Həqiqətən də hüzn – qəlbi zəiflədir. Çünki, hüznlü və pessimist insan, heç vaxt həyata böyük ümidlə baxa bilmir. Bunun nəticəsində isə, qəlbi getdikcə gücdən düşür və nəhayət, insanı olduqca zəif bir varlığa çevirir. Halbuki, Uca Allah, bəndələrinin, bir xeyir əldə etdiyi zaman sevincdən ‘uçmasını’ və bir zərər əldə etdiyi zaman isə, hüznə qapılaraq ümidsizliyə düşməsini bəyənməz.

“İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar (hər şeydən ümidlərini üzərlər).” (Quran, Rum 30).

 

Hüzn – insanın əzmkarlığı azaldır və iradəyə zərər vurur. Əzmkarlığı azalan insan isə, heç nəyə çalışmaz, yaxşı şeylər barəsində düşünməz və ümid etməz. Bu isə, bir müsəlman üçün faciədir. Məgər bir qəlb, daima hüznlü və ümidsiz şəkildə yaşaya bilərmi?

 

Əgər Allah, hüznlü halda qalmağa icazə versəydi, O’nun ən sevimli bəndələri, bu halla razılaşardılar. Halbuki, Allahın peyğəmbərləri, nə zaman hüznə, ümidsizliyə qapılsalar, dərhal əllərini açaraq, kökslərinə genişlik və hüzndən qurtuluş diləyərdilər.. Musa peyğəmbər, çətin bir imtahandan keçərkən belə demişdir:

“Ey Rəbbim! Mən Sənin mənə nazil (bəxş) edəcəyin xeyirə elə möhtacam ki!..” (Quran, Qasas 28).

 

Özünü hüzn və pessimizmlə boğan bir insan bilməlidir ki, şeytanın ən çox sevdiyi şey – bir müsəlmanın kədərli olmasıdır. Niyə? Çünki, ümidsiz, hüznlü könül bağçalarında rəngarəng güllər açmaz, yalnız faydasız otlar bitər ki, bu da şeytanın əsl məqsədidir. Hüznlü insan, öz müsbət keyfiyyətlərini də görə bilməz və bu, onun ümidsizliyini daha da artırar.

“..(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!..” (Quran, Hicr 56).

 

Buna görə də insan daima sevincli və nikbin olmağa çalışmalı, Allahın ona bəxş etdiyi nemətləri və edilən səmimi duaları əsla geri çevirmədiyinə daima əmin olaraq fərəhlənməlidir. İnsan, Allah barəsindəki zənni’ni nə qədər gözəlləşdirərsə, Allahın vəd etdiklərinə nə qədər etibar edər, inanar və arxayın olarsa, hüznü bir o qədər aradan qalxar.

“Həqiqətən, (Allaha) iman edən, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü (gücü) yoxdur!” (Quran, Nəhl 99).

 

Bəli! Həqiqətən də, kim Ona təvəkkül edərsə (arxalanarsa), bununla da hər bir halında səadət və razılığı mütləq görəcək! Hüzn, səndən çox şeyi aldı.. Artıq təvəkkül və nikbinlik’lə buna son ver!..

 

Bu yazının hazırlanmasında, dahi alim İbn əl-Qayyim’in əsərlərindən istifadə olunmuşdur.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı