İMAN, İSLAM, EHSAN
Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yaxşı əməl heç də üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, Axirət gününə, Mələklərə, Kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və Peyğəmbərlərə inanandır». (əl-Bəqərə 177). «Şübhəsiz ki, biz hər bir şeyi müəyyən ölçüdə (qədər) ilə yaratdıq». (əl-Qəmər 49). «O, Allah ki, səni namaza duranda da görür, səcdə edənlər içində olanda da. Həqiqətən (hər şeyi) eşidən və bilən Odur!». (əş-Şuəra 218-219). «Həqiqətən Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir». (ən-Nəhl 128).
Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, bir gün Peyğəmbər — sallallahu aleyhi və səlləm – insanların əhatəsində olduğu vaxt bir nəfər ona yaxınlaşıb: «Ya Rəsulallah! İman nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Onunla (Allahla) görüşməyə, Peyğəmbərlərinə və Axirət günü dirilməyə iman etməkdir» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! İslam nədir?» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, namaz qılmaq, fərz olan zəkatı vermək və Ramazan ayında oruc tutmaqdır» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! Ehsan nədir?» deyə soruşdu. (Peyğəmbər): «(Ehsan) Allaha Onu görür kimi ibadət etməkdir. Lakin sən Onu görməsən də, (şübhəsiz) ki, O səni görür!» deyə buyurdu. (Adam): «Ya Rəsulallah! «Mənə Qiyamət günü haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «Bu məsələdə soruşulan soruşandan cox bilmir (elimli deyildir). Lakin mən sənə onun əlamətləri haqqında xəbər verə bilərəm. Qul qadın (cariyənin) öz ağasını doğması, ayaq-yalın, cılpaq, (bir vaxtlar mal-qara otarması ilə məşğul olan) cobanların hündür binalar tikməkdə bir-biriləri ilə yarışmaları. (Qiyamət günü) qeybdən olan beş şeyin içərisindədir ki, onları Allahdan başqa heç kəs bilməz». Sonra Peyğəmbər: «Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir, heç kəs səhər nə edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır!». (Loğman 34) ayəsini oxudu.
(Əbu Hureyrə) dedi ki: «Sonra o, şəxs çıxıb getdi». Onun ardından Peyğəmbər — sallallahu aleyhi və səlləm – (səhabələrinə): «Onu geri qaytarın!» deyə buyurdu. (Səhabələr) Onu geri qaytarmaq üçün axtarmağa başladılar. Lakin heç kəsi tapa bilmədilər. Bundan sonra Peyğəmbər: «Bu Cəbrail — əleyhissəllam — idi. İnsanlara dinlərini öyrətmək üçün gəlmişdi!» deyə buyurdu. (Başqa rəvayətdə: «Bu Cəbrail — əleyhissəllam — idi. Öyrənməyinizi istədi. Çünki siz soruşmamışdınız!» deyə buyurdu). Başqa rəvayətdə: Ömər – radıyallahu anhu — rəvayət edir ki, bir gün Rasulullah — sallallahu aleyhi və səlləm – in hüzurunda oturmuşduq. Bu vaxt paltarı düm ağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda hec kimsənin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər — sallallahu aleyhi və səlləm – in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini (öz) dizlərinin üstünə qoyaraq: «Ey Məhəmməd! Mənə İslam haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İslam) Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədın Allahın elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, imkan olduqda Kəbəni həcc etməkdir» deyə buyurdu. (Adam): «Doğru söylədin!» deyə cavab verdi. (Ömər) dedi ki, adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi. (Adam): «Mənə İman haqqında xəbər ver!» deyə soruşdu. (Peyğəmbər): «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədərin Xeyir və Şərridə Allahdan olmasına inanmaqdır» deyə buyurdu… (Ömər) dedi ki, sonra o, adam durub getdi. Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər! O, sual verənin kim olduğunu bilirsənmi?» (Ömər): «Allah və Rəsulu daha gözəl bilir!» deyə cavab verdi. (Peyğəmbər): «O, Cəbrail — əleyhissəllam – idi. Sizə dininizi öyrətməyə gəlmişdi!» deyə buyurdu .