərin (s) Əlinin oğlu Həsəni çiyninə alıb: “Allahım, mən bunu sevirəm, bunu Sən də sev!” — buyurduğunu gördüm.” (Buxari; “Kitabul-fadail-əshab”, 24/89; Müslim, “Fadail-səhabə”, 58-59 (2422); ət-Tirmizi, “Mənaqib”, 3784).
2. Üsamə bin Zeyddən (r) rəvayət olunur ki, “Peyğəmbər Üsaməni Həsənlə bərabər qucağına alıb: “Allahım, mən bunları sevirəm, Sən də bunları sev”, yaxud buna oxşar bir söz deyərdi” (Buxari, “Kitabul-fadail əshab”, 24/87).

3. Rəsulullah (s) Həsən və Hüseynə baxıb: “Allahım mən bunları sevirəm, sən də sev!” — deyərdi. (Tirmizi; “Mənaqib”, 3784).
4. Uqbə bin əl-Haris (r) belə demişdir: “Əbu Bəkr (r) ikindi (əsr) namazını qıldı, sonra Əli (r) ilə getdi. Yolda o, Həsəni uşaqlarla oynayan görüb onu çiyninə aldı və ona: “Peyğəmbərə oxşayan, Əliyə oxşamayan, atam sənə fəda olsun” — dedi. Əli isə güldü” (Buxari, “Kitabul-fadail əshab”, 24/90).
5. Ənəs (r) rəvayət edir ki, “Bir kimsə Rəsulullahdan (s) Əhli-beytindən kimi daha çox sevdiyini soruşanda, o (s): “Həsən və Hüseyni” — deyərdi. Rəsulullah (s) Fatiməyə: “Mənim oğullarımı çağır” — deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı” (ət-Tirmizi, “Mənaqib”, 3774).
6. Yəla bin Murrəh (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn “Əsbat”dan biridir” (ət-Tirmizi, “Mənaqib”, 3774; İbn Macə, “Muqəddimə”, 144). Hədisdəki “əsbat” sözü 3 məna verir: nəvə, qəbilə, ümmət.
7. Əbu Səid (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir” (ət-Tirmizi, “Mənaqib”, 3778).
8. Abdullah bin Şəddad (r) atasından (r) rəvayət edir ki, Rəsulullah (s) iki axşam namazından (məğrib və ya işa) birində yanımıza gəldi. Həsən və Hüseyn onun belində idi. Peyğəmbər (s) qabağa keçib uşağı yerə qoydu, təkbir edib namaza başladı. Namaz vaxtı onun səcdəsi çox uzun çəkdi”. Atam deyir ki: “Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan peyğəmbərin belində uşaq oturub və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda səhabələr Rəsulullahdan (s) soruşdular: “Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyini zənn etdik!” Peyğəmbər cavab verdi ki: “Xeyr, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər onu düşürməyi uyğun bilmədim” (ən-Nəsai, “İftitah”, 83 (2, 229, 320)).
9. Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, “Ummu Sələmənin (r) yanına girdikdə gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: “İndicə Rəsulullahı (s) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulullah?” — deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hüseynin öldürüldüyünün şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774).
10. Ənəs bin Malik (r) rəvayət edir ki, “Hüseynin (r) başı gətirildiyi zaman Übeydullah bin Ziyadə əlindəki süngü ilə kəllənin burnuna, gözlərinə vuraraq: “Bu qədər gözəlini görmədim” — dedi. Mən də: “O, Əhli-beyt içində Rəsulullaha (s) ən çox oxşayan şəxs idi” — dedim. (Buxari, “Kitabul-fadail əshab”, 24/88, ət-Tirmizi, “Mənaqib”, 3780).
Übeydullah bin Ziyad bin Əbu Sufyan — Müaviyənin oğlu Yezidin xəlifəliyi dövründə Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi.
11. Ammar bin Uməyr (r) rəvayət edir ki, “Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də onlara yaxınlaşdım. “Gəldi! Gəldi!” — deyirdilər. Gələn nə idi? — marağı ilə bir az da onlara yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar çıxırdı. İlan Übeydullah bin Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra çıxıb getdi və qeyb oldu. Bir az sonra “Yenə gəldi! Yenə gəldi!” deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı” (ət-Tirmizi, “Mənaqib”, 3782).
12. Əbu Musa (r) Həsən əl-Bəsridən (r) Əbu Bəkrin (r) belə dediyini eşitdiyini rəvayət edilir: “Mən peyğəmbərin (s) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə (r) baxaraq belə dediyini eşitdim: “Mənim bu oğlum seyyiddir. Allah onun əli ilə iki müsəlman kütləni barışdıracaq” (Buxari, “Kitabul-fadail əshab”, 24/86).
13. Ənəs bin Malik (r) demişdir: “Heç kim Həsən bin Əli (r) kimi peyğəmbərə (s) çox oxşamırdı” (Buxari, “Kitabul-fadail əshab”, 24/92).
14. Şubə, Məhəmməd bin Yaqubdan rəvayət edir ki, “Mən İbn Əbu Numdan Abdullah bin Ömərin ona belə dediyini eşitdim: “İraq əhlindən bir adam məndən öldürülmüş milçəyin hökmü haqqında soruşanda cavab verdim ki: “İraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar peyğəmbərin (s) qızının oğlunu (Hüseyni) öldürmüşdülər. Peyğəmbər (s) isə o iki nəvəsi haqqında: “Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır” — demişdir.” (Buxari, “Kitabul-fadail əshab”, 24/93).
Bu hədislər Həsən və Hüseynin (r) fəzilətinə nümunədir. Həsən və Hüseyn (r) peyğəmbərin (s) Əli və Fatimədən (r) olan nəvələridir.
Həsən (r) hicrətin 3-cü ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (s) çox oxşayan həlim xasiyyətli və yüksək dərəcəli təqva sahibi olan Həsən (r) hərtərəfli müsbət xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə Müaviyənin (r) ordusu ilə ona bağlı olan əsgərlərdən ibarət iki ordu qarşılaşdı. O, qan töküləcəyi anda Müaviyə (r) ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmmədin ümmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə müsəlmanlar arasında qan tökülməsinin qarşısını almışdır.
49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.
Hüseyn (r) hicrətin 4-cü ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbəla adlanan yerdə Məhərrəm ayının 10-da şəhid olmuşdur.

 

Yaşar Qurbanov
“İslam Nuru” kitabı

Bənzər Məqalələr